1990-cı illərdən Azərbaycan teleməkanında şöhrət tapmış rejissor və aktyorlardan biri də Elçin Cahangirli (Elçin Təvəkkül oğlu Məmiyev) hesab olunur. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb və Lider TV-də yayımlanan “Qum saatı”, “Görüş yeri”, “Torpağın ətri” verilişlərinin layihə rəhbəri və aparıcısı olub. Eyni zamanda, AzTV və MTV ilə əməkdaşlıq edib, bir sıra televiziya və bədii filmlərdə baş rol ifaçısı, rejissor və prodüser kimi çalışıb.
Elçin Cahangirli Modern.az-a geniş müsahibə verib:
- Səhv etmirəmsə, ilk teleserial rejissorusunuz. O dövrdə bu işi görə bilən başqa iddialı yox idi, yoxsa təsadüfən belə alındı?
Mənə qədər 3,7 seriyadan ibarət olan teleseriallar var idi. Amma ilk uzun - 30 seriyalı çəkiliş mənə məxsusdur və özəllik həm də bundadır ki, bunu mən Birləşmiş Ərəb Əmirliklərində də çəkiliş apardıq. Bəzən bu söz bir çoxlarında qıcıq yaradır amma həqiqətdir.
- Paxıllığını büruzə verən həmkar oldu?
Əgər məqsədə doğru gedən yolda kobud da çıxsa, "hər hürən itə daş atacaqsansa", hədəfə çatmağa vaxt olmaz. Həm də anadangəlmə xasiyyətim var. Mənə kim nə deyir desin, kar eləmir.
- Yəqin işinizi də məsləhətsiz, tək görərsiniz. Baxıram ki, aparıcısı olduğunuz televiziya verilişinin həm rejissorusunuz həm də fəhləsi.
Yox, çox adamdan məsləhət ala bilərəm. Hətta gənclərdən də nəsə soruşuram. Əgər məşğul olduğum sahənin mütəxəssisləri ətrafında yer alıbsa, mütləq fikirlərini öyrənməlisən. Amma öz fikrim də burada çox önəmlidir. Düzdür təhlil aparıb səs çoxluğu ilə hərəkət edə bilərəm lakin öz sözüm əsas xətdir. Bilirsiniz, məndə fəhm var. 6-cı hissim mənə uğurlu olacaq layihəmi pıçıldayır. Gecə də yatanda başımın yanında dəftər-qələm olmalıdır. Yaradıcılıq qeydləri yaranıb-itə, yenisi yarana bilir. Amma əvvəlkini saxlamaq üçün vaxtında yazıya olmaq lazımdır.
- Xasiyyətiniz, vərdişləriniz həmkarlarla dil tapmaqda sizə çətinlik yaratmır ki?
Əsəbi vaxtlarım çox olur. Elə bilirəm ki, qarşıdakı məni başa düşmür. Yoldaşlar sonra mənə deyirlər ki, sən yaratdığını tam olaraq hələ beynində yaratmısan. Amma bizə heç nə deməmisən. Özümün də xəbərim yoxdur ki, fikrimdə yaratdığım hər xırdalıq yalnız mənim üçün hazırdır, iş yoldaşlarımın isə xəbəri yoxdur. Bir də ki, tənqiddən nəticə çıxartmaq lazımdır. İnciklik ola bilər amma onun məntiqi davamı budur ki, lazımi düzəlişlər edəsən.
- Dolça bürcü olduğunuzu qeyd elədiniz. Yəqin ulduz falına çox inanırsınız.
Əsas inamın özüdür. İnam olandan sonra ulduz falını öz xeyrinə yoza biləcəksən.
- Bir ara televiziya kalanallarında sizin rejissoru olduğunuz seriallar yayımlanırdı. Son vaxtlar isə deyəsən kölgəyə çəkilmisiniz... Səbəb nədir?
Bu sualı mənə tez-tez verirlər. 1990-cı illərdə rejissoru olduğum, oynadığım "Yanmış körpü", "Susmuş vicdan", "Boyunbağı" seriallar efirə gedəndə bütün millət televizorun qabağına yığışırdı. İndi hanı o auditoriya? Yəni serial çəkmək hazırda müəyyən mənada boşuna vaxt itirmək deməkdir. Onu da deyim ki, serial çəkmək təklifləri alıram. Elə işlədiyim bu studiyada həm rejissor olmağımı həm də serialda rol almağımı təklif edirlər. Amma baxıram ki, parası para deyil. Həm də ki, bilirsiniz, original iş yaratmaq lazımdı. Heç kəsin çəkmədiyini çəkib göstərmək.
- Bəs seriala maraq azalıbsa, maraqlı olan nədir auditoriyaya?
İndi çox adam serial çəkir, çox adam rol oynayır. Mən heç birinə pis deyə bilmərəm, inciyərlər. Çəksinlər, 17 yaşında deyiləm ki, paxıllıq edim. Vaxtı ilə ən gözəl rolları yaratdım. Aktyorluğun hər manevrini etdim, Dubayda insan alveri mövzusunda çəkilişim oldu, dağda, əsgərlər arasında. Yəni mən bunların hamısını görmüşəm. Sadəcə, demək istəyirəm ki, insan vaxtını bilər, nəyə sərf edər. İndi serial elə də baxılan deyil. Bəlkə də yeganə adamam ki, keçmiş zamanıma heyfim gəlmir çünki hədər verməmişəm.
- Hamı sosial şəbəkələrdə hesab açır, bundan faydalanmaq istəyir, bəs siz?
Hələ heç bir sosial şəbəkədə hesabım yoxdur amma bu yaxınlarda yaratmaq fikirim var. Mənə deyirlər ki, sənin bir ömür qədər materialın var. Sosial şəbəkələrə yükləsən, xeyli izləyici yığarsan. Köməkçi vasitələr öz yerində, mənə "Qum saatı" verilişinin özü maraqlıdır. Verilişimdə ağıla, klassikaya, mənəviyyata, şeirə, ədəbiyyatda üstünlük verirəm. Ola bilməz ki, bunların dəyərini verənlər olmasın.
- Peşənizdə sizə əzablı görünən nəsə var?
Əzablı tərəf ola bilər lakin xoş olan hallar, yaradıcılıq zövqü bunu kompensasiya edir. Hətta üstələyir.
- Aktyor kimi dram rollarına daha çox uyğun gəlirsiz, deyəsən. Nədənsə, belə düşünürəm. Yəqin oynadığınız rollara görədir. Bəs komediya?
Xeyr, komediya da dram da mənim gördüyüm işdir. Həyatda necə rəngarənglik varsa, aktyorluq sənətini də rəngarəng etmək lazımdır. Həm, dram həm komediya oynamaq olar. Tragikomediya mənim üçün prioritetdir. "Şans" filmi ən böyük tragikomediya uğurumdur.
- Niyə MTV? Başqa telekanallarla əməkdaşlığınız mümkün olmayıb? Bəs Azərbaycan televiziyasını niyə tərk etdiniz?
Kim deyir ki, Azərbaycan Televiziyası ilə əməkdaşlığım sonlanıb? Yaxın keçmişdə, Qarabağ zəfərindən sonra 2 serialı "Beşatılan" filmim AzTV ilə birgə əməkdaşlıq fonunda yaradıldı. Yaradıcı adam üçün harada şərait var ora meydandır. 2010-cu illərdə Xəzər televiziyası ilə də əməkdaşlığım olub. Qeyd etdim kimi, televiziya kanallarında seriallar çoxalıb. İndi mən özümü kənara çəkmişəm ki, daha fərqli yaradıcılıq yolu tutum. Təkrar olmasın.
- Belə çıxır ki, bizi sevindirəcəksiniz.
Bu yaxınlarda yeni komediya filmim çıxacaq, tam hazırdır. Televiziya efirinə verilməyi qalıb.

- Nə əcəb əvvəl kinoteatrda nümayiş etdirmirsiniz? Qazanc yolu maraqlı deyil?
Gələn dəfə ilk dəfə nümayişi kinoteatrda olacaq film çəkməyi planlaşdırıram. Sonra isə danışığa əsasən televiziyada yayımlayacağıq. Amma sponsorlar var. Yeri gəlmişkən, filmin rejissoru, aktyoru, prodüseri özüməm.
- Hazırda rejissor kimi hansı layihənin üzərində işləyirsiniz?
Hazırda paralel olaraq, təxminən, 2-3 dəqiqəlik qısa metrajlı filmlər çəkilirəm. Məmmədhüseyn Şəhriyarın "Heydər babaya salam" poemasından hissələr səsləndirirəm. Səs Şəhriyarın özünəməxsusdur.
- Yeri gəlmişkən, yaxşı səsiniz var. Özünüz deseydiniz, yenə gözəl olardı.
Özüm də şeir deyirəm. "Qum saatı" verilişində parçalar səsləndirirəm.
- Aktyor kimi düşünməklə rejissor kimi düşünmək arasında sizin üçün əsas fərq nədir?
Bu iki peşənin arasında heç bir ayrılıq yoxdur. İkisi də bir-birini dəstəkləyir, eynidir.
- Rejissor kimi ən çox hansı mövzular sizi cəlb edir?
Psixoloji dram. Amma indiki tamaşaçı bu janra baxa bilmir. 15 il əvvəlki tamaşaçı ilə eyni deyillər. Səbirsiz olublar. Tiktok kimi sosial şəbəkələr öz işini görüb. Baxırsan, çıxıb tiktokda atılıb-düşür. Fikirləşirsən, bu nə edir, görəsən? Məsəl var: "Dostunu göstər, deyim kimsən". Hərənin öz ətrafı var. Öz seçimi var. Televiziya, film, kino sənəti ilə tiktoku müqayisə etmək düzgün deyil. Ona görə də izləyiciləri arasında ziddiyyət yaranır.
- Verilişiniz haqda söz düşdükcə danışırsınız. Özəl bir format hesab edirsiniz?
Mən verilişi idarə etsəm də özümü aparıcı hesab etmirəm. Daha çox rejissor kimi efirə çıxıram. Seyran Səxavət mənə dediyi kimi, yol polisi nizamlayıcı kimi hansı funksiyanı yerinə yetirirsə, mən də onu edirəm. Məsələn, mənim verilişim olur, canlı deyil bilirsiniz. Sonra iki gün montajın üzərində işləyirəm. Amma başqaları verilişləri çəkirlər, həmin gün efirə verirlər, bizdə belə deyil.
- Heç olubmu ki, canlandırdığınız obraz psixoloji olaraq sizə təsir etsin?
Bilirsiz, bu məsələyə ehtiyatla yanaşıram. Diqqət elədim, bir dəfə avtoqəza haqda rol oynadım. Sonra oxşar təhlükələrlə üzləşdim. Ondan sonra imkanlı şəxsi canlandırdım, çox keçmədi, yaxşı pullar qazandım. Sanki, başının üzərində qeyri-adi qüvvə var.

- Gənclərə sənətə gəlməkdə yardım edirsiniz?
Səhnədə gördüyünüz bir çox məşhurlar ilkin rollarını, hələ tanınmayan vaxtlarında mənim filmlərimdə oynayıblar. Bu özü dəstəkdir. 2007-ci ildə çəkdiyim "Oyunçu" serialında Azər Axşam yeni yeni rol alırdı. İndi komedixanadakı Xəyalə də həmçinin. "Yanmış körpələr" də Müşfiq Şahverdiyev oynadı. Arıq oğlan idi, xatırlayıram. İçərişəhərdə çəkiliş oldu. İlkin Misgərliyə "Susmuş Vicdan"da obraz verdim.
- Avtomobilinizi satıb film çəkmisiniz. Bunu eşidib sonradan dəstək verən olubmu?
Bilirsiniz, keçən müsahibələrin birində bunu qəfil dedim. Sonra peşman oldum. Bunu demək düzgün deyil. Söz var, deyir, sağ əlin etdiyini sol əl bilməməlidir. Amma onu da deyim ki, sonra maddi dəstək verənlər olmuşdur.
- Hazırda serial çəkmək üçün sponsor tapmaq çox çətindir?
Əlbəttə, çətindir. Hamıya çətin olduğu kimi mənə də elədir.
- Müasir Azərbaycan kinosunun ən böyük problemi nədir?
Qiymətləndirmək mütəxəssislərin işidir. Amma onu deyim ki, indi cavanlardan soruş, keçmiş filmlərin dəyərindən danışacaq. Bilirsiz niyə? Çünki bir filmin üzərində illərlə iş görülürdü. Yəqin ki, eşitmisiniz, rejissor epizod üçün aylarla uyğun adam axtarırdı. Bunun müqabilində film necə olmalıdır? Keyfiyyətli olmalıdır da. Amma indi 2 günə, 5 günə bir film çəkilir. Guya aktyordur amma heç bilmirsən, harada təhsil alıb.
- 90-cı illərlə müasir dövrün kinosu, televiziyası arasında fərqləri deyərdiniz..
Bilirsiniz, bayaq qeyd etdiyim kimi, rəy vermək, qiymət vermək mənim işim deyil amma bir faktı vurğulayım. Əvvəl on kanal var idisə, indi yüzlərlədir. Əvvəl 100 aktyor var idisə, indi minlərlədir.
- O zaman belə bir formulu qəbul edək: "Kəmiyyət keyfiyyəti aşağı saldı".
Bəli.
- Rejissor və aktyorlardan nəyi bəyənmirsiniz?
Mən kimisə aşkar tənqid etmək istəmirəm. Sonra adamı gəlib elə tənqid edərlər ki, kim nə edirsə, özü üçün edir. Amma vaxtının, zamanının qədrini bilsinlər. Bunu düşünəcəklərsə, əladır yoxsa özləri bilsin.
- Ən yadda qalan televiziya-kino xatirənizi danışardınız...
Maraqlı xatirələrim çoxdur.
O vaxtı üç gecə əziyyət çəkib ssenari yazdıq. Sonra o senari itdi. Kağız yox oldu. Əslində, bildim bunu kim edib. Mənə pis təsir etmişdi.
- Adını açıqlayaq?
Yox, ehtiyac yoxdur. Həmin rejissor artıq həyatda deyil.
- Cəmiyyətimizdə hələ də barışa bilmədiyiniz vərdişlər hansılardır?
Cəmiyyətimizdə düşünmək problem var. Düşünən azdır. Bu sualı kimə versən, deyir, nə, necə, nəyi düşünüm? İnsan özü bilməlidir ki, nəyi düşünsün.

- Qarabağ mövzusuna da yaxınsınız. Azad olunmuş torplaqlarda olmusunuzmu? Bu mövzuda yeni bir serial ya da film çəkmək istəyiniz var?
Torpaqlar azad olunduğundan sonra dəfələrlə Qarabağda olmuşam. Kifayət qədər də film çəkmişəm. Bəlkə mənim qədər çəkən olmayıb. Hələ 2010-cu ildə biz qələbəmizə inanıb "Susmuş vicdan"ı çəkdik. Onun məntiqi davamı da "Beşatılan" filmi idi. Bundan sonra da davam edəcək. Buna heç vaxt nöqtə qoyula bilməz.
- Zəhmət olmasa, bir az da özünüdən, ailənizdən danışardınız. Əslən haralısınız, övladlarınız hansı sahədə çalışırlar?
Masallıdanam. Ancaq oğlum prodüser kimi yanımda çalışır. Balaca qız nəvəmdə də istedad hiss edirəm.
- Uşaqlıq arzularınızla bugünkü reallıq üst-üstə düşürmü?
Uşaqlıqda nə arzulamışamsa, hamısı həyata keçib. Kiçik yaşlarından şeir deyirdim. Düzdür, əvvəl atam prokuror olmağımı istəyib. Amma sonralar seçimimlə barışdı.
- 10 il sonrakı Elçin Cahangirlini harada görürsünüz?
Elə yenə burada. İnsan özünü harada görməlidir? Daim getdiyin yolda olmalısan.