Modern.az

Vahid Əhmədov: ““Qırmızı xətti” keçmək olmaz” - MÜSAHİBƏ

Vahid Əhmədov: ““Qırmızı xətti” keçmək olmaz” - MÜSAHİBƏ

22 May 2014, 15:18

“Ən doğru siyasəti Azərbaycanın dövlət başçısı aparır”

Azərbaycan hakimiyyətinin daxilində Rusiyanın “beşindi kalonu”nun olması və bu şəxslər vasitəsilə ölkənin Qərbə deyil, Şimala inteqrasiya edəcəyi ilə bağlı fikirlər səsləndirilir.  Son baş verən hadisələr də Rusiya meylliliyin təcəssümü kimi təqdim edilir. Dünən yerli mətbuatda  Ermənistan KQB-nin keçmiş sədri David Şahnazaryanın qalmaqallı müsahibəsi yayıldı. Şahnazryan Rusiyanın işğal altında olan Azərbaycan ərazilərini ermənilərdən alaraq geri qaytaracağı barədə də fikir səsləndirib. Habelə o, Qarabağ münaqişəsi ilə bağlı  mövcud status-kvonun yalnız Azərbaycanın lehinə olduğunu, ölkənin iqtisadi və hərbi potensialının günü-gündən inkişaf etdiyini deyib. Milli Məclisin deputatı Vahid Əhmədov “Bizim yol”a müsahibəsində söylənən fikirləri müzakirə edib.
Modern.az saytı həmin müsahibəni təqdim edir.

- Vahid müəllim, həqiqətənmi “status-kvo” xeyrimizədir və ölkəmiz Ermənistanla müqayisədə hərtərəfli inkişafdadır?

- David Şahnazaryanın Azərbaycanla Ermənistanın iqtisadi inkişafına dair apardığı müqayisə və səsləndirdiyi fikirlər  düzgündür. Axır ki, onlar arasında da bu həqiqətləri deyən tapıldı. İnkişaf səviyyəsinə baxsaq, Azərbaycan son 10 ildə dəfələrlə inkişaf edib. Yalnız 2013-cü ilin göstəricilərinə baxsaq, dünyada ümumi daxili məhsulda artım 3 faiz idisə, Azərbaycanda bu rəqəm 5 faizdir. Ölkədə  inkişaf gedir, Azərbaycanda ictimai-siyasi stabillik qorunub saxlanılır və ermənilər də bundan narahatdırlar. Bundan əlavə ordunun modernləşdirilməsi ilə bağlı da böyük vəsaitlər ayrılır və bu istiqamətdə çox böyük işlər görülür. Bunu da erməni tərəfi görür, bilir, bütün işlərlə əlaqədar müəyyən məlumatlar var. Ermənistanda isə vəziyyət fərqlidir. Dövlət büdcələri təxminən 2 milyard dollardır, bizim bu rəqəmdən iki dəfə artıq vəsaitimiz yalnız hərbi xərclərə ayrılır. Ermənistanda vəziyyət iqtisadi cəhətdən çox ağırdır. Yalnız xaricdən öz himayədarları sayəsində müəyyən ianələrlə büdcələrini doldururlar və s. İkincisi də, bildiyiniz kimi Ermənistanın bütün əmlakı Rusiya tərəfindən alınıb, enerji təminatı baxımdan da bu ölkə Rusiyadan asılıdır. Orada narazılıq da çox böyükdür. Son vaxtlar bunu rəsmi şəkildə olmasa da, müəyyən QHT-ləri tərəfindən ifadə etməyə başlayıblar.

- Şahnazaryan belə bir fikir də səsləndirib ki, Qarabağ münaqişəsinin həllində Rusiya Azərbaycana yardm edəcək və nə qədər gec deyilsə Ermənistan ATƏT-in Minsk Qrupunun  amerikalı həmsədri Ceyms Uorlikin açıqladığı təklifləri qəbul etsin...

- Biz 23 ildir ki, müstəqil dövlətik, bu müddətdə Rusiya bizim işğal altında olan torpaqlardan bir qramını da bizə qaytarmayıb. İndi necə olacaq ki, birdən-birə 7 rayonu da, Qarabağı da bizə qaytarsınlar? Mən bunu anlamıram. Bu çox ciddi məsələdir. Ümumiyyətlə, son zamanlar dövlətə müəyyən təzyiqlər hiss olunur. Gömrük İttifaqı, Avrasiya İttifaqı və sair məsələlər var. Azərbaycan da strateji bir dövlətdir, bölgədə, Qafqazda əhəmiyyətli mövqeyə malikdir. Buna görə də hamı istəyir ki, bu dövlətlə yaxşı əlaqələr qursun və dövlətimizin gəlirlərindən bəhrələnsinlər. Bu səbəbdən maraqlar toqquşa, müəyyən işlər də ola bilər. Hesab edirəm ki, hər deyilənə inanmaq lazım deyil. Elə ən doğru siyasəti Azərbaycanın dövlət başçısı aparır. Hələlik balans siyasəti yeridir və ölkəmizin daxili imkanlarından istifadə edərək ölkənin çiçəklənməsi, ordunun möhkəmlənməsi üçün addımlar atır.

- Vahid müəllim, Rusiya ilə Azərbaycan arasında isti münasibətlərin olduğu iddia edilir. Bu ərəfədə amerikalı diplomatlarla bağlı qalmaqalları yaşanır. Məsələn, Uorlik sosial şəbəkələrdə paylaşdığı fikirlərə və şəkillərə görə, səfir Riçard Morninqstar isə insan hüquq və azadlıqları ilə bağlı bəyanatlara görə kəskin tənqid hədəfindədirlər...

- Ümumiyyətlə, heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Bu beynəlxalq hüququn tələbidir. İndi müəyyən qüvvələr, siyasi elitanı təmsil edən şəxslər fikirlər yürüdə bilərlər, o cümlədən Amerikanın Azərbaycandakı səfiri. O, müəyyən narahatlığını dilə gətirib. Əlbəttə, onun fikirlərində narazı olunmalı məlumatlar da var. Misal üçün, “Maydan hərəkatı”nın Azərbaycana köçürülməsi kimi iddialarla mən, ümumiyyətlə, razılaşa bilmərəm. Azərbaycanda bu hadisələr 90-cı ilin əvvəlində  olub. Məqsəd Azərbaycan müstəqil, suveren dövlət olması idi. Amma indi Azərbaycan stabil, müstəqil dövlətdir, inkişaf edir. Azərbaycanın iqtisadi göstəriciləri yüksək səviyyədədir. Azərbaycan Avropaya qaz ixrac edir, 50 milyard dollara yaxın ehtiyat vəsaiti var və s. İndi söz azadlığı, demokratiya və s. barədə də nəsə deyirlər. Əlbəttə, müəyyən problemlər ola bilər. Hansı dövlətdə bu sahədə problemlər yoxdur ki? Amerika 240 ildən çoxdur müstəqildir, məgər orada problemlər yoxdur? Bizdə də nə vaxt 23 il 200 olsa, bütün problemlər həll olunacaq.

- Deyirsiniz ki, prezident balanslı siyasət aparır. Ukrayna hadisələrindən sonra bu siyasətin davam etdirilməsi nə qədər təhlükəsizdir?  Bəzi analitiklər hesab edirlər ki, Qərbə sürətli inteqrasiya lazımdır...

- Birdəfəlik bilin ki, Azərbaycanın dövlət siyasətini, o cümlədən xarici siyasətini Konstitusiyaya görə dövlət başçısı müəyyən edir. Dövlət başçısı da Qərbə inteqrasiya ilə bağlı birmənalı şəkildə fikirlərini bildirib. Bu siyasətdə də meyar olmalıdır. Azərbaycan üçünsə bir millət vəkili olaraq bəyan edirəm ki, yeganə və əsas meyar müstəqilliyimizdir. Mən hətta bu günlərdə Milli Məclisdə də bəyan etdim ki, bütün məsələləri həll etmək olar, amma Azərbaycanın müstəqilliyi bizim üçün “qırmızı xətdir” və onu keçmək olmaz. Bunu siyasi fikir və siyasi partiyalılığından asılı olmayaraq hamı başa düşməlidir. Ukraynada olan hadisələrə gəldikdə, deyə bilərəm ki, bunların hamısı müvəqqətidir, yeni dünya düzəninin təzədən formalaşması ilə əlaqədar məsələlərdir. Rusiya üçün Krımı ilhaq etməsi bir qədər şirnikləndirici oldu. İndi Donetsk və sair yerlərdə də bu siyasət davam etdirilir. Rusiya ilə bağlı da müəyyən fikirlər səsləndirənlərimiz var. Amma unutmaq lazım deyil ki, Rusiya bizə qonşu dövlətdir və bizim onlarla iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrimiz yüksək səviyyədə olmalıdır. Biz istəməliyik ki, Rusiya güclü, demokratik dövlət olsun. Amma işğalçılıq siyasətini mən heç vaxt qəbul etməmişəm və indi də edə bilmərəm. Kimliyindən asılı olmayaraq hər kəs  Azərbaycanla bərabər hüquqlu səviyyədə danışıqlar aparmalıdır. İstər Rusiya, istər Amerika, istərsə də Avropa olsun, heç kim bizə təzyiq etməməlidir və cənab prezidentin dediyi kimi edə də bilməzlər. Çünki Azərbaycanda keçirilən seçkilər göstərdi ki, prezidentlə xalq arasında elə də bir sədd, problem yoxdur.

Məsələn, iki il bundan əvvəl Azərbaycan qazının Avropaya idxalı ilə bağlı ciddi problemlər yarandı. Avropa istəyirdi ki, biz qazı birbaşa onlara sataq, Rusiya isə deyirdi yox, bütün qazı satın mənə və mən sonra  Avropaya satım. Nəhayət, qəti qərarı cənab prezident verdi və qazın Türkiyə vasitəsilə Avropa nəqli ilə bağlı razılaşma imzalandı. Artıq qaz xətlərinin çəkilişinə də başlanıb. Bu layihədən ilkin proqnozlara görə Azərbaycana 41 milyard dollar daxil olacaq. Azərbaycan Avropanın o hissəsinə qaz verəcək ki, orada Rusiyanın payı yoxdur.

Bəzi həmkarlarım deyirlər ki, Azərbaycan Qarabağ xətrinə Avrasiya İttifaqı və Gömrük İttifaqına da girə, hətta Azərbaycana ordu yerləşməsinə də icazə verə bilər. Bilirsiniz, biz müstəqil dövlətik və müstəqil dövlətin də atributları var. Onları heç bir halda pozmaq olmaz. Biz rus ordusunun Azərbaycandan çıxarılmasının şahidi olmuşuq. O zaman necə hadisələr baş verdi, necə təxribatlar olurdu, bunu da gördük. Daha özümüzə  böyük qardaş, ağa axtarmaq lazım deyil.

- Azərbaycan hakimiyyətinin daxilində  Rusiya meylli adamların olduğu bildirilir...

- Biz 70 il bu dövlətlə bir olmuşuq, gediş-gəlişimiz olub, müəyyən siyasi, iqtisadi, mədəni, şəxsi münasibətlər var. Axı bunlar birdən-birə unudulmur. Bu insanları da başa düşmək lazımdır. Ola bilər müəyyən fikirlər söylənsin, yozulsun. Amma müstəqilliklə bağlı dediyim “qırmızı xətti” keçmək olmaz. Hər hansı bir saziş, ittifaq əgər bizim müstəqilliyimizə xələl gətirəcəksə, mən bunun tamamilə əleyhinəyəm. Mənim üçün ümdə məsələ Azərbaycanın müstəqilliyidir, onu əldə etmişik və qoruyub saxlamalıyıq.

- Yeri gəlmişkən, dünən Rusiyanın Azərbaycandakı səfirliyi keçmiş SSRİ ölkələri sakinlərinə vətəndaşlıq verilməsi qaydalarını açıqladı. Bilirik ki, Rusiya pasport siyasətindən Gürcüstana və Ukraynaya qarşı istifadə edib. Bizim də Şimal və Cənub bölgələrimizdə analoji texnologiyadan istifadə edilə bilərmi?

- Şimal bölgəsindəki 6 rayonla mənim sıx əlaqələrim var və qətiyyətlə deyə bilərəm ki, bizdə elə bir problem yoxdur. Ola bilər ki, Rusiyada bu gün qeyri-leqal yaşayan adamlarımız pasport alıb gedib yaşayacaqlar. Amma Azərbaycan pasportu ola-ola gedib Rusiya pasportunu almaq və qayıdıb burada yaşamaq mümkün olmayacaq, çünki bizdə ikili vətəndaşlıq yoxdur. Ya gərək öz vətəndaşımız olasan, ya da gedib Rusiya vətəndaşı olub orada yaşayasan. Baxmayaraq ki, bu təbliğat aparılır, bizim insanlar heç vaxt belə təxribatlara gedən deyillər. Hətta dövrü mətbuat da bundan istifadə edib həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Amma Şimal bölgəsində bu sahədə heç bir problem yoxdur. Bu məsələnin də səbəbləri var, Avrasiya və Gömrük ittifaqlarına girmək istəməyən Azərbaycanın müstəqilliyinə xələl gətirmək istəyi var.

- Belə başa düşdüm ki, hər halda Rusiyadan müstəqilliyimizə təhdid var...

- Elə ilk gündən Azərbaycanın müstəqilliyə təhdidlər olub və bu gün də var. Bir Rusiya deyil, təhdidlər digər dövlətlərdən də olub və olur. Bu sahədə ən düzgün siyasət dövlət başçısının apardığı siyasətdir və mən də onu dəstəkləyirəm. Digər məsələlər isə zamanında həllini tapacaq.  Ukraynada gedən proseslərin oradakı prezident seçkilərindən sonra necə inkişaf edəcəyini də gözləmək lazımdır. Bu hadisələr fonunda digər dövlətlər üçün də problemlər yarana bilər. Misal üçün, dünən Şanxay görüşündə Çin Rusiya qazını almaqdan imtina elədi.  Düzdür, daxildə də müəyyən qüvvələr var ki, bizi müəyyən tələlərə sürükləməyə meyllidirlər. Amma mən bir daha təkrar edim ki, dövlət başçısı çox düzgün siyasət aparır və müəyyən məsələlərin Azərbaycan üçün çox ciddi problemə çevrilməsinə imkan vermir.

İdrak Abbasov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI