Modern.az

“Ağ ev” dünyanı qara günə qoyur...

“Ağ ev” dünyanı qara günə qoyur...

1 İyun 2014, 22:22

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

ABŞ bilməlidir ki, onun evinin “Ağ” rəngdə qalmasında həm də bizim qara neftimizin müəyyən qədər rolu var 

Mayın 27-də “Buta” sarayında Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirən ölkə prezidenti İlham Əliyevin “Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz” deməsi, ABŞ Dövlət katibinin sözçüsü Cen Psakinin xoşuna gəlməyib. O, “Amerikanın səsi” radiosuna bildirib ki, “qızışdırıcı ritorika və bəyanatlar” Ağ Evin prinsiplərinə ziddir və bu cür bəyanatlar sülh prosesinə mane olur.

Bu yerdə xanım Cenə bir neçə sual vermək istərdim: Söhbət hansı qızışdırıcı bəyanatlardan gedir? Məgər müharibə alovu sönübmü? Siz hansı sülh prosesindən danışırsız ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə görə, 20 ildən artıqdır atəşkəs adlanan rejimdə erməni gülləsindən 610 Azərbaycan hərbçisi şəhid olub və 710 nəfər isə yaralanıb. O cümlədən 120 azərbaycan hərbçisi minaya düşərək şəhid olub və 200 hərbiçi mina partlamasından yaralanıb. 20 il ərzində düşmən gülləsindən 15 mülki vətəndaş həlak olub və 40-dan artıq vətəndaşımız isə müxtəlif dərəcəli xəsarətlr alaraq yaralanıb.

Məgər, bir adam işğal olunmuş torpaqlarını geri qaytarmaq istəyirsə, bunun nəyi qızışdırıcılıqdır? Əgər, Ermənistan bu gün faktiki olaraq Rusiyanın elə həm də ABŞ və Fransanın əlində kölə vəziyyətində qalıbsa, müstəqil dövlət deyilsə, burada harası ritorik bəyanatdan söhbət gedə bilər?

ABŞ sözçüsü C.Psaki qeyd edir ki, “ATƏT-in Minsk qrupunun həmsədri kimi biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiq qalırıq. Minsk qrupuna daxil olan ölkələrin prezidentləri və həmsədlərinin 2009-cu ildən 2013-cü ilə qədər verdiyi bəyanatlarda aydın göstərilir ki, davamlı sülh BMT-nin xartiyası və Helsinki yekun aktının xüsusilə də zor işlətməmək, ərazi bütövlüyü, bərabərlik və öz müqəddəratını müəyyən etmək hüququ haqda başlıca prinsiplərinə əsaslanmalıdır. Tərəfləri danışıqlar masasına qayıtmaq üçün səyləri ikiqat artırmağa və sülhün regiona gətirəcəyi üstünlüklərə diqqəti artırmağa çağırırıq”.

Əgər ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, özü də həm hegomon, həm də demokratik ölkədirsə, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda niyə işğalçı Ermənistandan köməyini əsirgəmir? Əksinə, Azərbaycana qarşı ədalətsiz olan 907-ci maddəni hələ də qüvvədə saxlayır. Helsinki yekun aktını yada salanda niyə hər şeyi ərazi bütövlüyündən başlamırsınız? Məgər biz bərabərlik və öz müqəddəratını müəyyən etmək hüququnu Dağlıq Qarabağda yaşayan ermənilərdən əsirgəyirikmi? Onlara özlərini idarə etmək üçün Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən geniş status vermək istəyində olan biz deyilikmi? BMT demişkən, niyə bu təşkilatın erməni qoşunlarının Azərbaycan ərazilərini qeyri şərtsiz azad etməsi barədə qəbul etdiyi 4 qətnaməsi yerinə yetirilmir, amma sizə lazım olan ölkələrə qarşı tətbiq edilən bu kimi qətnamələr bir gün sonra yerinə yetirilir? Müharibənin ikinci mərhələsi deyimi, sizə “qızışdırıcı” kimi görsənir, bəs bu millətin illər uzunudur vətən, torpaq, yurd həsrəti ilə alışıb yanması necə, Okeanın o tayından sizə necə görsənir? Belə bir sual da verim, 1991-ci ildə ABŞ Kuveytə görə İraqı darmadağın etdiyi halda, Azərbaycan öz tarixi torpağı olan Qarabağı müharibə yolu ilə niyə azad etməməlidir? 

Biz bir ölkə olaraq ikili standartlara nə qədər dözməliyik? Baxın, Avropa İnsan Haqları Məhkəməsi Türkiyəni 1974-cü ildə Kiprə daxil olduğuna görə 90 milyon avro cərimə edir, o zaman bəs Ermənistan niyə cərimələnmir?  

Zənnimcə, dünyaya demokratiya dərsi keçən ABŞ, indi daha çox “Ağ ev” adladırılan məkandan dünyanı qara günə qoymaqla məşğuldur. ABŞ Rusiya ilə dünya bölgüsünü bizimkimilərin hesabına niyə aparmalıdır? ABŞ bilməlidir ki, onun evinin “Ağ” rəngdə qalmasında həm də bizim qara neftimizin müəyyən qədər rolu var. 2008-ci ildə Gürcüstanı Abxaziya və Cənubi Osetiyaya, 2014-də Ukraynanı Krıma, Moldovanı Dnestryanıya görə və ümumilikdə İraq, Əfqanstan, Suriya və “Ərəb baharı”ndan indiyədək əziyyət çəkən ölkələrin hamısını ABŞ-ın “fitvasına” gedənlər adlandırmaq olar.    

Biz yaxşı bilirik ki, Qarabağı nə Ağ ev, nə də Ağ ayı rəmzini daşıyanlar azad edəcək. “Dağlarda toy” əməliyyatı altında Şuşanı, eləcə də bütün Qarabağı işğal edənlər bilməlidirlər ki, bizim “toyumuz” hələ qalır. Amma bu toy mütləq olmalıdır və çox istərdik ki, bu toya “oynamaq” üçün kənar şəxslərdən heç kim gəlməsin, sadəcə kənardan durub tamaşa etsinlər. Xanım Cen isə gərək bağışlasın Qarabağ tərəfin toylarında qadınlarla kişilər bir yerdə oturmurlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər