Modern.az

Yay mövsümündə necə qidalanmalı?

Yay mövsümündə necə qidalanmalı?

20 May 2014, 21:36


Yay fəslinin gəlişi, istilərin düşməsi ilə insanlar həyat tərzini dəyişməyə çalışırlar. Yüksək hava temperaturundan daha az əziyyət çəkmək üçün hamı çıxış yolu axtarır.

Bəs yayın gəlişi orqanizm üçün nələr vəd edir, isti hava şəraiti sağlamlığa necə təsir göstərir?
Modern.az-ın məlumatına görə, mütəxəssislər bildirilər ki, yay fəsli əsasən yuxu müddətinin azalması, orqanizmdəki reaksiyaların sürətlənməsi, iştahasızlıq, mayeyə tələbatın çoxalması və digər bu kimi hallarla özünü büruzə verir. Təbii ki, istinin fəsadlarından qorunmaq, daha çox istirahətimizə vaxt ayırdığımız yay fəslini sağlam, gümrah və xoş əhval ilə keçirmək üçün qida rasionunda ciddi dəyişikliklər etmək lazımdır.

İlk növbədə qida rejiminə diqqət etmək vacibdir. Səhər yeməyini 8-ə qədər, günorta yeməyini günün lap qızmar vaxtında deyil, saat 13-ə qədər, axşam yeməyini isə 18-dən gec olmayaraq yemək məsləhət görülür.

Yay mövsümündə qidalanmada kalorili məhsullardan, xüsusilə yağlı ət məhsullarından imtina edilməlidir. Əgər süfrənizi ət məhsullarısız təsəvvür edə bilmirsinizsə heş olmasa yağsız dana əti və toyuq ətinə üstünlük vermək olar.

Məlum olduğu kimi yayda maye qəbul etməyə daha çox ehtiyac yaranır. Ancaq bu heç də o demək deyil ki, həddindən artıq su işmək lazımdır. Bu orqanizmdə maye balansının pozulmasına səbəb ola bilər. Susuzluğu yatırmaq üçün tünd qara çaydan və kofedən çox da istifadə etməyin. Əksinə onların qəbuluna məhdudiyyət qoyun. Şirin qazlı sulardan da imtina etmək lazımdır. Susuzluq zamanı ən yaxşı vasitə yaşıl çay, mineral qazsız sular, təbii meyvə şirələri, nanə bitkisindən dəmlənmiş çaydır. Bəzən elə düşünülür ki, soyuq su yanğını daha tez kəsir. Ancaq bu yanlış fikirdir. Soyuducudan içilən soyuq su aldadıcı təsir bağışlamaqla yanaşı həm də müəyyən iltihabi xəstəliklərin yaranmasına səbəb ola bilər. Diqqət yetirsək görərik ki, dünyanın ən isti ölkələrində sususluğu yatırmaq üçün kiçik fincanlarda az miqdarda, ancaq tez-tez bitki çaylarına daha çox üstünlük verilir.

Yay mövsümündə yağlılığı az olan ağartı məhsulları gündəlik qida rasionuna daxil edilməlidir. Ancaq burda bir məsələni diqqətdə saxlamaq lazımdır ki, isti havada ağartı məhsulları keyfiyyətini tez itirməklə yanaşı onların tərkibində insan orqanizmi üçün zərərli olan mikriorqanizmlər yaranır. Buna görə də ağartı məhsullarından istifadə edərkən onların təzə olmağına və saxlama şəraitinə diqqət yetirin.

Təbii ki, yay fəslində süfrələrin bəzəyi təzə meyvələr olmalıdır. Meyvə xoşagəlimli qida olmaqla yanaşı həm də orqanizmin vitaminlərə olan tələbatını da ödəyir.

Təzə tərəvəzlərin bol olduğu yay mövsümündə onları qida rasionunda yetərincə istifadə etmək olar. Tərəvəzləri çiy halda yeməyə çalışmaq lazımdır. Salatlar düzəldərkən az miqdarda zeytun yağından istifadə etsəniz sağlamlığınız üçün faydalı olar.

Meyvə və tərəvəzlərdən istifadə edərkən tərkibi daha çox su olanlara üstünlük verin:

1. Xiyar: 95% su

2. Kərəviz: 94% su

3 Pomidor: 93% su

4. İspanaq: 92% su

5. Yemiş: 91% su

6. Çiyələk: 90% su

7. Qreypfrut: 88% su

8. Narıngi: 86% su

Qəbul olunan qida sağlamlıq üçün o vaxt faydalı olur ki, qida məhsulunun keyfiyyəti ilə yanaşı insanın istirahəti, xüsusilə yuxu rejimi qaydasında olsun. Bunu nəzərə alaraq yay mövsümündə istirahətinizin düzgün təşkili haqqında düşünməyə dəyər. Və onu da nəzərə almaq lazımdır ki, yay fəslindən sonra sizi gərgin iş günləri gözləyir. Hər birinizə mənalı və sağlam yay istirahəti arzusu ilə

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir