Modern.az

Vətəndaş cəmiyyətinin inkişafına dəstək: inkişaf, reallıqlar və vəzifələr

Vətəndaş cəmiyyətinin inkişafına dəstək: inkişaf, reallıqlar və vəzifələr

23 İyun 2010, 14:55

Azərbaycan cəmiyyətinin bütün sahələrində köklü dəyişikliklərə ehtiyac var. Bu ehtiyac ölkəmiz üçün sivilizasiyalı inkişafın magistral yolundakı islahatlar strategiyası çərçivəsində zəruridir. Respublikanın daxili və xarici inkişafı ilə bağlı problemlərin qlobal miqyasda  dərk olunması üçün həmin dəyişikliklər konstruktiv müzakirə və mübahisələr aparılmasını tələb edir. Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, hüquqi dövlətin qurulması şüarı deyil, ölkənin hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət, Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, qarşımızda duran qlobal istiqamətlərdir. Belə şəraitdə  şübhəsiz ki, dövlət anlayışı, dövlət quruculuğu məsələləri, dövlət və cəmiyyət problemləri, cəmiyyətin ictimai-siyasi həyatının doğru məcrada inkişafının təminatı olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təməl prinsipləri arasında ilk yeri dövlətçilik tutur. Çünki xalq üçün ən mühüm məsələ onun dövlətidir. Dövlət yoxdursa, hansısa ideologiya, məfkurə və prinsipdən danışmaq yalnız xalqın millətə dönmək yolunda, assimilyasiya olunmayıb dövlət qurmaq üçün göstərdiyi cəhdlər toplusundan bəhs etməkdir. İkinci təməl prinsip isə qanunçuluqdur. Gerçəkdən də, dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq: dövlətin söykəndiyi qanun onun idarə olunmasının əsas xətlərini və prinsiplərini müəyyənləşdirir. Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılaraq inkişaf  etdiriıməsi istiqamətində ən ciddi addım 2007-ci il iyulun 27-də ölkə Prezidentinin sərəncamından sonra qeyri-hökumət təşkilatlarının inkişaf konsepsiyasının qəbul edilməsi və bu sənəddəki müddəaların reallaşdırılmağa başlanması oldu. Beləliklə, ölkə QHT-lərinin Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyələşdirilməsi və bunun sayəsində ölkədə yeni, milli maraqları və dövlət mənafeyini üstün tutan III sektor obrazının formalaşdırılması prosesi başlandı. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihələr, əsasən, Azərbaycanın ümummilli maraqlarına xidmət edir. Ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycanda gedən ictimai-siyasi, demokratik proseslərin dərinləşməsi, bütövlükdə sosial sahədə, o cümlədən səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsi ön sıradadır. Obyektivlik prizmasından yanaşsaq, görərik ki, haqqında söhbət açdığımız qurumların yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında yeni bir mərhələdir. «Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi» Konsepsiyasında aydın deyilir: «Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüslərinin artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir». Əslində, dövlətin milli QHT-lərə sahib çıxması, ölkədə vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, QHT-lərə və KİV-ə dövlət dəstəyini nəzərdə tutan proqramın reallığa çevrilməsi milli QHT sektorunun fəaliyyətində və vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələnin başlandığından xəbər verir. Amma Azərbaycanda hələ də bəziləri III sektoru inkişaf etdirməyə yönəlmiş səyləri "dövlətin qeyri-hökumət təşkilatlarını total nəzarət altına alıb onların maliyyələrini nəzarətdə saxlamaq cəhdləri" kimi dəyərləndirirlər. Əslində, dövlətin əsas məqsədi ölkədəki qeyri-hökumət təşkilatlarının xarici donor qurumları və fondlarından tam asılılığını aradan qaldırmaq, milli donorluq institutunun yaradılması, ən başlıcası isə qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində mövcud beynəlxalq təcrübənin öyrənilərək ən mütərəqqi və gərəkli ünsürlərin yerli şəraitə uyğunlaşdırılaraq tətbiqidir. Əminliklə demək olar ki, bu proqramın həyata keçirilməsi sayəsində ölkənin QHT sektorunun əhatə dairəsi, maddi-texniki bazası bundan sonra daha da genişlənəcək və güclənəcək. Eyni zamanda, QHT-lərin ayrı-ayrı düşərgələrdən, siyasi qurumlardan, xarici donorlardan, bütövlükdə ayrı-ayrı insanlardan asılılığına son qoyulması istiqamətində ciddi dəyişikliklər olacaq.     İl başlayandan bəri o da bəlli oldu ki, yerli qeyri-hökumət təşkilatlarına xarici ölkələrdəki təşkilat, fond və strukturlardan xarici qrantlar almağa məhdudiyyət qoyulmur. Dövlət Dəstəyi Şurasının əsasnaməsində də açıq qeyd olunur ki, dövlət tərəfindən verilən vəsait həmin təşkilatın xarici ölkələrdən və beynəlxaq qurumlardan aldığı vəsaitə hər hansı maneəçilik yaratmır və buna alternativ deyil. Sadəcə olaraq, bu vəsait ona görə önəmli və əhəmiyyətlidir ki, bunu dövlət ayırır. Yəni dövlət vətəndaş cəmiyyətinin, QHT-lərin inkişafına dəstək verir və əməkdaşlıq edir. Bu, həmçinin QHT-lərin xarici donorlardan asılılığı məsələsinə də təsir göstərir və bu asılılığı azaldır. Növbəti illərdə dövlətin QHT-lərə daha böyük həcmdə vəsait ayıracağına inanırıq. Bu, çox vacib amil olmaqla yanaşı, qeyri-hökumət təşkilatları ilə dövlət arasındakı münasibətlərin yeni müstəviyə gətirilməsi kimi də anlaşıla bilər. Yeni situasiyadan isə yalnız Azərbaycan ictimaiyyəti yararlanacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının cəmiyyətdə oynadığı və bundan sonra da oynayacağı rolu  müəyyənləşdirmək üçün bir sıra məqamlara nəzər salmağa ehtiyac duyulur. Bu qurumlardan bəhs edərkən bir neçə prioriteti qeyd etmək lazımdır. İlk növbədə Azərbaycanın Avropaya inteqrasiyada vətəndaş cəmiyyətinin rolunun artırılması üçün Şuranın oynaya biləcəyi və artıq oynamağa başlıdığı roldan bəhs etməliyik. Bu gün cəmiyyətimizin inkişafında fəal iştirak edən QHT sektoru Azərbaycanın Avropaya inteqrasiya prosesində aktiv fəaliyyət göstərir. Cəmiyyətimizin inkişafında gerçəkdən maraqlı olan qurumun bu istiqamətdə apardığı işlər sürətləndirilməli, inkişaf etdirilməlidir. Şübhəsiz ki, həm Dövlət Dəstəyi Şurası, Dövlət Dəstəyi Fondu Azərbaycanın Avropaya inteqrasiya məsələsində QHT-lərə dəstək olmaqda yaxın gələcəkdə daha çox işlər görməyi planlaşdırıb. Avropa dəyərlərinin öyrənilməsi, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılması, eyni zamanda, Avropa təşkilatları ilə qarşılıqlı  əməkdaşlığın həyata keçirilməsi, cəmiyyətimizin demokratikləşməsi istiqamətində iş aparılır. Bura insan haqları, ədalətli mühakimə, demokratik islahatlar və s. fəaliyyətlər daxildir. Yaşanan prosesdə əsas diqqətin yönəldilməsi gərəkən sahə isə donorlarla vətəndaş cəmiyyətinin məhz Avropaya inteqrasiya prosesindəki fəaliyyətidir. Dövlət tərəfindən maliyyələşdirilən layihələrin digər əsas prioritetləri sırasında milli-mənəvi dəyərlər, Dağlıq Qarabağ mövzusu, vətənpərvərliyin təbliği ilə bağlı layihələr xüsusi yer tutur. Yuxarıdakıların yekunu olaraq, fikrimizi qısaca olaraq, belə ifadə bilərik:  Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər normal müstəvidə inkişaf edir. Siyasi plüralizm mühiti genişləndirilərək müasir tələblərə uyğunlaşdırılır. Azərbaycanın tolerant mühiti bir az da genişlənir. Respublikanın daxilində və xaricdə hökumətin mövqeyinin gücləndirilməsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması, digər tərəfdən, ölkədə siyasi sistemin əsasını təşkil edən institutların fəaliyyətində inkişaf müşahidə olunur. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə müsabiqələrində qalib gələ bilməyən QHT-lərin narazılığı məsələsinə gəlincə, bunu təbii saymaq olar. Axə məğlubiyyət çətin həzm olunur.

Şuraya qarşı yönəlmiş bəzi ittihamların formasını bir kənara qoyaraq antitezaya müraciət edək. Görəsən, şikayətçi QHT-lərin tam əksəriyyətinin indiyədək fəaliyyəti nəyi dəyişib, nəyə təkan verib və nəyə rəvac olub?   İllərlə fəaliyyət göstərən, xarici donorlardan aldıqları qrant və maliyyələşdirmənin müqabilində gördükləri işin real həcmi bəyan edilən miqyasdan dəfələrlə az olan bu qurumlar treninq, seminar, buklet tipli kitab çapını və ya bu kimi fəaliyyəti "gərgin iş" sayıblarsa, heyhat...   Problemin digər təməl vəsiləsi cəmiyyətimizin təmənnasız dövlət maliyyəsi almağa hazırlıq səviyyəsinin çox aşağı olmasıdır.   Sivil və inkişaf etmiş ölkələrdə qeyri-hökumət təşkilatı ilk əvvəl dövlətin müvafiq strukturlarından maliyyələşdirilir. Çünki belədə QHT dövlətindən aldığı maliyyə dəstəyi ilə dövləti üçün fəaliyyət göstərir, vətəndaşlarının problemlərinin həllinə çalışır və bu problemləri beynəlxalq təşkilatlar səviyyəsinə çıxararaq ölkəsinin imicini yüksəltməyə səy göstəriri. ABŞ-dan tutmuş Avstraliya, Danimarkadan tutmuş Cənubi Afrika Respublikasına qədər heç bir dövlətin QHT-si cəmiyyətinin iltihablı yaralarını başqa ölkələrin müzakirə və mühakiməsinə buraxmaq istəmir.   Təəssüf ki, Azərbaycanda bəzi qüvvələr təmənnasız dövlət yardımının mövcudluğuna inanmır, III sektoru inkişaf etdirməyə yönəlmiş səyləri "dövlətiin qeyri-hökumət təşkilatlarını total nəzarət altına alıb onların maliyyələrini nəzarətdə saxlamaq cəhdləri" kimi dəyərləndirir. Bu dəyərləndirmənin kökündə isə cəmiyyətdə mövcud olan ictimai və inzibati neqativin yanlış olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinə şamil edilməsidir. Həmin prosesin kortəbii reallaşdığını düşünsəydik, bunu demokratiyanın formalaşması prosesi nəticəsində müşahidə olunan obyektiv nöqsanlardan biri saymaq olardı. Ancaq həmin tənqid və təzyiqlər məqsədli və planlıdır. Daha sadə desək, dava pul davasıdır və yenə də bir qədər öncə bəhs etdiyimiz kimi, "niyə onlara olar, mənə yox" tipli düşüncənin yaratdığı virtual obrazlar sırasıdır. III sektorun təmənnasız, planlaşdırılmış mənfəət güdülmədən dövlət büdcəsindən ayırmalar vasitəsilə maliyyələşdirilməsinə psixoloji münasibətin formaları da belə təsəvvürlərin məhsulu olan "tənqid"ləri formalaşdırır. Fikir verin, Şuranı tənqid edən təşkilatların iddia və ittihamlarının məcmusunu səciyyələndirəndə onların dövlət maliyyələşdirilməsinin səbəblərini anlamadıqları məlum olur. Yəni "necə ola bilər ki, QHT var, layihəsi hazırlanıb, amma Şura ona pul ayırmaq istəmir?", "layihə yazılıbsa, maliyyələşməlidir" və s. Bu cür yanaşmalardan belə çıxır ki, hər yazılan kitab mütləq çap olunmalı, hər layihəyə bina tikilməli, hər çıxışa rəy yazılmalıdır...

Halbuki şikayətçi QHT-lər birdəfəlik anlamalıdır ki, Şuranın rəyindən və qərarlarından asılı olmayaraq hər layihə maliyyələşdirilə bilməz. Yenə də xarici təcrübəyə müraciət edək: ABŞ-da Ford fonduna təqdim edilən layihələrdən orta hesabla yalnız 13%-i maliyyələşdirilir. Amma Birləşmiş Ştatlarda həmin fondu tərəfkeşlikdə, yanlış qərarlarda, "pul verməmək"də suçlamaq kimsənin ağlına da gəlməz. ABŞ-dan fərqli olaraq, Azərbaycandakı "dözülməz" vəziyyət həm də ölkədə qeyri-hökumət təşkilatlarının sayının durmadan, özü də sürətli artımı ilə bağlıdır. Artım fəna iş deyil, amma hər artım inkişafa çevrilmir. Ölkədə QHT-lərin sürətli artımında keyfiyyət birmənalı şəkildə kəmiyyətə uduzur. Bəzi qeyri-hökumət təşkilatlarının başlıca problemi və məqsədi nəyin bahasına olursa-olsun maliyyə yardımı almaqdır. Təqdim edilən layihənin cəmiyyətdə mövcud olan problemin həllinə yönəlməsi, bu və digər sahədəki müşkülün aradan qaldırılmasına verə biləcəyi effekt isə arxa plandadır. Azərbaycanda QHT-lərin hər hansı yöndə mütəşəkkil fəaliyyətlərindən danışmağa dəyməz: çünki belə fəaliyyət indiyədək olmayıb. Və indi, QHT-lərə Dövlət Dəstəyi Şurası həmin problemin həlli istiqamətində ilk addımlarını atmağa başlayanda narazılıqların yaranmasını az qala təbii hal kimi qəbul etməliyik, çünki ayrı-ayrı QHT-lər üçün bu günədək mövcud olmuş şərait əlverişli idi. Ayrılan maliyyələrə nəzarətin zəif, bəyan edilən məram və söylənən məqsədlərin mücərrəd, maliyyələşmənin isə bütünlüklə xarici donor təşkilatlarından asılı olduğu vəziyyətdə Azərbaycanın müvafiq dövlət strukturlarının hadisələrin yanlış məcrasına məcburi müdaxilə cəhdləri hər dəfə "dövlət təzyiqi", hətta "demokratiyanın boğulması" kimi təqdim olunurdu. Nəzarətsiz maliyyə axınlarından merkantil məqsədləri üçün yararlanan bəziləriüçünsə qeyri-hökumət təşkilatları ictimai-sosial problemlərin həllində dövlətə dəstək nəsnəsi yox, şəxsi rifah səviyyəsinin yüksəldilməsi vasitəsi rolunu oynayıb. Problemin digər tərəfi isə ölkədəki QHT-lərin Dövlət Dəstəyi Şurasının yaradılmasına qədər büsbütün xarici donor təşkilatlarından asılı olmaları idi. Zahirən burada pis heç nə yoxdu və əksinə, QHT-lərin ölkəyə müəyyən maliyyə vəsaitləri cəlb edərək buradakı problemlərin həllində rol oynadıqlarını da söyləmək olardı. Amma beynəlxalq münasibətlərin və xüsusilə də transmilli ictimai fondların fəaliyyət təcrübəsi göstərir ki, onlar yalnız mənsub olduqları dövlətlərin maraqlarının dünyanın müxtəlif məkanlarında tam təmin edilməsinə, həmin dövlətin mənafelərinə cavab verən proqramların reallaşmasına çalışırlar. Belə maraq və mənafelərin həmişə Azərbaycanın xeyrinə olduğuna təminat verə biləcək şəxs varmı? Onu da qeyd etmək yerinə düşər ki, xarici donor təşkilatlarının yerli QHT-lərin təqdim etdikləri layihələrə münasibətləri real iş görən ictimai təşkilatları ciddi problemlərlə üzləşdirirdi. Hətta maliyyəsizlik ucbatından cəmiyyət üçün çox gərəkli, real inkişafa səbəb ola biləcək layihələr hazırlamış QHT-lər ağır böhranla üzləşərək fəaliyyətlərini zəiflətmək, bəzi hallarda isə dondurmaq məcburiyyətində qalırdılar. Üstəlik QHT-lərin özlərinin arasında sırf merkantil maraqlar və fəaliyyət dairəsi uğrunda mübahisələr, qarşıdurmalar da bu sektorda yaşanan ziddiyyətli vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm irəliləyişlər var, ölkədə sabit ictimai-siyasi vəziyyət yaranıb və dinamik inkişaf müşahidə olunmaqadır. Ümid edirik ki, dinamik inkişaf prosesi sürətlənəcək və yaxın gələcəkdə ölkədə güclü vətəndaş cəmiyyəti də formalaşacaq. 

Mürtəza Bünyadlı Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının elan etdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda müsabiqəyə təqdim edilir

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər