Modern.az

Əbdürrəhman Vəzirovun trilogiyası...

Əbdürrəhman Vəzirovun trilogiyası...

26 May 2014, 10:46


Modern.az
saytının məlumatına görə, mayın 26-da 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi) Əbdürrəhman Vəzirovun 84 yaşı tamam olub. O, hazırda Moskvada yaşayır, sağlıq durumu qaydasındadır.

Ə.Vəzirov bir müddət öncə Modern.az-a verdiyi qısa açıqlamada hazırda mətbuatla təmasdan uzaq olmağa çalışdığını və xüsusilə də Azərbaycan KİV-lərinə müsahibə verməyəcəyini vurğulayıb. Vəzirov bunu onunla əsaslandırıb ki, Azərbaycan KİV-ləri daim onun haqqında qərəzli məlumatlar yazır, ona ironiya ilə yanaşır və fikirlərini həmişə təhrif edir. Buna görə də o, Azərbaycan mətbuatı ilə birdəfəlik qurtardığını qeyd edib.

Moskvadakı Azərbaycan diasporunun nümayəndələri bildirirlər ki, 84 yaşlı Ə.Vəzirov ömrünün ahıl çağlarında sakit həyat sürməyə üstünlük verdiyindən, son illər çox nadir hallarda hansısa ictimai tədbirlərə qatılır. Məsələn o, sonuncu dəfə azərbaycanlıların təşkil etdiyi tədbirdə 2012-ci il aprelin 29-da iştirak edib. Bu, Moskvadakı Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkrar nəşrinin təqdimat mərasimi olub.

26 may 1930-cu ildə duğulan Əbdürrəhman Vəzirov vaxtilə Azərbaycan komsomoluna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi, keçmiş Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Sonra SSRİ-nin Hindistanın Kəlküttə şəhərindəki baş konsulu, Nepalda Krallığında (1979-1985) və Pakistanda (1985-1988) səfiri işləyib.
1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək isə o, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.

2007-ci ildə Ə.Vəzirovun adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlama yayılıb. Həmin müraciətdə Vəzirovun Bakıya dönmək və İlham Əliyevə kömək etmək istədiyini bildirilmişdi.
Lakin ertəsi gün Ə.Vəzrov bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qarşı təxribat adlandırmışdı.

Moskvada Ə.Vəzirovun memuarlarından ibarət “Mənim diplomatik xidmətim” adlı kitabı da işıq üzü görüb. Bu kitabda o, Hindistandakı konsul, Nepal və Pakistandakı səfir fəaliyyəti dövründən bəhs edib, həmin müddətdə başına gələn real hadisələri, maraqlı olayları qələmə alıb, dövlət və hökumət nümayəndələrilə ünsiyyətini təsvir edib.  
Rusiya mətbuatına verdiyi sonuncu müsahibələrindən birində Vəzirov memuar yazmağın onun üçün artıq çətin olduğunu deyib. Bununla belə yazmaq istədiyini gizlətməyib. O, “Mənim diplomatik xidmətim” kitabında toplanan memuarları xəstə həyat yoldaşının çarpayısı yanında qarovul çəkdiyi müddətdə qələmə aldığını deyib.

”Siz yazmağa davam edəcəksinizmi” sualına cavabında Vəzirov bildirib:

”Mənim bir ideyam var, həyatım boyu görüşdüyüm, ünsiyyətdə olduğum məşhur insanlar haqqında bir kitab yazmaq. Bunlar Qriqoryeviç, Primakov, Pastuxov, Frenkel, Paxmutov, Vorontsov, Qaqarin və digərləridir... Mən Pakistanın mərhum sabiq baş naziri Bənəzir Bhuttonun toyunda iştirak etmiş yeganə xarici səfir olmuşam. Bunlar haqqında yazılmalıdır”.

Rusiya mediasının yazdığına görə, “Mənim diplomatik xidmətim” kitabı Əbdürrəhman Vəzirovun nəzərdə tutduğu trilogiyanın ikinci hissəsidir. Və o, birinci hissəni hələ yazmayıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub