Modern.az

Sağlamlıq üçün ən faydalı içkilər - MARAQLI

Sağlamlıq üçün ən faydalı içkilər - MARAQLI

30 May 2014, 21:21


Hansı içkilər sağlamlıq üçün faydalıdır? Bu sual maye qəbuluna tələbatın artdığı yay fəslində insanları daha çox düşündürür. Hazırda marketlərdə əhali üçün çoxsaylı çeşidlərdə içkilər təklif olunur. Bununla yanaşı ev şəraitində də müxtəlif içkilər hazırlanır. Belə böyük seçim qarşısında hansı içkilərə daha çox üstünlük verilməlidir?

Təbii ki, bu sırada birinci yeri orqanizm üçün faydalı və zəruri olan adi təmiz su tutur. Su bütün orqanların və orqanizmdəki bütün sistemlərin fəaliyyətini təmin edir, maddələr mübadiləsini tənzimləyir və zərərli maddələrin orqanizmdən xaric olunmasında əsas rol oynayır. Söhbət təmiz, qaynadılmamış sudan gedir.

Faydalı içkilərin sırasında gündəlik istifadə olunan çaylar mühüm yer tutur. Ancaq burda da seçimi düzgün etmək lazımdır. Çoxçeşidli çayların siyahısında yaşıl çay birinci yerdə durur. Yaşıl çayın orqanizm üçün faydaları hamıya məlumdur. Uzunömürlülərin içkisi olan yaşıl çay ilin bütün fəsillərində insan üçün müsbət enerji, xoş əhval, gümrahlıq deməkdir.

Çayların arasında nanə çayını da faydalı içki kimi qəbul etmək olar. Nanə çayı həzm sisteminin fəaliyyətini normallaşdırır, ürək damar sistemi üçün olduqca faydalıdır və ən başlıcası isə sakitləşdirici xassəyə malikdir.

Faydalı içkilərdən danışarkən təzə çəkilmiş meyvə şirələrini xüsusilə vurğulamaq lazımdır. Təbii meyvə şirələri orqanizmin vitaminlərə tələbatını ödəməklə yanaşı ayrı-ayrı orqanların fəaliyyətini normallaşdırır, bədənin ümumi tonusunu stimullaşdırır. Metvə şirələrinin arasında ən faydalısı alma, nar, narıngi, qreypfrut, ananas şirələri sayılır. Düzdür, bütün meyvə şirələri xeyirlidir, amma sadaladığımız meyvələrin tərkibi daha zəngindir.

Kök şirəsinin insan orqanizmi üçün faydaları saysız hesabsızdır. Kök şirəsi immuniteti gücləndirir, qanı təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu xassəyə malikdir, görmə qabiliyyətinə müsbət təsir göstərir, dərinin sağlam və gümrah görünməsində mühüm rol oynayır.

Pomidor şirəsi də faydalı içkilər sırasındadır. Orqanizmi A və C vitamininləri ilə təmin etmək üçün bu şirə ən yaxşı içki sayıla bilər. Bununla yanaşı pomidor şirəsi xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Ancaq bir şərtlə ki, duz qatılmadan.

Süd sağlamlıq üçün faydalı olmaqla yanaşı artıq çəkidən xilas olmaq istəyənlər üçün də ən yaxşı içkilərdən biridir. Çünki insan süd içərkən onda toxluq yaranır və yeməyə ehtiyac duyulmur. Süd orqanizm üçün vacib olan karbohidratlar, protein, kalsium və D vitamini ilə zəngindir. Ancaq nəzərə almaq lazımdır ki, az yağlılığı olan süddən istifadə edilməlidir.

Yay mövsümündə daha çox istifadə olunan ayran susuzluğu yatıran ən yaxşı içki olmaqla yanaşı, o həm də tənəffüs yolları, ağciyərlər üçün olduqca xeyirlidir. Ayran həmçinin mədə və bağırsaq, əsəb sistemi üçün də faydalıdır.

Zövqünüzə görə qarşıdan gələn yay günlərində yuxarıda adlarını çəkdiyimiz içkilərə daha çox üstünlük verin. Xərclədiyininz vəsaiti faydalı içkilərə sərf edin. Ən başlıcası isə geninə-boluna reklam olunan qazlı şirin içkilərdən imtina etməyi bacarın.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi