Modern.az

Jurnalist olmaq istəyən gözdən əlil qızın “Son zəng”i - FOTOLAR

Jurnalist olmaq istəyən gözdən əlil qızın “Son zəng”i - FOTOLAR

31 May 2014, 15:37

Bu gün də  Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi. Söhbət 6 günlük dərs həftəsi olan orta məktəblərdən gedir. Modern.az əməkdaşları “Son zəng”i qeyd edən internat məktəbə üz tutdu.

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat məktəbinin həyətində vur-çatlasın idi.  Musiqi sədaları altında rəqs edən kim, deyib-gülən kim...
Öncə direktor Namiq Hüseynquluyevlə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, 260 şagirdin təhsil aldığı internat məktəbdə əsasən gözdən əlil uşaqlara təlim-tədris keçirilir. Onlardan 145-i tamamilə görməyəndir.
“Şagirdlərimiz dünya miqyasında qəbul olunnmuş korlar üçün əlifbadan istifadə edirlər”.

Direktorun sözlərinə görə, internat məktəb 12 illikdir. Bu il məktəbdən 13 şagird məzun olur. Şəhadətnamə alanlar isə 15 nəfərdir.
Bu il internat məktəbi bitirən məzunlardan ali məktəblərə sənəd verənlər də var.


“Ötən il 25 məzunumuzdan 16-sı sənəd verdi, 13-ü müxtəlif kolleclərə daxil oldu. Cari ildə isə 9 məzun ali təhsil ocaqlarına sənəd verib. Məzunlardan sınaq imtahanlarında 450-500 bal toplayanlar da olur. Şagirdlərimiz əsasən humanitar fənlərə meyilli olurlar. Burada olan şagirdlər dövlət tərəfindən təmin olunur. Yeməsi, yatması və dərs ləvazimatları dövlət təminatında olur. Və ay ərzində onların hər birinə 20 manat müavinət verilir”. 

Direktor dedi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni massaj fakültəsi açıb. Gözdən əlillər belə fakültədə təhsil ala bilirlər.
“ Respubllikanın bir çox poliklinikalarında bizim məzunlar işləyirlər. Onların əl qabiliyyətləri digər normal insanlardan qat-qat yüksəkdir”.

Namiq Hüseynquluyevin sözlərinə görə, valideynlərin bəzilərində uşaqlara münasibətdə fərqlilik nümayiş etdirir. “Bəziləri belə övladlarını gizlədirlər. Halbuki, bəzən məktəbimizdən məzun olan gözdən əlil övlad valideyninə arxa-dayaq ola bilir”. Direktor buna misal da çəkdi: “Hava limanında polis rəisi var idi. Arif adlı həmin şəxsin gözdən əlil bir oğlu və qızı var idi. Bunu eşidən kimi hava limanına getdim. Rəisi qəbuluna girdim. Xahiş etdim ki, onları bizim internat məktəbinə təhsil almağa versin. Daha sonra isə oğlunu bizim internata gətirdi. Polis rəisi sonradan işindən çıxdı. Elə bir gün oldu ki, oğlu buranı bitirnədən sonra Nərimanov rayonunda  studiya açdı. İndi məlum olur ki, həmin ata iki ildir həmin oğlunun qazancı ilə keçinir. Artıq qızını gətirib ki, məktəbə götürək”.

Gözdən əlil məzunlarla da həmsöhbət olduq. Yetər Kərimova adlı qız sevincini belə bölüşdü. “Mən öncə burada təhsil almaq istəmirdim. Amma sonra öyrəşdim. İndi məzun olduğum üçün çox sevinirəm. Sənədlərimi ali məktəbə vermişəm. Aşağı siniflərdən şeirlər yazıram, istəyirəm  jurnalistikaya daxil olum”.

İlham adlı oğlan 12 illik məktəbdən ayrıldığı üçün çox kədələndiyini dedi. “Bununla yanaşı həm də sevincimin həddi yoxdur. Artıq sənədlərimi ali məktəbə vermişəm. I qrup üzrə imtahan verəcəm”.










Namidə BİNGÖL
Rafiq QƏNBƏROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi