Modern.az

Kürdəmirdə gəlinin özünə od vurmasının səbəbi bəlli oldu - Təfərrüat

Kürdəmirdə gəlinin özünə od vurmasının səbəbi bəlli oldu - Təfərrüat

Təhsil

20 May 2014, 13:45


Məlum olduğu kimi, mayın 10-da Kürdəmir rayonu Qədimli kənd sakini, 37 yaşlı Sevil Bəkirova yaşadığı evin həyətində üstünə neft tökərək özünü yandırıb. Vəziyyəti ağır olan qadın dərhal Bakıya gətirilərək Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Respublika Yanıq Mərkəzinin həyətində qızından xəbər gözləyən ana Almaz Bəkirova və qardaşı Yadigar Bəkirov Modern.az-a hadisənin təfərrüatını danışıb.

“Sevil gəlin gedən gündən ailə münaqişəsi səngimirdi”

Hadisə baş verməmişdən əvvəl böyük qızının evində ad günü məclisinə toplaşdıqlarını deyən ana, qızının özünə od vuması ilə barışmır.
“Ad günündə dedik, güldük, sonra hərə öz evinə getdi. Sevil iki ildir ailə qurub, övladları yoxdur”.

Ananın sözlərinə görə, hadisəyə səbəb bir az da ailədə övladın dünyaya gəlməməsi  olub: “Bir həyətdə, lakin ayrı-ayrı evdə yaşasalar da, qayınanası ilə daim söz-söhbətləri olub. Gəlin gedən gündən davaları düşüb, sonra barışıblar. Qızım bir neçə dəfə küsüb ata evinə qayıdıb. Hadisə baş verən ərəfədə ər evinə bir neçə gün idi qayıtmışdı. Hadisə olan günü evdə qayınana, baldız və qızım olublar. Həyat yoladaşı işdə olub. Yoldaşı fağır, sakit adamdır. Övladları olmamasına səbəb isə kürəkənimin xəstəliyidir”.

S. Bəkirovanın hadisə baş verməmişdən bir ay əvvəl kor bağırsağından əməliyyat olunduğunu deyən yaxınları, bununla belə onun evdə başa düşülməməsindən gileyləndilər.

Eyhamla deyilən söz faciəyə səbəb olub

Hadisə günü Sevil Bəkirova həyat yoldaşının aldığı DVD-də film izləmək istəyib. DVD isə qayınanasıgildə olub. Baldızından DVD-ni qoşmasını xahiş edən gəlin rədd cavabını alanda, DVD-ni onların evindən götürüb “ərim alıb, mən baxacağam” deyərək öz evinə keçib. Ardınca otağa daxil olan 8-ci sinif şagirdi olan baldızla gəlinin davası düşüb. Öz qızına qahmar çıxan qayınana gəlinə təhqiredici sözlər deməyə başlayıb. Gəlinin özünü yandırmasına səbəb olan eyhamlı sözlər isə bunlar olub:
“Sən oğlan dünyaya gətirmisən, DVD-ni hədiyyə olaraq oğlum sənə alıb?”

Bu sözdən sonra özünü yandıracağını deyən Sevil Bəkirova həyətə düşərək nefti öz başından tökərək sinəsindən kibritlə alışdırıb. Qayınanası əvvəlcə onun dediklərinə əhəmiyyət verməyib. Lakin həqiqəti görəndə yanan gəlini su ilə söndürən qayınana onu yuyundurduqdan sonra xəstəxanaya çatdırıb. Onu Bakıya da qayınanası, qayınatası və qaynı gətiriblər. Həmin gün yoldaşı da gəlib. Lakin qız tərəfin də xəstəxanaya gəldiyini düşündüklərindən onlarla qarşılaşmamaq üçün oğlan tərəf xəstəxananı tez tərk edib.

Almaz Bəkirova hazırda qayınana və baldızın yolda olduqlarını, gəlinin yanına gəldiklərini bildirdi.
“Gec gələcəklərini bildiyimizdən onları gözləmədik”. Ana Almaz Bəkirova qudasıgili məhkəməyə vermək istədiyini, lakin imkanı olmadığını, həm də qızının xətrinə hələlik məhkəməyə müraciət etmədiyini bildirdi: “Həkim 18 gün vaxt qoyub. Gözləyirik. İmkanımız çox aşağıdır, 4 uşağı yetimçiliklə böyütmüşəm. Dedim ki, onun evində yandırıb, o da müalicəsinin xərcini çəksin. Məhkəməyə müraciət etsəm, xəstəxana üçün lazım olan pulu kim verəcək? Qızın xətrinə onlarla danışıram, görək axırı nə olur”.

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov isə Modern.az-a xəstənin vəziyyətinin ağır olaraq qaldığını vurğulayıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?