Modern.az

Ana və uşaq ölümü: deputatlar öz bölgələrindəki durumu şərh edir

Ana və uşaq ölümü: deputatlar öz bölgələrindəki durumu şərh edir

Aktual

29 May 2014, 13:48


Son zamanlar doğuş zamanı və ya doğuşdan öncə ana və uşaq ölümlərinin çoxalması məsələsi gündəmdədir. Bu kimi hallara istər Bakıda, istərsə də bölgələrdə rast gəlmək olar.

Bununla bağlı danışan Sabirabaddan seçilmiş deputat Rüstəm Xəlilov Modern.az-a açıqlamasında bildirib ki, təmsil etdiyi rayonda da ana və uşaq ölümləri hallarına rast gəlinir.
“Gündəmdə olan əsas məsələlərdən biri də anaların və uşaqların doğuş zamanı ölməsidir. Son vaxtlar belə hadisələr Sabirabadda da baş verir. Bunu təkcə Sabirabada şamil etmək olmaz. Bu kimi hallar bütün rayonlarda, eləcə də Bakıda baş verir. Bu da müəyyən qədər həkimlərin, həm də müəyyən qədər anaların səhlənkarlığı ucbatından olur”.

Yevlaxdan seçilmiş deputat İlham Məmmədov isə problemlə bağlı bunu deyib: “Bu gün yaranan region mərkəzlərdə həkimlərin peşəkarlığının artması istiqamətində çox işlər görülür. Ancaq anaların səhlənkarlığı, özlərinə laqeydliyi, mütəmadi olaraq müayinələrdən keçməməsi ölümlərinə səbəb ola bilir. İstər mətbuatda, istərsə də həkimlər tərəfindən anaların maarifləndirmə işi olduqca zəif gedir. Ana ölümünün səbəbi tək ondan ibarət deyil ki, doğuş zamanı tələf olur. Hamiləliyin ilk aylarında qan azlığı, müxtəlif irsi xəstəliklər üçün müayinədən keçilsə, gələcəkdsə ölüm halları da az olar. Ucqar rayonlarda texniki cəhətdən nəsə çatışmaya bilər. Həmin yerlərdə ölüm hallarını gizlədirlər. Düşünürəm ki, televiziyada və bir çox yerlərdə maarifləndirmə işi getsə, ana və uşaq ölümlərinin sayı azalar. Elələri var ki, köhnə fikirli olurlar, qadının yoxlanışa getmələrinə gərək duymurlar. Son günlərdə müasir tibbi texnologiyanın inkişafı, həkimlərin peşəkarlığı ciddi müzakirə obyektinə çevrilib. Baş həkimlər üçün ən ekstremal vəziyyət ana-uşaq ölümləri ilə bağlıdır. Bunun üçün ciddi cəhdlə hazırlaşırlar. Hətta göstəriş var ki, Yevlax, Bərdə, Tərtər kimi regional mərkəzlərə və peşəkar həkimlərə müraciət etmək lazımdır. Artıq bunun üçün Bakıya gəlməyə ehtiyac yoxdur. İnsanların öz sağlamlıqlarına laqeyd yanaşması müxtəlif fəsadlar yarada bilər. Bu gün dövlətimiz tərəfindən ana və uşaqların müalicəsi üçün dövlət proqramı var. Büdcədən bunun üçün vəsait ayrılıb. Əvvəlki illərlə müqayisədə 3-5 il əvvəli nəzərə alsaq, ölüm halları azalıb. Ancaq görüləcək ən böyük tədbirlərdən biri maarifləndirmənin davamlı olaraq aparılmasıdır”.

Ulduz İBRAHİMOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi