Modern.az

“Məşhur tələbə yoldaşım”: Aqil M.Quliyevin tələbə yoldaşı: “Aqil institutda bir qıza vurulmuşdu, evləndilər, amma...”

“Məşhur tələbə yoldaşım”: Aqil M.Quliyevin tələbə yoldaşı: “Aqil institutda bir qıza vurulmuşdu, evləndilər, amma...”

Reportaj

22 May 2014, 11:10

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.


Modern.az
saytı “Məşhur tələbə yoldaşım” layihəsinə davam edir. Bu dəfəki qonaqlarımız rejissor Emin Mirabdullayev və teleaparıcı, aktyor Azər Axşamdır. Onlar tələbə yoldaşları, rejissor, aktyor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini 1996-cı ildə bitirmiş Aqil M.Quliyev haqqında danışırlar:

Emin Mirabdullayev:

“Aqillə mən institutdan qabaq tanış olmuşduq. O da kinostudiyada böyüyüb. Aqil  kinostudiyada (“Azərbaycanfilm” kinostudiyası) redaktor işləyən əmisinin sayəsində tez-tez ora gəlib-gedirdi.

Mən institutu qurtaran ili Aqil təzə qəbul olmuşdu. 1990-cı illər idi. Onların qrupunu görürdüm. Aqillə həm də teatrda görüşürdük. Mən İncəsənət Universitetinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) teatr rejissorluğu, onlar kinorejissorluq fakültəsində oxuyurdu. Aqil, rəhmətlik Samir Qasımov, Ülvi Mehdi, Kamran Məmmədov bir qrupda oxuyurdular. Kamran bizim çox məşhur operatorumuz Kənan Məmmədovun oğludur. Ailəvi Kanadaya köçüb, orada  çalışır. Ülvi isə aktrisamız Şəfiqə xanımın (Şəfiqə Məmmədova) oğludur. O, hazırda Sank-Peterburqdadır, orada işləyir. Ancaq Ülvi daim Bakının həm siyasi, həm ictimai həyatında Facebook dairəsində fəal iştirak edir. Samir Qasımov (aktyor, rejissor Elxan Qasımovun oğlu) çox gözəl və çox mərd oğlan idi. Baxmayaraq ki, yaş fərqimiz az idi, şəxsən mən ondan çox şey gözləyirdim. Təkcə mən yox, çox adam gözləyirdi. Çox istedadlı, iddialı oğlan idi. Allah rəhmət etsin”.

“Kursun rəhbəri Tofiq İsmayılovu görən gözləri yox idi”

“Onların qrupu dərslərə getmirdilər. Kursun rəhbəri Tofiq İsmayılov idi. Bütün kursun ondan zəhləsi gedirdi, görən gözləri yox idi. Tofiq İsmayılov da bunları xoşlamırdı. Mən görürdüm ki, hər şeyi özləri kitabxanadan, filmlərdən öyrənirlər. Ayaz Salayevlə tez-tez görüşürdülər. Ayaz Bakıya təzə gəlmişdi. İncəsənət Universitetində iş götürmüşdü. Azərbaycan telekanalında “Retro kinozalı” adlı veriliş var idi. Ayaz Salayev həmin verilişin aparıcısı idi. Ayazdan sonra aparıcı Həmidə Ömərova oldu. “Retro kinozalı” verilişində çox unikal filmlər göstərilirdi. Ayaz özü kinomatoqrafın tarixindəki ən dəyərli filmləri axtarıb tapır, nümayiş etdirirdi. “Retro kinozalı” bizim üçün müqəddəs bir şey idi. Hər zaman ona baxırdıq. Aqil Ayazla çox yaxın ünsiyyətdə olurdu. Hətta deyə bilərəm ki, Ayaz Aqilə müəllimlik edirdi. Yəni, müəllim kimi də münasibətləri yox idi, daha çox həmkar idilər. Amma Aqil ondan öyrənirdi”.


“O, ailəyə az vaxt ayırıb”

“Aqil birinci kursda oxuyanda onu Məcnun roluna dəvət etmişdilər və təsdiqlədilər. Məharətlə rolunu ifa etmişdi. Baxmayın ki, indi keçəldi, onda çox qəşəng saçları, iri gözləri var idi. Yaraşıqlı oğlan idi. Aqil həyatda da çox vurğun insan idi. İnstutda oxuyanda bir qıza vurulmuşdu. Elə tələbə ikən evləndilər. İndi Aqilin böyük qızı var. Ancaq onlar ayrılıblar. Ayrılmalarının səbəbini dəqiq demərəm. Çünki bu çox intim məsələdir. Amma onu deyə bilərəm ki, Aqil çox fədakar insandır. Sözün əsl mənasında sənətin əsgəridir. O, həyatını sənətə həsr edib. Mən belə düşünürəm. Yəni, ailəyə az vaxt ayırıb”.

“O vaxtları cəmiyyətdə rejissorlara maraqla baxırdılar”

“Tələbəlik dövründə Aqillə mənə dost demək olmazdı. Amma tanışlığımız, xoş münasibətimiz olub. O vaxtları cəmiyyətdə rejissorlara müəyyən dərəcədə maraqla baxırdılar. Aqil hər zaman istənilən bir məclisdə elə yer seçirdi ki, özü görsənmirdi və müşahidə edirdi. Bu uzun illər davam etdi. Aqil artıq institutu qurtarmışdı və yavaş-yavaş mən onun adını müəyyən yerlərdə eşitməyə başladım. Səsi gəldi.

O vaxtı ABA telekanalı var idi. Məncə, bu Azərbaycan teleməkanında inqilab idi. Çünki çox unikal bir kanal idi və telekanallar indiyə kimi onun nailiyyətləri ilə dolanır. Hələ ABA telekanalı yaranmamış ABA reklam agentliyi var idi. Balaca bir reklam agentliyi idi, reklam fasiləsi vaxtı efirə girirdi. Aqil onda zəng edib məni həmin ABA agentliyinə dəvət etdi. Dedi ki, “Emin, mən bilirəm ki, sən də reklam sahəsində işləyirsən. Gəl, bir yerdə bu agentlikdə işləyək”. Getdim, görüşdük, söhbət etdik və o vaxtdan işə başladıq. Agentlik böyüdü, telekanal oldu. Elə o zamandan biz çox yaxın münasibətdə olduq. Tez-tez görüşür, dərdləşirdik. Onda artıq dostlaşdıq və çox şeyləri bir yerdə gördük.

Bir dəfə Aqilgildə olanda Aqilin anasının bişirdiyi bozbaşı yemişdim. Çox dadlı idi. Sizin yazı vasitəsilə Aqilin anasına da salam göndərirəm”.



“Lazımi məqamda Aqildən üz döndərdilər”

“Şəxsən mənim üçün Aqillə ünsiyyətdə olmaq rahat idi. Mənim aləmimdə o dil tapmaq üçün ümumiyyətlə, çox rahat insan idi. Düzdür, Aqilin də həyatında çox səhvlər olub. Həyatdı, adam nə qədər müdrik olsa belə, səhvsiz ötüşmür. Deyir, mən bilsəydim ki, yıxılacam gedib balışı qoyardım. Təbii ki, heç kim, o cümlədən Aqil heç nədən sığortalanmayıb. Mən bir neçə adam tanıyıram ki, (indi adlarını deməyəcəm) Aqil vaxtıykən onlara yardım əlini uzadıb, əməlli-başlı kömək edib. Amma ona kömək etmək zamanı gələndə həmin adamlar üz döndərdilər. Yadımdadır, Aqil gəlib demişdi ki, “Emin, bəs yadındadır, belə-belə şeylər olub. Mənə lazım olanda hamısı uzaq oldular”. Dedim, “hə, yadımdadır”.

Müəyyən dövrdən sonra arxaya baxanda cavanlığın necə keçməyindən asılı olmayaraq bütün xatirələr şirinliklə yadda qalır. Təbii ki, mən də arxaya baxanda xatirimdə xoş anlar canlanır. Maraqlı əhvalatlarımız çox olub. Aqillə dostluğumuz bu gün də davam edir. İndi qayğılar çox olduğundan istədiyimiz kimi özümüzə vaxt ayıra bilmirik. Bir çoxları kimi Aqil də, mən də həyatda səhvlər buraxmışıq. O səhvlərimiz olmasaydı, təbii ki, daha çox şeyə nail ola bilərdik”.

“Aqil M.Quliyev brend oldu”

“Aqilin soyadındakı M atasının adının baş hərfidir, tələbəlik vaxtında yox idi. Sonradan bir təxəllüs kimi götürüb. Sağ olsun ki, o brendi populyarlaşdırdı. Və Aqil M.Quliyev brend oldu. Mən əminəm ki, hələ vaxt gələcək daha da maraqlı işlər ortaya çıxaracaq. Aqil özündənrazıdır və düz də edir. O, öz qiymətini bilir və bilməlidir. Məncə, bu normal bir şeydir. Anormal odur ki, insan özünü düz qiymətləndirməsin. Aqil öz dəyərini bilir və mən bunu alqışlayıram.

Bir müddət onun Coca-Cola şirkəti ilə münasibəti korlanmışdı. Mənə zəng etdi. Bir il reklamda mənim səsim getdi. Sizə inandırım ki, mən əziyyət çəkdim. Hara gedirdim, camaat, tanıyanlar deyirdi, “o reklamdan?”. Mən başa düşdüm ki, bu insan nə qədər əziyyət çəkib. Mən bir ildir əziyyət çəkirəm, o daim bunu yaşayır”.

“Həbsdə olmaq Aqili sındırmadı”

“İndiyə kimi kanallardan mənə zəng edirlər ki, Emin müəllim, filan verilişə gəlin, getmirəm. Ona görə yox ki, prinsipim var. Sadəcə, bəzi qonaqların yanında olmağı özümə rəva görmürəm. Həm Azərbaycan dilində danışmaqda da hiss edirəm ki, qüsurlarım çoxdur. Bir az da bundan çəkinirəm. Yəni, müəyyən səbəblər var. Amma Aqil nə olur olsun, məsələn axşam içib, səhər başı partlayır, evi birtəhərdir, çağırıblar, gedib. Bəzən axmaq mövzular olur. Deyirəm, “Aqil, getmə” . Deyir, “yox, getməliyəm”. Gedir. Bilmirəm düz edir, ya yox. Onun həm də yaxşı düşünmə, danışıq, müşahidə qabiliyyəti var. Həyatda baş verən epizodu elə gözəl təhlil edib nəticə çıxara bilir ki, onu qloballaşdırır.

Əgər Aqildə istedad olmasaydı, müəyyən dairələr onu ön plana çəkməzdilər, təkliflər almazdı. Amma o da düzdür ki, Aqil öz karizmasına görə daha çox ön plana çəkilib. Ancaq onun istedadı hələ özünü biruzə verəcək.

Aqil həbsdə olanda getdim onunla görüşdüm. Allah heç kimə göstərməsin. Ancaq bu Aqili heç də sındırmadı, əksinə özü üçün nəticə çıxara bildi. Ondan sonra daha güclü olub, yoxsa yox, onu mən deyə bilmərəm. Bunu zaman göstərəcək”. 



“Son 20 ildə hansı film yadda qalıb?”

“Bizim çox klip çəkməyimizin səbəbi günün tələbinin klip olması deyil. O vaxt filmlər çəkilmirdi. Yaradıcılıq su kimi bir şeydi. Suyu nə qədər tutub saxlasan da, barmaqlar arasından çıxacaq. Biz də yaradıcılıq istəyimizi nəyləsə təmin etməli, nəsə çəkməli idik. Onda da klip çəkməyə imkan var idi. İndi artıq filmlər çəkilir. Ancaq təəssüflər olsun, o filmlər arasından yaxşı, maraqlı bir şey ortaya çıxmır. Deyirlər ki, neçə ildir filmlər çəkilir. Nə çəkilir? Son 20 ildə hansı film yadda qalıb? Mən deyə bilərəm ki, 20 il ərzində Vaqif Mustafayevin filmlərini görmüşəm, vəssalam. Qalan filmləri film adlandıra bilmərəm. Ona görə ki, o filmlər nə festivallara gedir, nə kassa yığır. Heç öz tamaşaçısı da baxmır. Ancaq indiyə kimi film çəkməyə istəyimiz çoxdur.

Azərbaycan filmləri bərbad yerdədir. O mənim də, Aqilin də yaralı yeridir.

Əsas problem maddiyyatdır. Aktyorlardan da narazıyam və onlarla işləməyə hazıram. Elə aktyorlar özləri bilirlər ki, Eminin əlinə düşdü, vəssalam, istədiyini alır. İstedadlı aktyorlar çoxdur, sadəcə onlarla düzgün işləmək lazımdır”.

Azər Axşam:

“Aqil M.Quliyevlə xatirələrimiz o qədər də çox deyil. Çünki Aqil M.Quliyev kinorejissorluq, biz isə dram teatrı və kino aktyorluğu fakültəsində oxuyurduq. Təbii ki, salam-əleykümümüz var idi, tanıdığım adam olub. Və mən bir aktyor kimi Aqil M.Quliyevin kurs tamaşasında (ya diplom idi, ya kurs, onu dəqiq bilmirəm) oynamışam. Aqil məni aktyor kimi seçmişdi. O tamaşada oynayanda Aqil M.Quliyev mənə dedi ki, “bax, burada ikikasetli maqnitofon qoymuşam. Azər, sənin gəlişində budu, sonra mən çıxanda musiqini sən verərsən, yaxşı?” Dedim, “hə, yaxşı”. Mən sonra unutdum ki, Aqilə verəcəyim musiqi ikinci kasetdədir, birincisində deyil. İkikasetli maqnitofon da onda istifadə etmədiyim bir şey idi. Əməlli başlı həyacanlı idim ki, ay Allah, necə olacaq, mən düz verəcəm, yoxsa yox. Nəysə, axırı özümdə qalaraq musiqini düz vermədim. Aqil oynamağa çıxanda demə, tamam başqa bir musiqi səsləndirdim. Onun oynayacağı musiqi qıraqda qaldı. İndi Aqil uzaqdan mənə baxır, göz-qaş edir ki, ə, bu deyil, o birisidir, o birisidir. Mən götürdüm, tamam aləmi bir-birinə qatdım. Nə isə, Aqil birtəhər oynadı (gülür). Oradan çıxandan sonra Aqil dedi ki, “sən neynirsən, mən dedim axı sənə, bu musiqi deyil, o biridir. Bu kasetdə, ikinci musiqidir”. Dedim, “ə, nə bilim e, qonşudan gəlməyib, evdə bişməyib. Mən ikikasetli maqnitofon görmüşəm?”(gülür).

Elə bir əhvalat olmuşdu. Amma həmişə Aqillə çox gözəl münasibətimiz olub”.



“Aqildə bir balaca özündən razılıq var idi”

“Aqil bir az ipinin üstünə odun yığılası deyildi. Hərdən olurdu, səni yarı yolda qoya bilərdi. Mənimlə bağlı olmayıb. Amma başqa adamlardan o vəziyyətləri eşidirdim. Yəni, Aqil söz verdi, gəlmədi, ya söz verdi, etmədi. Ancaq şükürlər olsun, mənlə bağlı olmayıb.

Aqildə bir balaca özündən razılıq var idi. Bu da səbəbsiz deyil. Kinorejissorluq fakültəsi bizim vaxtımızda birinci dəfə açılmışdı, təzə fakültə idi və orada çox az tələbə oxuyurdu. O fakültədə rəhmətlik Samir Qasımov, Aqil M.Quliyev, Ülvi Mehdi oxuyurdular. Onların bir az ayaqları yer görmürdü. Amma yaxından münasibət quranda görürdün ki, əslində belə deyillər. Yəni, çox sadə, çox dostluq edə biləcək insanlar idi. Mən həmişə deyirəm ki, yaxşı-pis insan yoxdur. Yaxşı və pis münasibətlər var. Sadəcə münasibətləri düz qurmaq lazımdır, vəssalam.

Açığı, Aqillə elə bir dostluğumuz olmayıb, niyə yalan deyim. Biz onlarla ancaq patok dərslərində görüşə bilərdik. Onda da demək olar ki, dərsdə olmurdular. Yəni, dəsrlərə girmirdilər. Onları universitetdə heç görürdük ki, dostluq da edək? Bizdən bir az kənar gəzirdilər. Kinorejissorlar idi. Biz də balaca fakültə deyildik, dram teatrı və kino aktyoru idik. Amma rejissorluq təzə açılmışdı. İnstitutda demək olar ki, görsənmirdilər, az hallarda universitetin həyətində görüşərdik”.

“Pul gözəl şeydi, amma sənət də lazımdır”

“Patok yoldaşlarımız olsalar da, özlərinin bir çox rejissor işlərində heç bizə müraciət etməyiblər, həmişə kənara qaçıblar. Heç biri müraciət etməyib. Bircə  Emin Mirabdullayevlə işləmişik. Emin bizi “Halal pullar” filminə çəkib. O film üçün məni, Rəfaeli (Rəfael İsgəndərov) dəvət edib, vəssalam. Amma Aqillə onun peşəkar rejissorluq fəaliyyətində işbirliyimiz olmayıb.

Aqil M.Quliyev bəyəndiyim və sevdiyim rejissorlardan biridir. Ümidverici rejissorlardan biridir. Hərçənd ancaq klip çəkməklə məşğuldur, amma yaxşı olar ki, onlara şərait yaradılsın ki, film çəksinlər. Çox istəyərdim ki, onlar film çəksinlər. Heç olmasa qısametrajlı filmlər çəksinlər və biz aktyorlarla çalışsınlar. Yəni, klipdən bir az əl çəksinlər. Kinorejissorluğu oxuyandan sonra klip çəkəsən, bu, çox təsiredici bir məqamdır. Mən məsləhət görərdim ki, onlar daha çox film çəksinlər, nəinki klip. Pul gözəl şeydi, amma sənət də lazımdır”.



Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı