Modern.az

“Biznes adamları deputat kimi özlərini doğrultmadılar…”

“Biznes adamları deputat kimi özlərini doğrultmadılar…”

23 İyun 2010, 10:42

Modern.az saytının suallarına deputat Elmira Axundova cavab verir

- Elmira xanım, üçüncü çağırış Milli Məclisin 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, qanunvericilik sahəsində intensiv işlər gedib. Maraqlı və insanlarımız üçün əhəmiyyətli qanunlar qəbul etmişik. Mənə elə gəlir ki, biz milli məsələləri rəhbər tutaraq xeyli addım atmışıq. “Məişət zorakılığı haqqında” Qanunu qəbul etdik. İstər gender bərabərliyi, istərsə də sosial siyasət məsələləri ilə bağlı dünya standartları səviyyəsində qanunlar qəbul etmişik. Mən Penitesiar Xidmətdən azad olunan şəxslərin sosial reabilitasiya məsələləri ilə bağlı qanunun müəllifiyəm. Bununla yanaşı, mənə elə gəlir ki, axırıncı 5 ildə ən intensiv və yadda qalan fəaliyyət parlamentin beynəlxalq münasibətlər istiqamətindəki işidir. Biz çox intensiv və səmərəli işləmişik. Məhz Oqtay Əsədovun rəhbərlik etdiyi dövrdən başlayaraq Milli Məclisin nüfuzu beynəlxalq miqyasda daha da gücləndi. Həm də Milli Məclisin strukturları daha yaxşı işlədi. Milli Məclisin yeni inzibati binası tikildi, əvəlki bina isə dünya standartlarına uyğunlaşdırıldı. Bu da çox  böyük hadisədir, indi həm Bakıda şərait var, həm də rayonda bizə işləmək üçün şərait yaradıldı. İndiki deputatlar öz seçicilərinə daha yaxındırlar. Başqalarını deyə bilmərəm, mənim üçün rayonda işləməyə şəarait yardaıldı. Əvvəl heç bir şəraitv yox idi, heç özüm bilmirdim necə işləyəcəm? İndi deputatlara köməkçi də veriblər, rayona gedib-gəlmək üçün də bizə vəsait ayrılır. Bunun hamısı xərcdir. Parlament rəhbərliyi bunları da fikirləşib. Ona görə də mən qanunvericilik sahəsində və beynəlxalq miqyasda parlamentin fəaliyyətini qənaətbəxş hesab edirəm. Düzdür, problemlər var. Biz də bəzən nöqsanlardan danışırıq, narazılığımızı çatdırırıq. Hətta Prezident Administrasiyasından elə qanunlar gəlir ki, biz onlarda çoxlu nöqsanlar tapırıq. Aktiv mövqeyimiz ona gətirib çıxarır ki, bir çox qanunlar təzədən dəyişdirilir, işlənilir və təkmilləşdirilir. Amma həll olunmamış, bizi qane etməyən məsələlər də var. Bu da təbii prosesdir.

-  Parlamentə jurnalistikadan gəlmisiniz. Milli Məclisə gəlməzdən əvvəl buranı necə təsəvvür edirdiniz?

- Deputat seçilməmişdən öncə parlamentin işindən halı idim. Mən parlament müxbiri olmasam da, xarici mətbuatın nümayəndəsi kimi, xüsusilə, 1990-94-cü illərdə parlamentlə çox intensiv əməkdaşlıq edirdim. Bütün deputatları tanıyırdım, bu illərdə bütün sessiyalarda iştirak etmişəm. Sizin kimi yuxarıda əyləşmirdik, bizi zala buraxırdılar, deputatlarla yanaşı oturduq, müsahibə götürürüdük, ünsiyyətdə olurduq. Ona görə də mən parlamenti içindən tanıyırdım. Mənə elə gəlir ki, 1990-94-cü illərdə parlament başqa idi. Parlamentdə işləmək daha çətin idi, çünki çox müxtəlif qüvvələr var idi. İqtidar, müxalifət yarı –yarı bölünmüşdü. Çox qızğın mübahisələr, mübarizələr, təhqirlər... Biz burada nələr görmədik. Amma maraqlı idi. O vaxtkı deputalar üçün işləmək çox çətin idi. Şəraitləri çox pis idi. Demək olar ki, seçiciləri ilə ünsiyyətləri yox idi. Onu da qeyd edim ki, 3-cü çağrış Milli Məclisin deputatları seçicilərlə daha aktiv işləyirlər. Məsələn, 1-ci və 2-ci çağrış dövründə deputatlar seçicilərin problemləri ilə o qədər də maraqlanmırdı. Çünki əsas məsələ siyasi mübarizə idi. 3-cü çağrışın deputataları stabillik dövründə işləyirlər. Bu parlamentdə çoxluğu iqtidar nümayəndələri təşkil edir. Səmimi deyim, ilk vaxtlar mən daha aktiv çıxış edirdim və çalışırdım ki, hansısa qanun dəyişdirilsin, hansısa qanuna səs verməyim və sair. Amma sonra gördüm ki, bir səs çoxluğu var. İstənilən halda səs çoxluğu hər şeyi həll edir. Bu, reallıqdır. Bu yaxşıdır, pisdir, başqa məsələ. Amma bu, bugünki parlamentin reallığıdır. Çünki hakimiyyət iqtidar partiyanın əlindədir və çoxluğu da əldə ediblər. Ona görə də fəaliyyətimin əsas ağırlığını keçirtdim rayona-öz seçicilərimlə işləməyə. Çünki bu da mühim bir sahədir. Orada məndən çox şey asılıdır, ancaq burada hər hansı bir qanunun qəbulu məndən asılı deyil. Mən ancaq təklif verə bilərəm.

- Jurnalist Elmira Axundova deputat Elmira Axundovanın fəaliyyətii necə qiymətləndirir?

- Əgər seçicilər məndən razıdırlarsa, başqa insanlar deyirlərsə ki, camaat səndən razıdır, demək ki, bu dövrdə nəsə edə bildim. Əlbəttə ki, daha çox işlər görə bilərdim. Amma hər şey məndən asılı deyil.

- Edə bilmədiyiniz hansı işlər qaldı?

- Çox işlər qaldı. Mən çox istəyərdim ki, bir qanunu qəbul edək. Təəssüf  ki, bunun labüdlüyünü rəhbərliyə inandıra bilmədim. Bu gənc analarımıza sosial dəstəklə bağlıdır. Mən istəyərdim ki, bizdə də ana kapitalı olsun. Bunu 3 ildi demişəm, ancaq bir nəticə əldə edə bilmədim. Gənc ailələrə dövlət dəstəyi layihəsi üzərində işləyirəm. Mənə söz veriblər ki, payız sessiyasında buna baxa bilərik. Rayonda da çoxlu işlər qalıb. Məsələn, yollar qalıb, 5-10 məktəb hələ təmir olunmayıb. Bizim mədəniyyət obyektlərimiz, uşaq bağçalaramız pis vəziyyətdədir. Çox istərdim ki, gələn 5 illikdə bu probləmləri həll edək. Əgər seçicilər mənə etimad göstərsə, istəsələr ki, yenidən seçkilərə qatılım, onda mən qatılaram, o problemləri də məmuniyyətlə həll etməyə çalışaram.

- Deməli, namizədliyinizi vermək fikriniz var...

- Mən şəxsən o qədər də istəməzdim. Doğurdan çətin işdir. Eyni zamanda da istəyərdim. Bu, özümə görə deyil. Çünki, yaradıcılıq məsələləri, şəxsi işlər var. İstəyərdim seçicilərimə görə, çünki, bir çox layihələrim yarımçıq qalıb. Qorxuram ki, mən getsəm, məndən sonra gələn deputat bu işləri davam etdirməsin. Düşünürəm ki, namizədliyimi indi deputat olduğum 71 saylı  Masallı kənd dairəsindən irəli sürüm. Orada çox işlər qalıb. Mən camaata söz vermişəm.  Etnoqrafiq muzey var, söz vermişəm ki, onu yeni binaya köçürdəcəyəm. Bu kimi bir sıra işlər yarımçıq qalıb. İstərdim ki, bunları qalan 5 ildə qurtarım.

- Adətən deputatlar özlərinə dostlar qazana bilirlər. Bu mənada siz özünüzə parlamenrdə dost qazana bildinizmi?

- Mən hamı ilə dost münasibətindəyəm. Elə bizim Sosial siyasət komitəsinin üzvlərini götürək. Hadı Rəcəblidən tutmuş Əkrəm Abdullayev, Eyvaz Qurbanov, Rauf Əliyevə qədər, çox gözəl insanlardır. Rauf mənə nə qədər kömək edib. Rauf Əliyev AFFA-nın vitse-prezidentidir. Səməd Seyidov da çox gözəl insandır. 2 il mən onunla Strasburqa gedib-gəldim, necə gözəl insandır. Həmçinin Şəmsəddin Hacıyev. Belə adamlar az deyil. Hələ parlamentə gəlməzdən əvvəl bəzilərini  tanıyırdım. Əli Məsimlini jurnalistik fəaliyyətimlə əlaqədar tanıyırdım, Vahid Əhmədovla elə o vaxtdan dostluq edirdim. Vaqif Səmədoğlu parlamentdən qabaq dostum idi. Əkrəm Əylisli ilə bir yerdə işləmişik. Demək istəyirəm ki, burada deputatların 30-40 nəfərini tanıyırdım. Burada mənə qarşı yaxşı rəftar görmüşəm. Mən həmişə jurnalist kimi kişilərlə işləmişəm.Ona görə ki, mənə kişilərlə işləmək daha rahatdır. Qadınlarla o qədər yaxınlıq etmirəm. Amma Lalə xanımla dostluq edirəm. Gövhər Baxşəliyeva, Qənirə Paşayeva ilə çox yaxşı münasibətim var. Heç kimlə düşmən mövqeyim yoxdur. İlk vaxtlar bəzi şeylərdə deputat həmkarlarıma acıqlanırdım. Amma indi görürəm ki, hər kəs canlı insandır, nöqsanları ola bilər. Ancaq çoxlu dost qazandım. Gələn dəfə deputat olmasam, seçkidə iştirak etməsəm, mənə elə gəlir 125 deputatdan 100-ü mənim dostum olaraq qalacaq. Hətta bəzi deputatlardan, hansıların ki, statusu yüksəkdir, onlardan öz seçicilərimin xeyrinə “sui-istifadə” də etmişəm. Neft şirkətinin prezidenti Rövnəq müəllim çox sağ olsun, baxmayaraq ki, çox yüksək post tutur, heç vaxt bizə yuxarıdan aşağı baxmaz. Masallıdan olan bir neçə seçicimi orada işə düzəltdirmişəm.

- Bir jurnalist kimi növbəti parlametin tərkibini necə görmək istəyərdiniz?

- Mən istəyərdim daha çox professionallar olsun. Heç kimin bostanına daş atmaq fikrində deyiləm. Bizdə hərdən monotonluq var. Eyni şeyləri deyirik. Mütəxəssis danışsa,  daha maraqlı olar. Səhiyyə ilə bağlı mütəxəssislərimiz var, Musa Quliyev, onun HİV-lə bağlı hazırladığı sənəd MDB məkanında  model bir qanundur. Bizdə politoloqlar azdır. İstərdim parlamentdə sırf siyasətçilər olsun. Partiya maraqlarından yox, ümumimilli məsələlərdə onların mövqeyi olsun. Sözləri keçərli olsun. Bizim aramızda iri biznes adamları var. Mənə elə gəlir ki, onlar deputat kimi öz fəlaiyyətlərini səmərəli qura bilmədilər. Adətən onlar susurlar. Bir-iki nəfər istisna olmaqla, Çingiz Əsədullayev aktivdi, sağ olsun. Qalan biznes strukturunun nümayəndələri passivdirlər. Bəlkə də səviyyələri olmadı, bəlkə də  siyasət aləmində tanınmadıqlarına görə utandılar danışmağa. Mən daha çox mütəxəssisləri, vətəndaş cəmiyyətinin nümayəndələrini görmək istəyərdim. Baxın, Azay Quliyev necə aktivdir. Belə adamlar çox olsa idi, parlamentdə işləmək daha maraqlı olardı. Bəlkə aktiv adamlarla davranmaq bir az çətindir, ancaq rəngarənglik olardı.

Təhminə PAŞAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir