Modern.az

Nazirlik intihara cəhd edən əlildən şikayət edəcək

Nazirlik intihara cəhd edən əlildən şikayət edəcək

30 May 2014, 16:39

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında özünə məqsədli şəkildə xəsarət yetirən III qrup əlillə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”. Bunu Modern.az-a nazirliyin ictmaiyyətlə əlaqələr şöbəsinin  müdiri Elman Babayev bildirib. 

Onun sözlərinə görə, nazirlikdə vətəndaşların ümumi qəbul otağında özünə məqsədli şəkildə xəsarət yetirən III qrup əlil Rəşid Nəbiyevin buna səbəb kimi onun əlillik təyinatının düzgün aparılmaması barədə ayrı-ayrı KİV-lərdə yayımlanan fikirlərinin heç bir əsası yoxdur: “Eyni zamanda, bu hadisənin həmin gün Salyan şəhərində vətəndaşları qəbul edən nazir Səlim Müslümovun qəbulunda baş verməsi barədə məlumatlar tam uydurmadır”.

E.Babayev bildirib ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Rəşid Nəbiyev 2001-ci il aprelin 10-da 4 saylı zona Tibbi-sosial ekspert komissiyasına (TSEK) müraciət edib və komissiya tərəfindən ona Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz III qrup əlillik müəyyən olunub. R. Nəbiyev 2014-cü il mayın 7-də əlillik dərəcəsinin gücləndirilməsi üçün 6 saylı TSEK-ə müraciət edib. Lakin bunun üçün heç bir əsas olmadığından ona verilmiş III qrup əlillik dərəcəsi saxlanılıb. Verilən qərardan narazı qalan R.Nəbiyevin ərizəsinə əsasən mayın 22-də Ali Nəzarət Komissiyasında tibbi-ekspert sənədləri diqqətlə araşdırılaraq əyani müayinə aparılıb və R.Nəbiyevə III qrup əlillik təyin olunması barədə 6 saylı TSEK-in qərarı qüvvədə saxlanılıb: “Rəşid Nəbiyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında özünə məqsədli şəkildə qəsd etməsi faktı qanunazidd hərəkət olmaqla, dövlət orqanına bu və ya digər formada təzyiq göstərmək üçün intihara cəhd etmə kimi son vaxtlarda özünü göstərən nalayiq meylin davam etdirilməsinin ifadəsidir. Nazirlik bəyan edir ki, belə cəhdlərlə dövlət orqanını qeyri-qanuni qərarlar çıxarmağa təhrik etmək mümkün deyildir. R.Nəbiyevin ƏƏSMN-nin qəbul otağında törətdiyi hərəkətinə hüquqi qiymət verilməsi üçün nazirlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət göndəriləcək”.

 

Gülşən RAUFQIZI  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir