Bu gün Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi olacaq.
Modern.az xəbər verir ki, builki Ramazanın ilk Qədr gecəsi martın 8-dən 9-na keçən gecəyə təsadüf edib.
Ramazan ayının növbəti Qədr gecələri 12 və 16 mart tarixlərinə düşür.
Ramazan ayı fevralın 19-da başlayıb.
Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.
Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Allah-Təala “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz onu (“Quran”ı) Qədr gecəsi nazil etdik!”
Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.
Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub.
Qədr gecəsi Allah insanların dualarını qəbul edir.
Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir.
Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar.