Modern.az

“ASAN xidmət”in dələduz “əməkdaşları” ələ keçib

“ASAN xidmət”in dələduz “əməkdaşları” ələ keçib

29 May 2014, 17:08

Xəbər verildiyi kimi özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı yeni məlumat yayıb.

İstintaq zamanı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin mütəxəssisi Hüseyn Abdullayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək özünü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib Saatlı rayon sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların, texniki pasportların və digər sənədlərin veriləcəyini bildirib müxtəlif məbləğlərdə pul almaqla “ASAN xidmət” mərkəzinin fəaliyyətini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işi üzrə aparılmış istintaqla sözügedən MMC-nin Bərdə rayonu üzrə mütəxəssisi Vüsal Baxşəliyevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək özünü “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib Bərdə rayon sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların, texniki pasportların verilməsi adı ilə aldatma yolu ilə artıq aldığı pulu mədaxil qəbzlərini saxtalaşdırmaqla ələ keçirməsində, bununla da “ASAN xidmət” mərkəzinin fəaliyyətini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər iki cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq olaraq Saatlı və Bərdə rayon məhkəmələrinə göndərilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş “Kamal-SF” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqədar ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi