Modern.az

“Papaq” filminin “Kadrarxası”: “Habil Əliyev qızına çəkilməyə icazə vermədi, Əliağa Ağayevi infarkt vurdu”

“Papaq” filminin “Kadrarxası”: “Habil Əliyev qızına çəkilməyə icazə vermədi, Əliağa Ağayevi infarkt vurdu”

31 May 2014, 13:22


Modern.az
saytı “Kadrarxası” layihəsini davam etdirir. Bu həftə “Kadrarxası”ndakı qonağımız “Evlənmək istəyirəm” filminin quruluşçu rejissoru, görkəmli sənətkar Cahangir Mehdiyevdir.

Arayış: 13 yanvar 1951-ci ildə Bakıda anadan olan Cahangir Yaqub oğlu Mehdiyev Azərbaycan rejissorluq məktəbində özünəməxsus rolu ilə seçilir. Rejissor 1968-1973-cü illərdə M.A.Əiyev adına ADİİ-nun dram teatrı və televiziya rejissorluğu fakültəsində Mehdi Məmmədovun sinfində, 1974-1979-cu illərdə Moskvada ÜDKİ-nun Georgi Daneliyanın emalatxanasında rejissorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Kinorejissor, aktyor, ssenari müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi həm də əməkdar məşqçidir. 1998-2007-cu illərdə "Mozalan" studiyasının direktoru və bədii rəhbəri olub. Rejissorun oğlu Elnur Mehdiyev onun yolunu davam etdirir, aktyordur.

“Evlənmək istəyirəm” filmi 1983-cü ildə yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınıb. Film rejissor Cahangir Mehdiyevin və aktyor Şamil Süleymanovun kinoda ilk böyük işi, həmçinin aktyor Əliağa Ağayevin son işi olub.

Müəllif Əbdürrəhim bəy Haqverdiyev, quruluşçu rejissor Cahangir Mehdiyev, quruluşçu operator Aleksandr Kovaluçuk, ssenari müəllifi İsi Məlikzadə və Sabir Əhmədov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirovdur.

Rollarda Şamil Süleymanov, Siyavuş Aslan, Səməndər Rzayev, Həsən Məmmədov, Əliağa Ağayev, Kamil Məhərrəmov, Ruhsanə Topçuyeva və başqaları çəkilib. Filmdəki mahnıları Baba Mahmudoğlu və Gülağa Məmmədov səsələndirib.

Əbdürrəhim bəy Haqverdiyevin yeganə ekranlaşdırılan əsəri

Cahangir Mehdiyev: “Bizim dövrümüzdə Azərbaycanda klassik ədəbiyyatı ekranlaşdıran adam olduqca az idi. Mənə qədər isə Əbdürrrəhim bəy Haqverdiyev kimi yazıçını ekranlaşdıran olmamışdı. İsi Məlikzadə ilə birlikdə onun yaradıcılıq nümumələrini toplayıb film çəkmək qərarına gəldik. Onunla dostluğumuz da o zamandan başladı. Haqverdiyevin yaradıcılığı üzərində işlədik və belə bir film ərsəyə gətirdik. Bugünə qədər də Haqverdiyevin ekranlaşdırılan əsəri yalnız “Evlənmək istəyirəm”dir”.

“Evlənmək istəyirəm” filmi əsasən Şəkidə, Bakıda İçərişəhərdə lentə alınıb. Təbiət səhnələri əsas etibarilə Şəkidə, bazar səhnələri isə İçərişəhərdə çəkilib.



Cahangir Mehdiyev:
“Həsən ağanın evi olan epizod Bakıda Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda çəkilmişdi. Filmin çəkilişləri əsasən yayda baş tutub. Elə ən əlverişli fəsil olaraq da yay, payız aylarıdır. O vaxtkı qaydalara görə, adi filmlərə 1 il, musiqili-komediya janrında çəkilən filmlərə 1 il 6 ay vaxt verirdilər. Filmi verilən vaxtdan da tez çəkdim”.

“Şamil Süleymanovun baş rolda çəkilməsini istəməyənlər vardı”

Cahangir Mehdiyev: “Bədii Şuradakılar istəmirdi ki, baş rolda Şamil çəkilsin. Şamil Süleymanov gənc aktyor idi deyə, ona etimad etmirdilər. “Evlənmək istəyirəm” filmindən əvvəl “Baladadaşın məhəbbəti” filmində qısa bir epizodda çəkilmişdi. Amma buna baxmayaraq, mən onu çəkdim, uğurlu da alındı. Digər rollara isə tanınmış aktyorlar üçün sınaq çəkilişi aparılmırdı. Təbii ki, Əliağa Ağayev, Səyavuş Aslan, Səməndər Rzayev, Həsən Məmmədov kimi aktyorlara sınaq çəkilişi lazım deyildi”.

Ssenaridə “Şamil” adı olmayıb, rejissor özü bu adı filmə əlavə edib

Cahangir Mehdiyev: “Şamil adı ssenaridə yox idi, onu mən dəyişdirdim. Çünki film hekayələrin motivləri əsasında çəkildiyindən, adlar hamısı şərti idi. Onların hərəsini bir hekayədən götürüb vahid bir yerdə və zamanda canlandıra bildik. Demək olar ki, film başdan-başa improvizələrdən ibarətdir. Filmdəki Hüseyn mənim üçün ən əziz obrazlardan biridir. Hüseyn çox maraqlı obrazdır. Hiss edir, düşünür, dərrakə var, hər şeyi eşidir, amma dili yoxdur. Düşündüklərini musiqi ilə, fiziki hərəkətilə bildirir və başa salmağa çalışır”.

“Əliağa Ağayev xəstə oldğunu gizlədirdi”


Cahangir Mehdiyev:
“Aktyor xəstə belə olsa, yaxşı filmdə oynamaq istəyir. Açığı, çəkiliş müddətində Əliağa Ağayevin xəstə olduğunu bilmirdim. Film gedişində xəbər tutdum ki, ürəyi tutub, xəstədir. O qədər möhkəm insan idi ki, xəstə olduğunu biruzə vermirdi. Öz işinə olduqca tələbkar idi, rejissorun dediklərinə, qarşıya qoyulan məqsədlərə tam riayət edirdi. Bu barədə Əliağa Ağayevin misli-bərabəri yox idi. Çəkiliş müddətində hətta infarkt da keçirdi, lakin bir neçə gün sonra yenə də çəkilişə gəldi. Xəstəliyi barədə də danışmadı”.

“Əliağa Ağayev filmi tam olaraq izləmədi”

Cahangir Mehdiyev: “İlk olaraq Modern.az-a bir hadisə haqqında danışacam. Deməli çəkiliş bitdi, tam hazır filmi Moskvaya təsdiq etdirməyə aparırdım. Daha sonra Bakıya gəlib filmin təqdimatını edəcəkdik. Moskvaya gedəcəyim gün səhər tezdən Əliağa Ağayev mənə zəng vurub dedi: “Sən özünü filan tarixə çatdır, mənim yubileyim olacaq, elə yubileydə də filmi göstərərik”. Dedim: “Əmi, (hamımız ona əmi deyə müraciət edirdik) , arxayın ol mütləq özümü çatdıracam”.

Moskvaya getdim, təxminən 1 həftə sonra qayıdıb gələndə eşitdim ki, Əliağa əmi rəhmətə gedib. Yubileyini qeyd etmək ona qismət olmadı. Film üçün nə lazımdırsa, əlindən gələni əsirgəməmişdi. Əliağa Ağayev filmi tam olaraq izləmədi. Səsləndirmə zamanı yalnız özünün çəkildiyi epizodları gördü. Qismət..”.

Cahangir Mehdiyev: “Filmdəki kostyumlar çəkiliş qrupunun üzvləri tərəfindən eskizlər əsasında Bakıda hazırlanmışdı. Çəkiliş heyəti bir-birinə münasibətdə çox diqqətli, xoşrəftar idi. Bildiyiniz kimi, film çəkiliş böyük vəsait tələb edirdi. Mən “Papaq” filmini qənaətlə çəkdim. Həm vaxt baxımından, həm də maddi baxımdan. Aktyor üçün də filmə çəkilmək böyük hadisə idi. Ona görə də, xəstə də olsa, ayağı axsasa da çəkilişə gəlirdi. Mənim üçün də sevindirici haldır ki, elə klassiklərlə çalışmışam. Onlar tarixdirlər, bizim keçmişimizdirlər. Təəssüf ki, indi onlara biganə münasibətlər də olur”.

““Bomba rabatay” deyən uşaqlar hamısı məhəllə sakinləri idi”



Cahangir Mehdiyev:
“Demək olar ki, “Papaq” filmi başdan-başa improvizə idi. Bu improvizələrin hamısı da Haqverdiyevdən qaynaqlanıb. Xoruzların döyüşü də belə improvizələrdən idi. “Bomba rabatay” deyən uşaqlar hamısı İçərişəhərdəki məhəllələrdə yaşayan sakinlər idi. Kimin marağı vardısa, uşağını gətirib filmdə çəkilməsinə razılıq vermişdi. Həmin uşaqlara qonorar da verildi. Həm pul qazandılar, həm də filmə çəkilməklə tarixə düşdülər. Onlara pul verilməsi qanunla müəyyənləşmişdi. Kütləvi səhnələrdəki insanlar da oranın sakinləri idi”.

Rejissor bildirir ki, Şamil obrazının sevilməsində mərhum aktyor Yaşar Nurinin də payı var. Obrazın mərhum sənəkarımız səsləndirib.

Cahangir Mehdiyev: “Şamil o vaxt tam professional aktyor deyildi. Bu onun debutu idi. Səsi oturuşmamışdı. Yaşar Nuri isə artıq professional idi. Ümumiyyətlə, özünü filmə çəkməsəm də, qəhrəmanlarımın əksəriyyətini Yaşar səsləndirib. Yaşarla biz İncəsənət İnstitutunda bir kursda oxumuşduq. O aktyorluqda oxuyurdu, mənsə rejissorluqda. Yaşar həmişə mənə yaxın olub. Hər zaman da deyirdi ki, “bu necə olur, sən komedioqraf, mən komedioqraf, amma məni filmə çəkmirsən?”. Zarafatla deyirdim ki, “Yaşar sən hələ yetişməmisən. Yetişəndə səni filmə çəkəcəm”.

Cahangir Mehdiyev: "Mirzə Səfər şeir deyən təbiət səhnəsi Şəkidə Oxud kəndində çəkilib".

Mənim balam bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadır.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir, dünya necə dünyadır.

Ömrə-günə etibar yox əzəldən,

Bir də dönüb yarpaq olmaz xəzəldən.

Beşiyindən bizə tabut düzəldən,

Bələyindən kəfən tikən dünyadır.

“Canımızın kiri gedər hamamda”

Cahangir Mehdiyev: “Şərq aləminin  istirahət etdiyi, dincəldiyi, enerji topladığı yer hamam idi, xüsusilə də quru bəylərin. O dövrün tarixni əks etdirmək baxımından hamam epizodunun çəkilməsi vacib idi. Şamilin hesabına dincələn quru bəylərin də xarakteri ortaya çıxır. Hamam həqiqi hamam idi. “Poluxin” (indiki Murtuza Muxtarov küçəsi)  küçəsində yerləşirdi”.

“Filmi “Papaq” adlandırmağa qorxdular”



Cahangir Mehdiyev:
“Mən filmin adını “Papaq” qoymaq istəyirdim.Çox təkid etdim, lakin razılıq verilmədi. Bildirdilər ki, bu ad çox qorxuludur, başımıza iş açarıq, səhv başa düşülərik. Baxmayaraq ki, filmin ideya məzmunu da papaq üzərində qurulub, amma, film “Evlənmək istəyirəm” adlandırıldı. Mən istənilən yerdə filmdən danışarkən “Papaq” deyə bəhs etmişəm, daha çox bu adla tanınıb. İstəyim də bu olub. “Evlənmək istəyirəm” cılız, sıradan səslənir, amma “Papaq” əksinə. Filmin bütün fəlsəfəsi papaq üzərində qurulub. Qafqazın kişilik, mərdlik simvolu məhz papaqdır. Filmin əvvəli də papaqla başlayır. Binəva Hüseyn yol boyu dığırlanan  papağı götürür ki, papaq çirklənməsin, qaldırır qoyur Şamilin başına. Şamil cavan olduğuna görə, onun mənasını başa düşmür. Şamil onun mənasını ta ki, başı daşdan-daşa dəyməyənə qədər bilmir. Lal deyə bilməsə də, öz hərəkətilə papağın mənasını Şamilə izah edir”.

“Məscid səhnəsi Şirvanşahlar sarayında çəkilmişdi”

Cahangir Mehdiyev: “Pərvərdigarə şəfqətini bu günahkar bəndəndən əsirgəmə” deyən Şamilin epizodu əsl məsciddə çəkilməyib. Həmin epizodu Şirvanşahlar sarayının bir küncündə çəkdik. Azan oxnur, Şamil də dua edir.

Filmdəki aktyorlar portretlər qaleriyasıdır. Hərəsi özünəməxsus rənglərdən ibarətdir. Buna görə də, vahid formada mükəmməl bir iş ərsəyə gəlib. Mən bir rejissor kimi hər zaman filmin yoruculuğunun əleyhinə olmuşam. Mənim müəllimim də bunu mənə öyrətmişdi ki, film tamaşaçını yormamalı, onda yüksək əhval-ruhiyyə yaratmalıdır”.

“Musiqi təhsilimin olması adaşıma mane olurdu”



Filmdə böyük bəstəkarımız Cahangir Cahgirovun müsiqisindən istifadə edilib.

Cahangir Mehdiyev: “Mən Cahangir Cahangirovu bir az yığcam yazmağa məcbur edirdim. Buna narazılıq etsə də, mənim istədiklərimlə razılaşırdı. Musiqi təhsilimin olması yaxşı mənada adaşıma mane olurdu. Filmin müəlifi olduğum üçün istədiyimi ondan aldım. Filmi “Kino evi”ndə izlədikdən sonra Cahangir Cahangirov heyrətini gizlətmədi: “Mən indi başa düşdüm ki, mən nə üçün əzab çəkmişəm. Sağ ol ki, sən drmaturgiyanı düzgün tutmusan, filmi ədəbi-bədii dramaturgiyası ilə uzlaşdırmısan”.

“Habil Əliyev icazə vermədi ki, qızını filmə çəkim”

Filmdə Şamilin sevgilisi roluna çəkilən qızı tapmaq üçün xeyli axtarıblar.

Cahangir Mehdiyev: “Şamilin sevdiyi qız çox gənc olmalı idi. Bunun üçün operatorla bilikdə məktəblərə gedib, oradan qızları seçirdim. O yaşda professional aktrisa ola bilməzdi. Filmə çəkiləndə o xanımın 15 yaşı vardı.  Xoreoqrafiya məktəbindən Rima xanımın köməkliyi ilə tapdım. Mənə dedi ki, “sən gəl kabinetdə otur, rejissor olduğunu bildirmə. Mən qızları çağıracam hansı qızın aktrisalığını bəyənsən, onu da filmə çəkərsən”. O xanımı bəyəndim və filmə çəkdim.

O vaxtı məktəblərin birində bir qızdan da xoşum gəlmişdi, filmə çəkmək istədim. Müəllimədən soruşdum, bildirdi ki, Habil Əliyevin qızıdır. Amma filmə çəkilmək üçün qıza evdən icazə vermədilər”.

“Filmdəki maşınları Riqadan gətizdirmişdim”

Cahangir Mehdiyev: “Filmdə istifadə edilən maşınları Riqdan gətizdirmişdim. Maşınların tarixi filmin çəkilməsindən çox  əvvələ aid idi. Belə maşınları antikvar kimi yığıb saxlayırdılar. O vaxt direktoru göndərdim ki, mənə maşın lazımdır. Həmin maşınlar üçün ayrıca maliyyə xərclədik. Həqiqi maşınlar idi”.

Cahangir Mehdiyev: “Şamilin dükanını dağıdandan ata sonra pis olur ki, yeganə qızını oğurlayıblar. Onu güclə gətirib ata mindirirlər. Atı həqiqətən də Siyavuş Aslan minmişdi.

Məlum olur ki, Şamilin dostları onun həqiqi dostları deyilmiş. Filmi çəkəndə sadəcə səmimi olmağa çalışırsan. Fikirləşmirsən ki, necə olcaq. Hər bir filmdə rejissorun “mən”i var. Bir filmi on rejissora versən də, hərəsi bir cür çəkəcək. Böyük məmuniyyətlə, yenidən Əbdürrəhimbəy Haqverdiyevin yaradıcılığına müraciət etmək lazımdır. Bunun üçün düşünürəm ki, hər şeydə məhəbbət, sevgi olmalıdır”.

Filmdə XX əsrin əvvəlində Azərbaycan  cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapıb. Kiçik bir şəhərdə gənc usta Şamil yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın qızına vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət də edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar.



Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər