Modern.az

“Quraqlıq üzündən ət bahalaşacaq” - Ekspert

“Quraqlıq üzündən ət bahalaşacaq” - Ekspert

İqtisadiyyat

3 İyun 2014, 12:38


Havaların isti və quraq keçməsi rayonlarda heyvanlar üçün yem tədarükünü çətinləşdirib. Fermerlər mal-qaranı otarmaq üçün otlaq sahəsi tapa bilmir. Hazırda ot tayasının qiyməti isə nə az, nə çox, düz 4 manatdır. Ekspertlər də deyir ki, havaların quraq keçməsi həm maldarlığa, həm də əkinçiliyə ciddi ziyan vurub. Nəticədə ət və ət məhsullarında bahalaşma müşahidə olunacaq.

İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov Modern.az-a bildirib ki, bu quraqlığın birinci ili deyil. “Ümumiyyətlə mövsümdə belə hadisələr baş verir. Bölgələrdə, xüsusən də Aran rayonlarında su çatışmazlığından yonca sahələri vaxtlı-vaxtında sulanmadığından məhsuldarlıq aşağı düşür. Bir çox bölgələrdə davamlı yağışların yağması, dolunun düşməsi nəticəsində ot biçimi yerinə yetirilməyib. Son illər qlobal iqlim dəyişikliyi nəticəsində belə hallar tez-tez təkrar olunur”.

Azərbaycanın bəzi rayonlarında da quraqlıq havanın və suvarmaya olan ehtiyacın vaxtlı-vaxtında ödənmədiyi deyən Vahid Məhərrəmovun sözlərinə görə, bəzi rayonlarda ot çatışmazlığı yaranıb.
“Fermerlər mal-qaranın ota olan tələbatını ödəyə bilmədiyindən ot məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Elə rayonlar var ki, vəziyyət nisbətən yaxşıdır. Bir müddət gözləmək lazımdır ki, real vəziyyəti dəyərləndirək. Amma onu da deyim ki, get-gedə ot tədarükü azalır. Ümumiyyətlə yem bazası zəifdir. Ona görə də əldə olunan süd, süd məhsulları, ət məhsullarının dəyəri artmaqda davam edir. Hətta bu gün Azərbaycanda ət və süd məhsullarının qiyməti qonşu ölkələrdən o qədər çoxdur ki, müqayisə etməyə dəyməz. Bu gün Azərbaycana kəsim üçün Gürcüstandan mal-qara gətirilir. Həmin gətirilən diri mal-qaranın əldə olunan qiyməti Azərbaycanda mövcud olan qiymətdən 22-25% aşağıdır. Bu da onu deməyə imkan verir ki, ölkəmizdə yemin qiymətinin baha olması və yem tədarükünün zəif olması həm ət məhsulunda, həm də süd və süd məhsullarının maya dəyərini artırır”.

Qış aylarında məhsul qıtlığının yaranacağına gəlincə, ekspert hesab edir ki, belə bir proqnoz vermək hələ ki tezdir. V. Məhərrəmov onu da bildirdi ki, taxıl qıtlığını yalnız bu il hava şəraiti ilə bağlamaq düz olmaz. Mütəxəssis hesab edir ki, Azərbaycanda taxıl məhsulları get-gedə azalır. “Bunun ilk səbəbi də növbəli əkin sisteminə riayət olunmamasıdır. İyirmi ildən artıqdır ki, eyni yerdə bir bitki əkirlər. belə olan halda mineral gübrələrin verilməməsi torpağı gücdən aslır, həmin sahələrdə eyni məhsul əkildiyi üçün zərərvericilərin və xəstəliklərin yayılmasına səbəb olur. Bu səbəbdən də məhsuldarlıq ciddi şəkildə azalır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi məhsulun artdığı dinamikasını göstərir, amma reallıqda idxalın artdığını görmək olar. Təbii ki, idxalın artması daxildə istehsalın aşağı düşməsi deməkdir” .

Gültəkin ƏLƏSGƏR  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır