Modern.az

Dostluqdan hərbi müttəfiqliyə doğru - Azərbaycan-Türkiyə-Gürcüstan

Dostluqdan hərbi müttəfiqliyə doğru - Azərbaycan-Türkiyə-Gürcüstan

30 May 2014, 23:19


Cənubi Qafqaz regionunda son zamanlar nəzərə çarpacaq dəyişikliklərdən biri Azərbaycan, Gürcüstan və Türkiyənin ittifaqıdır. İstər iqtisadi, istərsə də siyasi baxımdan bu 3 ölkə arasında son 10 ildə münasibətlər sürətlə inkişaf edib. Ənənəvi olaraq qardaş və strateji tərəfdaşı olan Azərbaycan-Türkiyə son illərdə Gürcüstanın simasında özünə etibarlı tərəfdaş tapıb. Önəmli nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən Gürcüstan Azərbaycanın enerji resurlarının Türkiyə Avropa ölkələrinə daşınmasında başlıca tranzit ölkə rolunu oynayır. Bakı-Tbilisi-Qars Dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri bunun göstəricisidir.

 Rəsmi Tbilisi “Bakı-Ceyhan” neft kəmərinin ərazisindən keçməsinə görə ildə 50 milyon dollar tranzit haqqı alır. Bundan başqa Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın bir hissəsini Gücrüstan güzəştli qiymətlərlə, hər min kubmetrinə görə 135 dollar ödəməklə əldə edə bilir. 2008-ci ilin yanvarında Gürcüstan ərazisinin bir çox hissəsini işıqsız və qazsız qoyan texniki qəza baş vermişdi. Sərt iqlim şəraiti ilə seçilən qonşu dövlət yalnız Azərbaycanın qarşılıqısz əsasda göstərdiyi yardım nəticəsində qaz və elektrik enerjisi ilə təmin oluna bilmişdi. İllər sonra prezident Mixail Saakaşvili bu hadisəni xatırlayaraq gürcü xalqının bu qardaşlıq yardımını heç zaman unutmayacağını bildirmişdi. Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərində daha bir regional layihə - TANAP layihəsi önəmli yer tutur. TANAP layihəsi öz növbəsində Azərbaycanın Şahdəniz-2 yatağındakı qazının Avropa ölkələrinə daşınmasını nəzərə tutur. 2017-2018-ci illərdə fəaliyyətə başlanması gözlənilən layihə Avropa enegetika bazarında Azərbaycanın əsas oyunçulardan birinə çevrilməsinə səbəb ola bilər. Bu nəhəng energetik və nəqliyyat layihələri Azərbaycan, Türkiyə və Gürcüstan ittifaqının yaradılmasına əsaslı təsir göstərir.

Təsadüfi deyil ki, 2013-cü ilin statistik məlumatlarına görə xarici ölkələrlə ticarət dövriyyəsi 10,2 milard dollar olan Gürcüstan ən çox Türkiyə ilə (2,1 milyard dollar) ticarət münasibətlərində olub. İkinci pillədə isə Azərbaycan (1,3 milyard dollar) ilə mövcud olan ticarət münasibətləridir. İqtisadi sahədə əmkdaşlıq Azərbaycan və Türkiyə şirkətlərinin Gürcüstanda geniş formatda təmsil olunması ilə də əlamətdardır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkədə 100-dən artıq yanacaqdoldurma məntəqəsi inşa edib. Daha bir neçəsinin tikintisi davam edir. Azərbaycan bines adamları Gürcüstanın xüsusən turizm sferasına böyük investisiyalar yatırırlar. Təkcə, 2013-cü ildə Gürcüstanda 1 milyondan artıq Azərbaycan vətəndaşı səfərdə olub. Türkiyə Respublikası da Gürcüstanda geniş təmsil olunur. Türk şirkətlərti xüsusən, Acarıstan Muxtar Respublikasında müxtəlif profillərdə yüzmilyonlarla dollarlıq investisiya layihələri həyata keçirirlər. Başqa tərəfdən, Mixail Saakaşvili dönəmidən başlayaraq Gürcüstanın yeni seçilmiş prezidentləri ilk olaraq Azərbaycana və Türkiyəyə səfər edirlər. Bu ənənəni hazırki prezident Georgi Marqelaşvili də pozmadı. 3 tərəf arasında müxtəlif səviyyələrdə tez-tez görüşlər keçirilir. Xüsusən, Xarici İşlər Nazirləri səviyyəsində keçirilən görüşlər böyük əhəmiyyət daşıyır.

2012-ci il iyunun 8-də Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstan Xarici İşlər naziri Qriqol Vaşadzenin imzaladıqları “Trabzon bəyannaməsi” diplomatik məkanda da tərəflərin vahid xətt üzrə hərəkət edəcəklərini göstərdi. Xarici İşlər nazirlərinin mütəmadi keçirilən görüşlərindən sonuncusu bu ilin martında Azərbaycanın Gəncə şəhərində baş tutmuşdu. Bütün bunlardan sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasından yalnız iqtisad birliyin yaradıldığını söyləmək doğru olmazdı. Tərəflər həmçinin beynəlxalq təşkilatlarda- ATƏT, Avropa Şurası Parlament Assambleyası və BMT Baş Assambleyasında vahid mövqedən çıxış edirlər. Xüsusən, dövlətlərin ərazi bütövlükləri prinsipləri ilə bağlı səsvermələrdə 3 dövlət vahid mövqe nümayiş etdiriblər. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin ölkə üçün həyati önəm daşıdığı Gürcüstanda 2011-ci ildə qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycanla münasibətlər “strateji tərəfdaşlıq” kimi qələmə verilmişdi. Konsepsiyanın digər hissəsində isə Türkiyə Gürcüstanın əsas regional tərəfdaşı və region lideri kimi təsvir olunub.

Maraqlıdır ki, Ermənistan bu konsepsiyada sadəcə qonşu dövlət kimi qələmə verilib. Bu həm də regionda Ermənistan-İran, Azərbaycan-Türkiyə-Gürcüstan qütbləşməsinin göstəricisi kimi qəbul oluna bilər. Çünki Gürcüstan və Azərbaycanın Qərb dövlətləri ilə yanaşı İsraillə də əməkdaşlıq etməsi iqtisadi sanksiyalar səbəbindən özünə yeni iqtisadi tərəfdaş axtaran İranın ciddi narazılığına səbəbə olur. Bu səbəbdən də İran Cənubi Qafqaz regionundakı iqtisadi layihələrdən təcdir olmuş Ermənistala məcburi müttəfqilik etmək istəyir. Regiondakı bu qütbləşmə zamanla iqtisadi və siyasi qarşıdurmadan hərbi bloklar arasında mübarizəyə çevrilməsi ehtimalı da mövcuddur. Təsadüfi deyil ki, bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Alasaniya ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsini vacibliyini vurğulayıblar. Bundan öncə gürcü nazir ölkəsinin hərbi əməkdaşlıqda üstünlük verdiyi 4 ölkəni qeyd edərkən Azərbaycan və Türkiyəninin adını xüsusən vurğulamışdı. Alasaniya ölkəsi üçün Azərbaycanın son 10 ildə sürətlə inkişaf etmiş hərbi sənayesinin xüsusi maraq kəsb etdiyini söyləmişdi. Hər üç tərəf müttəfiqlik münasibətlərinin yalnız region üçün deyil, həm də Avropa-Asiya arasında münasibətlərdə vacib rol oynadığını anlayırlar. Lakin bu proseslər Rusiya və onun regiondakı forpostu Ermənistanı narahat edən amillərdir. 2008-ci ilin avqustunda Gürcüstana təcavüz edən şimal qonşumuz bununla regiondakı təsir imkanlarını heçə endirmişdi. Digər tərəfdən, Rusiyanın birbaşa sərhədləri olmadığı müttəfiqi Ermənistanla kommunikasiya əlaqələrini Gücrüstan vasitəsilə saxladığını nəzərə aldıqda situasiya heç də onun xeyrinə dəyişmirdi. Məhz Gürcüstanı və onunla birlikdə gələcəkdə Ermənistanı itirmək qorxusu Rusiyanı Bakı-Ceyhan neft kəmərinin reallaşamasına qarşı cıxmağa, Gürcüstanda Cənubi Osetiya və Abxaziya münaqişələri ilə rəsmi Tbilisinin siyasətinə müdaxilə etməyə, Türkiyənin Cənub-şərqindəki “PKK” təşkilatına loyal münasibət göstərməyə və Dağlıq Qarabağ münaqişəsindən regionda təsirini saxlamaq üçün zaman-zaman manipulyasiya etməyə vadar edir. Lakin son hadisələr rəsmi Moskvanın Azərbaycan-Türkiyə-Gürüstan ittifaqına qarşı hazırladığı ssenarilərin baş tutmadığını göstərir. NATO üzvü olan və uzun illərdir ki, Avropa Birliyinə üzv olmaq istəyən Türkiyənin ardınca Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsi imzalamağa və NATO-ya üzv qəbul edilməyə namizəd olan Gürcüstan tərəfi də avrointeqrasiya yolunu seçib. Bu isə zamanla Azərbaycanın da siyasi orientasiyasını müəyyənləşdirməsinə yardımçı olacaq. Nəticədə, Rusiya Cənubi Qafqaz regionun itirmiş olacaq. Yerləşdiyi coğrafiya, yaxud resursları baxımından heç bir dəyər ifadə etməyən Ermənistan isə iqtisadi və nəqliyyat blokadası şəraitində faktiki olaraq Azərbaycan və Türkiyə qarşısında kapitulyasiya edir. Bu ssenarinin qarşısın almaq üçün Rusiya İran və Ermənistan vasitəsilə regionda gərginlik yaradan siyasət həyata keçirir. Laklin bütün bu cəhdlərtə baxmayaraq artıq dərinə kök atmış Azərbaycan, Türkiyə və Gürcüstan müansibətləri günü-gündən möhkəmlənir.

 

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır