Modern.az

Ali məktəblər və təhsil haqları: harda bahadır, harda ucuz?

Ali məktəblər və təhsil haqları: harda bahadır, harda ucuz?

Ölkə

24 İyun 2010, 12:22

Azərbaycan ali məktəblərinin hər birində təhsil haqları müxtəlifdir. Hər il də təhsil haqlarında artım müşahidə edilir. Bəs bu il Azərbaycanda ən bahalı dövlət və özəl universitetlər hansılardır? Modern.az saytının araşdırmasına görə, özəl univeristetlərdə təhsil haqları dövlət ali məktəblərindən daha bahadır. Di gəl ki, dövlət universitetlərində də qiymətlər heç də aşağı deyil. Bu il təhsil ödənişlərinə görə ən bahalı dövlət universitetlər Azərbaycan Dillər Universiteti və Milli Musiqi Konservatoriyasıdır ki, burada müvafiq ixtisalar üzrə təhsil haqqı 2500 manat civarındadır. Ümumiyyətlə, təhsil haqlarına görə ən bahalı dövlət ali məktəblərin (ixtisaslarla birlikdə) ilk onluğu belədir.

Azərbaycan Milli Konservatoriyası- Solo oxuma -2500 manat Turizm İnsitutu- Nəqliyyat servisi (nəqliyyat növləri üzrə xidmətlərin göstərilməsi ), Menecment, Turizm və otelçilik, Tərcümə, Regionşünaslıq, Sosial iş- 2000 manat Azərbaycan Dövlət İqtisad Universiteti- Dünya İqtisadiyyatı, Beynəlxalq münasibətlər- 1500 manat Azərbaycan Dövlət və İncəsənət Universiteti- Menecment, Kitabşünaslıq, Beynəlxalq münasibətlər, Sənətşünaslıq, Solo oxuma, İnstrumental ifaçılıq, Musiqişünaslıq, Xareoqrafiya sənəti- 1500 manat Azərbaycan Dəniz Akademiyası- Gəmiçilik və gəmi hərəkətinin idarə edilməsi- 1500 manat

Dövlət universitetləri arasında ən aşağı təhsil haqları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındadır ki, burada təhsil haqqı 200-300 manatdır. Bununla yanaşı, Azərbaycan Pedoqoji Universiteti və Müəllimlər İnsitutunda da təhsil haqları aşağıdır. Belə ki, burada qiymətlər 550-800 manat arasında dəyişir.

Özəl univeritetlərdə isə qiymətlər bir xeyli fərqlidir. Bu univeristelərdə ən aşağı təhsil haqqı 1200 manatdır. Ən bahalı ödəniş isə Qafqaz Universitetindədir. Özəl ali məktəbləri isə təhsil haqlarına  belə sıralmaq olar. Qərb Universiteti – Filologiya, Tərcümə- 3855 manat Azərbaycan universiteti - Maliyyə, Mühasibat uçotu və audit- 3000 manat

Qeyd edək ki, Xəzər və Odlar Yurdu Universitetlərində təhsil haqlarına edilən müəyyən güzəştlərə görə bu universitetlərdə konkret qiymətləri qeyd etmək mümkün olmadı.

Ümumiyyətlə, universitetlərdə  təhsil haqları nə qədər olmalıdır? Təhsil haqlarını kim müəyyənləşdirir?

“21-ci əsr Təhsil Mərkəzi”nin rəhbəri, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyir ki, ali məktəb rəhbərləri təhsil haqlarını istədikləri kimi yüksəldirlər:

“Azərbaycan universitetlərində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirir. Ancaq bir sıra artımlar göstərir ki, burada müəyən dərəcədə qeyri-müəyyənliklər mövcuddur. Elə universitetlər var ki, təhsil haqları 3-4 dəfə qaldırılıb. Bura Azərbaycan Dillər Universitetini və özəl ali məktəbləri aid etmək olar. Son nəticə olaraq görünür ki, ali məktəb rəhbərləri öz səlahiyyətlərindən istifadə edərək istədikləri kimi təhsil haqqını yüksəldirlər. Ancaq mən indiki şəraitdə Azərbaycanda təhsil haqqının 1000 manat civarında olmasının tərəfdarıyam. Bunu müəyyən dərəcədə əsaslandırmaq mümükündür. Azərbaycan ali məktəblərində təhsilin keyfiyyəti qiymətləndirilməyib. Ali məktəblərin hamısı akkreditasiya olunmayıb. Ali məktəblərin maddi-texniki bazası, infrastrukturu, kitabxanaları, yataqxanaları, İKT təminatı normal vəziyyətdə deyil. Ümumiyyətlə, təhsildə bu kimi mühüm amillərin olmaması göstərir ki, Azərbaycanda təhsil haqqı 1000 manatı ötməməlidir”. 

“Dövlət universitetlərində təhsil pulsuz olmalıdır”

 

Etibar Əliyevin fikrincə, Azərbaycanda minimum əmək haqqı aşağı olduğdan valideynlər təhsil haqlarını ödəyə bilmirlər. “Bu dünya praktikası ilə uyğunluq təşkil etmir. İnkişaf  etmiş ölkələrdə tələbələrdən arayış tələb olunur ki, valideynlərinin qazandıqları gəlirlər imkan verirmi o təhsil haqqını ödəsin. Mümkün olmayanda universitetin köməkliyi ilə bir sıra kredit verən banklar vasitəsilə tələbələrə uzunmüddətli kiçik faizli kreditlər verirlər ki, onlar təhsillərini başa vura bilsinlər. Azərbaycan neft ölkəsidir. Dəfələrlə rəsmi şəkildə bəyan olunub ki, ümumi daxili məhsul inkişafına və artımına görə Azərbaycan öndə gedən ölkələrdən biridir. Ona görə də Azərbaycan dövlət ali müəssisələrində təhsil ödənişsiz olmalıdır. ”. 

“Dövlət ali məktəblərində təhsil haqqına rektor müdaxilə edə bilməz”

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov bildirib ki, dövlət ali məktəblərində təhsil haqlarını Tarif Şurası müəyyən edir: “Dövlət ali məktəblərində təhsil haqları Tarif Şurası tərəfindən tənzimlənir. Ancaq özəl ali müəssisələrdə təhsil haqlarını həmin universitetlərin rəhbərliyi müəyyənləşdirir”.

 

Universitetlərdəki qiymətlərdən göründüyü kimi ali məktəblərdə ödənişli təhsil almaq heç də asan deyil. Abituriyentlər deyirlər ki, belə getsə, bu cür  baha təhsil haqları ilə çətin ki, daxil olduqları universitetlərdə təhsillərini davam etdirə bilsinlər. Bir sözlə, işlər ildən-ilə zorlaşır.

Təhminə Paşayeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər