Modern.az

Dünyanı ideyalar dəyişir

Dünyanı ideyalar dəyişir

24 May 2014, 15:18

Heydər Əliyevin iqtisadi inkişaf strategiyasına vergi siyasəti

Fransız filosofu Ogüst Kontun fikridir: “İdeyalar dünyanı idarə edir və dəyişir…”. Təbii ki, hər bir qurum dövlətçilik formalarına öz düzəlişlərini verərək idarəetmənin prioritetlərini və tiplərini dəyişdirmişdir. Dövlətçiliyin xarakterinin, keyfiyyət və mənasının zaman-zaman təkmilləşdirilməsinə baxmayaraq, istənilən dövlətçiliyin əsasını onun milli mənafeyi və idealı təmin edir. Zəkalı insanlarından bəhrələr götürmüş müstəqil Azərbaycanımız da öz xalqının inkişafı üçün möhkəm təmələ çevrilmişdir. Bu da danılmaz faktdır ki, bütün məqamlarda - beynəlxalq normalara uyğun demokratik dövlət quruculuğuna başlanması, müasir dövlət təsisatlarının yaradılması, Konstitusiyanın qəbulu, təhlükəsizliyin təmin olunması və yeni iqtisadi xəttin müəyyənləşməsi əsasən ümummilli lider Heydər Əliyevin əməyi ilə bağlıdır.

Məlumdur ki, hər  bir ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi siyasəti mühüm rol oynayır. Ümummilli liderin “biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” fikri nəinki respublikamızda, eləcə də nüfuzlu Beynəlxalq maliyyə qurumlarında Azərbaycanın fundamental əsaslarından biri kimi qiymətləndirilir. Müstəqil dövlətimizin ilk vergi orqanı kimi Maliyyə Nazirliyinin tərkibində 1990-cı ilin iyul ayında Baş Dövlət Vergi Müfəttişliyi yaransa da, ulu öndərin təşəbbüsü ilə 2000-ci ildə bu ləğv edilmiş, onun bazasında dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında yğıılmasını təmin edən Vergilər Nazirliyi yaranmışdır.  
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” artıq Azərbaycanımız üçün geniş yollar açmışdır ki, bunun üçün ölkəmiz neft sektoruna xarici şirkətlərin marağını artırmaq məqsədilə əlverişli vergi mühiti yaratdı. Istər ulu öndərin rəhbərliyi dövründə, istərsə də sonrakı illərdə neft-qaz layihələrindən dövlət büdcəsinə mədaxil edilən gəlir vergiləri 1997-ci ildə 213,0 milyon manatdan 2011-ci ildə 2591,6 milyon manata çatmışdır.


Hər zaman xalqın vəziyyətini nəzərə alan ulu öndərin tapşırığı ilə vergi yükünün azaldılması məqsədilə bir sıra azadolma və güzəştlər də nəzərdə tutuldu. Müxtəlif kateqoriyadan olan gəlirlər – kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər, dövlət müavinətləri, pensiyalar və təqaüdlər gəlir vergisindən, sahibkarlar isə dəyər vergisi və gömrük rüsumlarından azad oldular. Ümummilli lider Heydər Əliyev tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə, kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamalarım qadağan edilməsi barədə” fərmanı iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq istiqamətində önəmli addım oldu. Dövlət nazarəti sisteminin təkmilləşdiriləməsi, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısanın alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları mübarizənin gücləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyev tərəfindan 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdiriləsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı da iqtisadi inkişafımızda vacib rol oynadı.

1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində təkmil qanunvericilik bazasının hazarlanmasına başlanılması, vergitutmanın sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. işlərdə də Heydər Əliyevin dəyərli tövsiyələri ilə başa çatdırıldı. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi hadisə kimi başlıca addımlardan biridir. Ulu öndərin 11 fevral 2000-ci il tarixi fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması barədə qərarı isə vergi siyasətinin aparıcı rolunu müəyyən etdi.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev davam etdirir. Demək olar ki, eyni çalarlarla, eyni zənginliklə… İlk növbədə ölkədə social-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığın dövlət himayəsinə götürülməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm məqamlar özünü biruzə verməkdədir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi Dövlət Proqramı”, “Azərbaycan Respublikasının məşğulluq strategiyası” “Azərbatcan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasının aqrar-sanaye kompleksinin inkişaf strategiyası” və s. vacib proqram və sənədlərin icrası uğurla həyata keçirilir. Dövlət başçısının vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət proqramı (2005-2007-ci illər) da xüsusi qeyd edilməlidir. Növbəti illərdə də bir sıra vergi islahatlarının həyata keçirilməsi prosesi, eyni zamanda vergi dərəcələrinin aşağı salınması prosesi davam etdirildi. Sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirildi. ƏDV və aksizlər üzrə elektron vergi-hesab fakturalarının tətbiqinə başlanıldı. Ümumiyyətlə, sahibkarlığı inkişaf etdirmək əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq, bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir.

Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi inkişafda aqrar sektorun çəkisi artmaqdadır. Təsadüfi deyil ki, əvvəllər respublikamızın rayonları büdcə xərclərinin cəmi 10-15 faizini yerli gəlirlər hesabına ödədikləri halda, hazırda bu     göstərici 50 fazidən çoxdur. Bəzi rayonlarda isə, məsələn, Abşeron rayonunda bu 85 faizə bərabərdir. Sürətli inkişafa yol açan mühüm məqamlardan biri də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dır.  

Bunun nəticəsidir ki, artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir vergi xidməti formalaşıb.

Respublikamızda bazar iqtisadiyyatının tələblərinə uyğun vergi sisteminin təşəkkül tapmasından 20 il keçməsinə baxmayaraq  onun təkmilləşdirilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Təbii ki, bu cür dəyişikliklər Azərbaycanın inkişafına böyük töhfələr verir. Respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2011-ci ildə “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında" qərar qəbul edildi ki, bu da mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə xidmətlər göstərilməsi üçün əhəmiyyətlidir. Prezidentin 2012-ci il 29 fevral fərmanı ilə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi nəticəsində də iqtisadi sisitemin rəqabət fəaliyyəti daha da artmış, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. 

Demək olar ki, Azərbaycan üçün vergi sistemində geniş imkanlar açılmışdır. 2014-cü ilin büdcəsində vergilərin həcmi təxminən 7 milyard civarındadır. Bu isə müstəqillik əldə etdiyimiz dövrdən sonra böyük məbləğ sayılır. Bir məqamı da xatırladaq ki, ötən dövrdə vergilərin məcburi yığılmasından könüllü ödənliməsində, ödəyicilərin məlumatlandırılmasında, onlara keyfiyyətli xidmətlərin göstərilməsində, vergilərin təbliği və təşdiqi ilə bağlı işlərdə Vergilər Nazirliyi əməkdaşlarının  xüsusi xidmətləri var.

Ölkəmizin müharibə şəraitində, torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq sevindirici haldır ki, respublikamız özünün vergi sistemini sürətlə qurur və ildən-ilə iqtisadi fəallığın artması nəticəsində vergi ödəyicilərinin sayı artır. Bütün bunlara nəzərən qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda sabit vergi sistemi yaradılmışdır və strateji planların həyata keçirilməsi üçün əlverişli şəraitin fundamentini isə ümummilli lider Heydər Əliyev yaratmışdır.

Zəkurə QULİYEVA

Yazı Vergilər NazirliyininVergilərqəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim edilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi