Modern.az

Neft qiymətlərinin aqibəti necə olacaq? - PROQNOZ

Neft qiymətlərinin aqibəti necə olacaq? - PROQNOZ

İqtisadiyyat

Bu gün, 09:04

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən əməliyyat başa çatdıqdan sonra dünya bazarında neft qiymətlərinin azalacağının gözlənildiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses nəticəsində neftin qiyməti hətta ABŞ-nin İrana zərbələrinə başlamazdan əvvəlki səviyyədən də aşağı düşə bilər.

Bundan əlavə, dünya bazarında Azərbaycan neftinin qiymətində də dəyişiklik müşahidə olunub. Ötən gün “Azeri Light” markalı neftin bir bareli 6,56 ABŞ dolları və ya 8,2 faiz bahalaşaraq 86,16 dollar təşkil etmişdi. Lakin bu günə olan statistikaya görə, həmin markalı neftin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 faiz azalaraq 82,29 ABŞ dollarına enib.

Mövcud vəziyyət fonunda neft qiymətlərində baş verən dəyişikliklərin Azərbaycanın iqtisadiyyatına mümkün təsirləri də müzakirə olunur. Xüsusilə qiymət artımının ölkə üçün hansı iqtisadi nəticələr doğura biləcəyi, bununla yanaşı qlobal enerji bazarındakı qeyri-müəyyənliklərin Azərbaycan üçün müəyyən risklər yaradıb-yaratmadığı diqqət çəkən məqamlardandır.

Mövzui ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, son günlər dünya bazarında neftin qiymətinin artması birbaşa İranda baş verən müharibə ilə bağlıdır. Onun sözlərinə görə, hərbi gərginlik qlobal neft bazarına təsir göstərib və bu fonda qiymətlərdə artım müşahidə olunur.

“Hazırda Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan yüksək qiymətə təklif edilir. Bu, son ayların ən yüksək göstəricilərindən biri hesab olunur.

Müharibə ilə yanaşı, boğazlardan neft daşınması ilə bağlı yaranan çətinliklər, o cümlədən bu istiqamətdə tərəddüdlər də bazarda qeyri-müəyyənlik yaradıb və qiymətlərə birbaşa təsir göstərib”.

Deputat həmçinin vurğulayıb ki, müharibə başa çatdıqdan və xüsusilə Hörmüz boğazı istiqamətində yükdaşımalar tam bərpa olunduqdan sonra neftin qiymətinin müəyyən qədər stabilləşməsi gözləniləndir:

“Bununla belə qeyd etmək lazımdır ki, İranla bağlı gərginlik başlamazdan əvvəl də dünya bazarında neftin qiyməti aşağı deyildi. Qiymətlər çox yüksək olmasa da, son iki ay ərzində orta bazar qiymətləri əvvəlcədən proqnozlaşdırılandan daha yüksək olub.

Nümunə olaraq, yanvar ayında Brent markalı neft üzrə orta bazar qiyməti proqnoz göstəricilərindən yüksək qeydə alınıb. Bu da onu göstərir ki, son müharibə qiymət artımına təsir etsə də, bazarda qiymətlər əvvəldən də nisbətən yüksək səviyyədə idi”.

V.Bayramov onu da nəzərə çatdırıb ki, Yaxın Şərqdə proseslərin necə inkişaf edəcəyi və neft daşımalarında hər hansı çətinliyin yaranıb-yaranmaması gələcək qiymətlərə birbaşa təsir göstərəcək.

“Bununla yanaşı, neftin dünya bazar qiymətinə yalnız geosiyasi faktorlar deyil, həm də qlobal tələb səviyyəsi təsir edir. Hazırkı qiymət artımlarının əsas səbəbləri isə siyasi faktorlar, İranla bağlı müharibə və regionda yaranan gərginliklərlə bağlıdır”.

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban isə ABŞ rəhbəri Donald Trampın neftlə bağlı açıqlamasını belə şərh edib:

“ABŞ prezidenti Donald Trampın açıqlamasına əsasən, neftin qiyməti yaxın dövrdə 85 dollar da ola bilər, hətta 90 dollara qədər yüksələ bilər. Bu isə birbaşa müharibənin gedişatından asılıdır.

Əsas sual ondan ibarətdir ki, müharibə nə qədər davam edəcək və enerji obyektləri indiyə qədər olduğundan daha çox hücumlara məruz qalacaqmı. Həmçinin, Hörmüz boğazından neft daşımalarının nə vaxt bərpa olunacağı da vacib faktordur. Bu proses 2-3 günə də bərpa oluna bilər, 10-15 gün də çəkə bilər. Hazırda bunu dəqiq proqnozlaşdırmaq mümkün deyil, çünki müharibənin gedişatı hər an dəyişə bilər”.

İlham Şaban bildirib ki, bunun əsas səbəblərindən biri İran neftinin sanksiyalar altında olmasıdır:

“Əgər İran neftinin satışına müəyyən şəkildə imkan yaradılarsa, bazara əlavə həcmdə neft çıxacaq. Bu isə təklifin artmasına səbəb olacaq. Bazarda qıtlıq olmadığı halda qiymətlərin aşağı düşməsinə gəlincə, bu təbii proses hesab olunur.

Hazırda 80 dollardan yuxarı olan qiymətlər isə əsasən müharibənin yaratdığı risk faktorunun nəticəsidir. Bu risklər qiymətlərdə özünü göstərir. Risklər aradan qalxdıqdan sonra bazar adətən əvvəlki məcrasına qayıdır, hətta qiymətlər daha aşağı səviyyədə də formalaşa bilər”.

O eyni zamanda əlavə edib ki, qiymətlər tələb və təklif balansından da asılıdır:

“Əgər bazarda qıtlıq yaranmazsa, neftin ucuzlaşması qaçılmazdır. Bu prinsip yalnız neft və qaz üçün deyil, bütün məhsullar üçün eynidir - bazarda təklif çox olduqda qiymətlər aşağı düşür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur? - Xəbəriniz Var?