Modern.az

“Bəzəkli sözlər, yalançı təriflər APA TV-də keçərli deyil” - 1 yaşlı redaksiyadan REPORTAJ+FOTOLAR

“Bəzəkli sözlər, yalançı təriflər APA TV-də keçərli deyil” - 1 yaşlı redaksiyadan REPORTAJ+FOTOLAR

29 May 2014, 09:48


Əslində, nə  divarlar, nə də kollektiv mənə yad təsir bağışladı. Düz bir il bundan öncə APA TV-yə gələndə qəribə mənzərə ilə qarşılaşmışdım. Hər kəs həyəcan içində idi. Buna baxmayaraq, gələcəyə doğru böyük ideyalarla köklənmişdilər. Təbii ki, həyatda ilklərə imza atmaq asan deyil. Əsas odur ki, şaxtalı qışdan üzüağ çıxmağı bacarasan. Bəli, hər şey təzadların içində fərqli görünür. Yetər ki, başladığımız işin sonuna yetişə bilək. Uzun danışmaq istəmirəm. APA TV-yə növbəti səfərim zamanı da xoş təbəssümlə qarşılaşdım.

Beləliklə, Modern.az saytına 1 yaşlı APA TV-nin redaksiyasından hazırladığımız reportajı təqdim edirəm. APA TV-nin rəhbəri və onun əməkdaşları 1 yaşına çatmış internet televiziyasının  keçdiyi çətin yoldan danışdılar.
Öncə baş direktor Vüqar Hüseynovu dinləyək:


- “APA Holdinq” olaraq bir çox sahələrdə olduğu kimi, internet televiziyası işində də ilk addımları biz atdıq. İnternet televiziyanın fərqli cəhəti odur ki, biz həm informasiya agentlikləri ilə, həm xəbər portalları ilə, həm də televiziyalarla rəqabətdəyik. Rəqabətdə olmaq həm də rəqabəti udmağa can atmaq deməkdir. Təbii ki, televiziya fəaliyyətinə başlayanda hədəfimiz uğura istiqamətlənmək idi. 1 il üçün planımızda çoxlu hədəflər var idi. Çalışdıq ki, 1 il ərzində Azərbaycanın informasiya bazarında öz yerimizi tutaq. Ötən 1 ildə taktiki, strateji hədəflərə çatmışıq. Kifayət qədər auditoriyamız formalaşıb.

Yadımdadır, APA TV-yə ilk səfərim zamanı Vüqar müəllim burada fəaliyyət göstərmirdi. 9 aydır APA TV-yə rəhbərlik edən Vüqar Hüseynov şəxsi müşahidələrinə əsasən deyir ki, təmsil etdiyi internet televiziyası böyük uğurlar qazanıb.

“9 aydan bu yana tamaşaçı axınını daimi olaraq izləyirəm. Fevral ayından üzü bəri bizim stabil auditoriyamız 500 mindən əskik deyil. Baxış sayımız isə 8 milyondan çoxdur. Reytinq baxımından verilişlərimiz arasında ciddi fərq yoxdur”.

29 proqramla yayımlanan APA TV-nin yenilikləri də olacaq. Yay ayında çəkilişlərin böyük əksəriyyəti açıq səma altında baş tutacaq. Bakıdakı studiyada görülən işlər bölgələrdə reallaşacaq.

Vüqar Hüseynov yaxşı kollektiv formalaşdırmaqdan da danışdı. “8 bölgədə müxbir və operator postumuz var. Artıq xarici ölkələrə çıxırıq. Qarsdan, İğdırdan, Doğu Bayaziddən silsilə proqramlarımız oldu. Bunlar Türkiyədə də çox maraqlı qarşılandı. Sənədli filmlərin çəkilişi ilə bağlı təkliflər almışıq. Uğurumuz ondadır ki, yaxşı kollektiv formalaşdırdıq. Saytdan, agentlikdən, portaldan fərqli olaraq, burda əsas məsələ texniki heyətdir. Yaradıcı insanların 80%-i texniki işçilərimizdir. APA TV-yə işinin peşəkarları yığışıblar. Bu kollektivlə işləməyi özümə şərəf bilirəm. Bizdə “mənim iş saatım deyil, mənim iş saatım bitib” prinsipi yoxdur. Əsas nəticə qarşıya qoyulan tapşırığı yerinə yetirməkdir. Bizim üçün ən böyük sınaqlardan biri ötən il keçirilən prezident seçkisi oldu. Prezident seçkisi zamanı Azərbaycanda ilk dəfə olaraq, son dərəcə ağır iş şəraitində işlədik. 14 məntəqədən canlı bağlantılar oldu. O zaman yeni olduğumuza görə auditoriyamız geniş deyildi. Elə geniş  auditoriya toplamağımıza ilk sıçrayış da prezident seçkiləri zamanı gərgin işləməyimiz oldu. Bununla da özümüz özümüzü təsdiqlədik”.

Vüqar müəllimlə söhbətimizi yekunlaşdırıb müxbirlərin fəaliyyəti ilə maraqlanırıq. Kim səbirlidir, kim səbirsizdir və yaxud da kim daha çox təmkinlə davranmağa çalışır. Bax burda incə məqamlara üstünlük verməyə çalışıram. Bir yerə ki jurnalistlər cəmləşib, deməli nə varsa, olduğu kimi təqdim olunacaq. Bəzəkli sözlər, yalançı təriflər burda keçərli deyil.

APA TV-nin bacarıqlı əməkdaşlarından olan İlahə düz bir ildir müxbir kimi çalışır, bu qız tez-tez çəkilişlərdə olduğundan maraqlı hadisələrə tuş gəlməmiş olmaz. Öncə üzümə diqqətlə baxır. Eşidəndə ki, Modern.az-dan gəlmişik, “Modern.az bizim dostumuzdur” deyir. Hə İlahə xanım, məncə bir əhvalat danışmağın tam zamanıdır. De görək başına nə gəlib? Mikrafonunu əlindən alıb yerə çırpmayıblar ki?

”Yox-yox nə danışırsız. Bakıda qida sənayesi sərgisi keçirilirdi. Ora çoxlu kombaynlar gətirilmişdi. Mənə dedilər ki, mütləq ora çıxıb “stəndap” etməlisən. Kənd təsərrüfatı naziri Heydər Əsədovun bizə tərəf gəldiyinə fikir vermədən kombaynın üstünə çıxdım. Kombayn çox hündür idi. İndi kombaynın üstünə çıxa bilsəm də, düşmək çətin idi. Əynimə don geyindiyimdən çıxılmaz vəziyyətdə idim. Bir də gördüm ki, mənim kombaynın üstündə olmağımdan istifadə edən həmkarlarım şəkillərimi çəkirlər. Mən isə həyəcan içində yerə necə düşəcəyimi fikirləşirəm. Nə qədər çalışsam da, aşağı düşə bilmədim. Sürücümüz gəlib mənim aşağı düşməyimə kömək etdi”.

Hə, yaxşı qurtarmısan... Ya yerə yıxılıb zədə alsaydın?

Növbəti müsahibim tamaşaçılara yad sima deyil. Uzun illər yerli televiziyalardan birində xəbər aparıcısı kimi fəaliyyət göstərib. Söhbət keçmiş ANS-çi, indiki “APA-çi” – bu internet TV-də “Sosium” proqramının aparıcısı Elnur Hidayətoğludan gedir. Deyir heç vaxt onlayn televiziyada fəaliyyət göstərmək həvəsində olmayıb.


“O səbəbdən ki, onlayn televiziyaya marağın olmayacağını düşünmürdüm. Çünki bizdə internetə insanların adaptasiyası indi başlayır. Hətta, internet televiziyasının geniş auditoriya toplayacağını gözləmirdim. “Sosium” proqramı gündəlik yayımlanlır. Əvvəlki buraxılışlardan fərqli olaraq, indi qonaqlar bu proqrama daha rahat gəlirlər. Neçə illərdir ki, televiziyanın içindəyəm, TV adamıyam. Amma televiziyaya baxmağa vaxt tapmıram. Sonuncu dəfə yerli televiziyalara nə vaxt baxdığımı xatırlamıram. Çünki ən operativ xəbərləri internetdən izləyirik. İnternet televiziyası üçün APA TV-nin fəaliyyəti böyük uğurdur. Çox şadam ki, mən də burdayam. Rəhbərliyin mənə, mənim də rəhbərliyə münasibətim həqiqətən də yüksəkdir. 1 yaşlı APA TV-ni təbrik edirəm”. 

APA TV-nin xəbər müdiri Gülşən Hacıyeva çox gərgin görünürdü. Hətta, səbirsiz olmağı diqqətimdən yayınmadı. Görəsən, Gülşən xanım işçilərdən tez-tez narazı qalır?


“İş prosesində gərginlik mütləq olur. Amma, konkret olaraq narazı qaldığım işçi yoxdur. 10 ilə yaxındır ki, “APA Holdinq”də çalışıram və xəbər sisteminin çətin olduğunu bilirəm. Televiziyada isə xəbər daha ağır variantdır. Çünki montaj məsələsi var. İmkanlarımızın ən son həddindən istifadə edirik ki, xəbərdə uduzmayaq. Normalda 3-5 saatdan bir xəbər verib, rahat oturmuruq. Biz onu maksimal şəkildə edirik. Saytlarla yarışdığımız üçün bu, məsuliyyətimizi 2-3 qat artırır. Necə deyərlər, buna da alışmışıq”.

APA TV-nin xəbər aparıcısı Nəsimi Nəbizadəni məncə, tanımayan az tapılar. Çox zarafatcıl insandır. İş şəraiti çətin olsa da, gün ərzində 5 dəqiqəlik də olsa, zarafat etməyə vaxt tapır. Nəsimi Nəbizadə onlayn televiziyanın çətinliyindən danışdı.


“Onlayn televiziyada işləmək çətindir. Çətin olduğu qədər maraqlı və məsuliyyətlidir. 17 il AzTV-də ana xəbər aparıcısı olmuşam. Saat 8-də efirə çıxmalı olduğum üçün saat 3-də, 4-də gəlib təqdimatlarımı yazır, çıxıb gedirdim. APA TV-yə gələndə isə xəbərin içinə girdim. Məsuliyyətimlə və tam əminliklə deyə bilərəm ki, xəbər nə olan şeydir. Burda maraqlı odur ki, biz internet televiziyasıyıq. İnternet üzərindən efirə işləyirik və bütün xəbərlər sayta gedir. Əslində, uzun-uzadı danışmaq istəmirəm. APA TV-nin 1 yaşı, mənim də 40 yaşım olur. Bütün danışdıqlarımın canı ondadır ki, qırxında öyrənən gorunda çatlayar. Hiss edirəm ki, hələ bir az da yaşayacam. Ümid edirəm ki, APA TV ilə çox uğurlara nail olacağıq. Çox yaxşı rəhbərliyimiz və çox yaxşı kollektivimiz var. Burda insanlar ancaq işləri ilə məşğuldurlar. Təbii ki, müəyyən zarafatlar da olur. Amma iş vaxtı hamı işlə məşğuldur. Bir şeyi də əlavə etmək istəyirəm. Siz də media işçisisiniz. Günün 8-10 saatını kompüterin arxasında oluruq. Televiziya 20-ci əsrdə qalıb. İndi internet əsridir. Bunlar həyatımıza elə daxil olub ki, istər-istəməz hər şey əlimizin altındadır. Mən gələcəyi hələlik internetdə görürəm”.

APA TV-də gərgin iş rejimi davam etdiyindən həmkarlarımıza mane olmamaq üçün onlarla söhbəti yekunlaşdırıb, bu maraqlı mühiti tərk etmək məcburiyyətindəydim.
Sonda üzümü APA TV-nin əməkdaşlarına tutub demək istəyirəm ki, Vüqar Hüseynov sizdən yaman narazılıq etdi. Bilirsiz niyə? Bilmirsinizsə, mən deyim siz də eşidin.Baş direktor dedi ki, APA TV yaranandan bəri cəmi üç dəfə toy olub. Halbuki, bu TV-də gənc və subay əməkdaşlar kifayət qədərdir...
Biz də Modern.az olaraq həmkarlarımızı təbrik edirik. 1 yaşınız mübarək!



































Namidə BİNGÖL
Rafiq QƏNBƏROV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi