Modern.az

Ukrayna prezidentinin Azərbaycandakı şirkəti - “AzRoshen” AÇIQLAMA verdi: “Fəaliyyətimiz dayanmayacaq”

Ukrayna prezidentinin Azərbaycandakı şirkəti - “AzRoshen” AÇIQLAMA verdi: “Fəaliyyətimiz dayanmayacaq”

İqtisadiyyat

27 May 2014, 15:17


Ukraynanın yeni seçilmiş prezidenti Pyotr  Poroşenko buna qədər “şokolad kralı” kimi tanınırdı. Prezidentlik kürsüsünə kimi isə həmyerliləri onu deputat və biznesmen kimi tanıyırdılar. Dünyanın bir çox ölkələrində milyonlarca sərvətə malik P.Poroşenkonun Azərbaycanda da şəxsi biznesi var. Onun sahibi olduğu “Roshen” şokolad firmasının Bakıda rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycanda geniş satış şəbəkəsinə malik firma vaxtilə istehsalında istifadə olunan xammalın bir hissəsini Azərbaycandan alırdı. Halbuki, indi bütün diqqət dünyanın hər bir  nöqtəsində satış məntəqələri olan “Roshen” firmasının kimə satılacağı ilə bağlı məsələyə yönəlib. Çünki  dünyaca məşhur “şokolad kralı” prezident seçiləndən sonra bütün biznesini satmağa hazır olduğunu bildirib. Bu barədə o, öz qərargahında jurnalistlərlə söhbətində bəyan edib. Təbii ki, şirkətin satılacağı zaman Azərbaycan nümayəndəliyinin də fəaliyyətində müəyyən dəyişikliklər ediləcək. Hətta şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandıracağı da deyilir.

Modern.az
Ukraynanın yeni prezidentinin Azərbaycandakı biznesini araşdırıb. Qısa araşdırmadan sonra məlum oldu ki, təəccüblü də olsa şəkər xəstəliyindən əziyyət çəkən “şokolad kralı”ı ölkəmizdə ancaq qənnadı məhsuluna yatırım edə bilib. Poroşenkonun Bakıda yalnız “Roshen” firmasının rəsmi nümayəndəliyi var.  “AzRoshen” MMC kimi tanınan Azərbaycan nümayəndəliyi  ilə də əlaqə saxlaya bildik. Şirkətdən bildirdilər ki, Poroşenkonun biznesini satmasının Azərbaycan üçün heç bir təhlükəsi yoxdur.

“Nə dəyişəcəksə Ukraynada, əsas şirkətdə dəyişəcək. Azərbaycandakı şirkət üçün heç bir təhlükə yoxdur. Fəaliyyətini olduğu kimi davam etdirəcək”.

Məhsullarını birbaşa Rusiyadan gətirildiyini deyən MMC nümayəndəsi şirkətin Bakıdakı nümayəndəliyinə kimin rəhbərlik etməsi ilə bağlı heç bir açıqlama vermədi.   

Onu da qeyd edək ki, “Roshen” firmasının Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Əfqanıstan, Yaponiya, Çin, Yeni Zelandiya, Kanada, Amerika Birləşmiş Ştatları və Asiya ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir.   

Ukraynanın yeni prezidentinin varidatı təkcə “Roshen” firması ilə məhdudlaşmır.  O, həm də “Bogdan” avtomobil korporasiyalarının sahibidir. Buna baxmayaraq şirniyyat biznesi oliqarxı dünyada daha çox “Roshen” firmasına görə, “şokolad kralı” kimi tanıdır.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür