Modern.az

“Demokratik Qüvvələrin Birliyinin alternativ qurum olması tezdir”- RƏYLƏR

“Demokratik Qüvvələrin Birliyinin alternativ qurum olması tezdir”- RƏYLƏR

22 May 2014, 14:47


Ötən ilin yayında Azərbaycanda AMİP-in təşkilatçılığı ilə  Demokratik Qüvvələrin Birliyi (DQB) adlı siyasi qurum  təsis edilib.

Modern.az qurumun tərkibinə daxil olan partiyalardan  DQB-nin fəaliyyət istiqamətləri, onun perpektivləri barədə rəylər alıb.   

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın fikrincə, qurumla fəaliyyətlərini davam etdirmək  çətin deyil. “ Biz bu təşkilatla əməkdaşlığımızı müntəzəm olaraq, davam etdiririk. Bu hələlik məsləhətləşmə qurumudur. Təbii ki, Demokratik Qüvvələrin Birliyinin fəaliyyətini qənaətbəxş hesab edirəm və düşünürəm ki, bu qurumun alternativ olması tezdir. Çünki Demokratik Qüvvələrin Birliyinin seçki və  siyasi bloka çevrilməsini yalnız gələcəkdə demək olar. İndi heç nə deyə bilmərəm”.  

KXCP-nin sədr müavini Xəzər Teyyublu da qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. “Demokratik Qüvvələrin Birliyinin həftəlik toplantılarında KXCP də iştirak edir. Bu qurum müxtəlif layihələr həyata keçirir. Müxalifətin birliyi ilə bağlı bir yerdə tədirlər keçirir. Siyasi aktivlik göstərən təşkilatdır. Hesab edirik ki, bu birliyi olduğundan daha artıq inkişaf etdirmək üçün qurum üzvlərinin sayını artırmaq, siyasi fəaliyyətini genişləndirmək lazımdır. Həmçinin,  qarşıdan bələdiyyə, parlament seçkiləri gəlir. Əlbəttə, istəyərdik ki, bura daxil olan partiyalar bələdiyyə seçkilərində iştirak etsinlər. Çünki KXCP-nin bələdiyyə seçkilərində iştirakı ilə bağlı qərarı var. Demokratik düşərgə bir yerdə olarsa, partiyadan verilən namizədlər  bir-birinə dəstək olar. Bu da işin xeyrinə olan məsələdir. Ölkədə ən azı demokratiyanın mübarizəsində bir yerdə olmaq vacib məsələdir”   

X. Teyyublu  qurumun alternativ ola biləcəyini də istisna etməyib. “Demokratik Qüvvələrin Birliyi səmimi şəkildə bir yerdə həftəlik iclasları keçirir. Azərbaycanda ictimai-siyasi vəziyyətə ciddi münasibətlər sərgiləyirlər. Təbii ki, bu təşkilatın güclü olmasını istərdik. Təşkilatlanma yerlərdə daha güclü olanda ictimaiyyətin dəstəyini qazanandan sonra hakimiyyətə alternativ kimi ortalığa güc qoymuş olar. Təbii ki, konkret olaraq deyə bilmərik ki bu alternativ gücdür. Çünki mütləq təşkilatlanma lazımdır. Ona görə də Demokratik Qüvvələrin Birliyi uğurlu formatdır. Sadəcə, orda daha geniş siyasi düşərgələr birləşməlidirlər. Onların təmərküzləşməsi üçün konkret olaraq fəaliyyət proqramı olmalıdır”,-deyə KXCP rəsmisi bildirib.  

Qeyd edək ki ötən ilin iyul ayında Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətinə xitam verilib. Bundan sonra AMİP-in təşkilatçılığı ilə  DQB yaradılıb.    Bu ittifaqda  Böyük Azərbaycan Partiyası (BAP), İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası (XAP) təmsil edilir.    

 

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır