Modern.az

Krımın Rusiyaya birləşdirilməsi Vahid Ələkbərova ziyan gətirib

Krımın Rusiyaya birləşdirilməsi Vahid Ələkbərova ziyan gətirib

25 May 2014, 22:10

 

Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar iri şirkətlərin, o cümlədən “LUKoil”un kreditlərə çıxış imkanlarını məhdudlaşdırıb.  

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, iri biznesmenlər Qərbin maliyyə institutlarından kreditlər cəlb etməyin getdikcə çətinləşdiyi barədə həyəcan siqnalı çalırlar. Bu məsələ Sankt-Peterburq iqtisadi forumu zamanı qaldırılıb, eyni zamanda “LUKoil” prezidenti Vahid Ələkbərovun, “Rosneft” prezidenti İqor Seçinin və digər enerji bosslarının prezident Vladimir Putinlə ayrıca görüşündə müzakirə olunub.   Xəbərdə bildirilir ki, Rusiya şirkətləri Qərbin tətbiq etdiyi sanksiyalardan sonra kreditləri daha yüksək faizlə almalı olurlar. Eyni zamanda yaxın perspektivdə Rusiya şirkətlərinə kreditlərin verilməsinin ümumiyyətlə dayanacağı gözlənilir. Həmçinin investorların Rusiya layihələrinə marağının azalması müşahidə olunur.  

Sankt-Peterburq iqtisadi forumunun iştirakçıları bildiriblər ki, Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyalar iqtisadiyyatda artıq öz ciddi təsirini göstərir və bu mənfi təsirləri görməmək mümkün deyil.   Məsələn, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, onun şirkəti Qərbin maliyyə institutlarından kredit almaqda ciddi problemlə üzləşib. V.Ələkbərov bunun xarici siyasət amilləri ilə bağlı olduğunu deyib.   O bildirib ki, beynəlxalq reytinq agentlikləri Qərbin maliyyə resurslarına çıxış imkanlarının məhdudlaşdığını əsas gətirərək “LUKoil”un reytinqini aşağı salıblar. Bu da avtomatik olaraq investorları “LUKoil”a yatırım qoymaq planlarını dəyişməyə məcbur edib. Baxmayaraq ki, həmin investorlar az əvvəl “LUKoil” şirkəti ilə əməkdaşlığa ciddi-cəhdlə can atırdılar.

“Qazprom-neft” şirkətinin baş direktoru Aleksandr Dyukov da eyni problemlə qarşılaşdıqlarını deyib. A.Dyukov bildirib ki, şirkət xarici kreditləri daha yüksək faizlə almalı olur.  

“VTB-Kapital” şirkətinin Direktorlar Şurasına rəhbərlik edən Yuri Solovyov isə deyib ki, Rusiyaya qarşı sanksiyalar Qərb investorlarının ölkədən qaçmasına səbəb olur. Söhbət həm qısamüddətli, həm uzunmüddətli investisiya planlarının təxirə salınmasından gedir. Y.Solovyovun bildirdiyinə görə, bu tendensiya getdikcə güclənəcək.   Xatırladaq ki, Sankt-Peterburq forumunda çıxışı zamanı prezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların “ölkənin milli təhlükəsizliyi üçün təhdid yaratdığını” bildirib. Putin Rusiyanın Ukraynaya görə dünyadan təcrid olunmaq istəmədiyini deyib.

Belə görünür ki, oliqarxların biznesinin sanksiyalar nəticəsində getdikcə daha çox zərər görməsi Putini Ukrayna ilə bağlı tonu yumşaltmağa məcbur edib.

Ötən həftə Putin qoşunların Ukrayna sərhədlərindən geri çəkilməsinə əmr verib və Kreml özlərini müstəqil elan etmiş Donetsk və Luqansk “respublikalarını” tanımağa risk etməyib. Habelə Rusiya Ukraynada bu gün keçirilən prezident seçkilərinin qalibi ilə işləməyə hazır olduğunu bildirib.  

 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub