Modern.az

Əvəz Temirxan: “Azərbaycan bu ittifaqın tərəfdarı olduğunu bəyan etməlidir” - MÜSAHİBƏ

Əvəz Temirxan: “Azərbaycan bu ittifaqın tərəfdarı olduğunu bəyan etməlidir” - MÜSAHİBƏ

Aktual

3 İyun 2014, 14:44

ALP Azərbaycanı Qazaxıstan yolu il getməyə çağırır


Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Modern.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Liberal Partiyası  Azərbaycanın xarici siyasət kursunun prioritetlərinin Qərblə əlaqələri yaxşılaşdırmaq, eyni zamanda Rusiya ilə də  münasibətləri korlamamaq prinsipi üzərində qurulmasını təklif edir. Bir az konkretləşdirək. Nəyi nəzərdə tutursunuz?

-Azərbaycan ABŞ-ın keçmiş dövlət rəsmilərindən biri olan, dünyaca məşhur analitik Zbiqnev Bjezinskinin qeyri-rəsmi şəkildə irəli sürdüyü “Böyük Qərb planı” layihəsinin əsas təşəbbüskarlarından və tərəfdarlarından birinə çevrilməlidir. Bjezinski 2011-ci ildə Yaroslavl şəhərində o vaxtkı Rusiya prezidenti Dmitri Medvedev, Türkiyə dövlət başçısı Abdulla Gülün iştirakı ilə keçirilən tədbirdə təklif etdi ki, ATƏT-in tərkibinə daxil olan ölkələr Vankuverdən tutmuş Vladivostoka qədər sıx ittifaq yaratsınlar. Bu inteqrasiya prosesində isə  ABŞ, Rusiya və Türkiyə fəal olmalıdır.

-Maraqlıdır, təklif olaraq səsləndirilən ideyadakı strateji planlarda Azərbaycanın yerini necə görürsünüz? Vacibdirmi, Azərbaycan bu planın əsas oyunçularından  birinə çevrilsin?

-Bjezinskiyə görə, bu ittifaq 2050-ci ilə qədər yaradılmalıdır. Azərbaycan hökuməti isə bu təşəbbüsün tərəfdarı olduğunu bəyan etməlidir.

-Azərbaycanı buna nə vadar edir? Və bu Azərbaycan nə verə bilər?

-Rəsmi Bakı  bununla həm sülhsevərliyini göstərər, həm də Rusiyada müəyyən çevrələrin Azərbaycana təzyiqlərini azalda bilər. Həmçinin Azərbaycan ABŞ-ın dövlət olaraq dəstəyini ala bilər. “Böyük Qərb planı”na sözsüz ki, Azərbaycan da daxil olmalıdır. Bjezinski öz analitik yazılarında göstərir ki, ABŞ təkbaşına dünyanın liderinə çevrilə bilməz. Ona görə də təklif etdi ki, ABŞ, Kanada, Avropa İttifaqı keçmiş SSRİ ölkələri və Türkiyə bir ittifaqda birləşsinlər.

-Nədənsə partiyanızın belə qəribə konspiroloji, mücərrəd təkliflərə mövqeyində bir anlaşılmazlıq duymaq olur. Heç əvvəllər ALP adından  bu cür açıq bəyanatlar eşitməmişik. Bu mövqedə partiyanızda aparılan uzun müzakirələrin hasil etdiyi fikir də hiss olunur?

-Bizim partiyada bu fikir çoxdan mövcud idi. 15-20 il bundan qabaq partiyadaxili aparılan müzakirələrdə mən dəfələrlə bildirmişəm ki, böyük bir mədəni, iqtisadi, siyasi, hərbi ittifaq yaradılmalıdır. Bu, Azərbaycan və türk dünyasının da gələcəyidir. Türk dünyası və Azərbaycanın problemlərinin əsas mənbəyi Qərblə Rusiya arasında olan ziddiyyətlərdən doğur. Azərbaycan və Türkiyə ayrıca proseslərə  birbaşa müdaxilə etmək iqtidarında deyil. Türk dünyasının lideri Türkiyə başda olmaqla “Böyük Qərb planı” inteqrasiyasının təşəbbüskarına çevrilmək lazımdır. Azərbaycan Türkiyə ilə məsləhətli qaydada bu məsələnin rəsmi təşəbbüskarına çevrilərsə, iyirmi birinci əsrin ikinci yarısı türk dünyasının olacaq. Bu cür fikirlər səsləndirmək üçün dərin biliklər və risk lazımdır. Biz bu məsələni indi açıqlamağı lazım bildik.

-Bir az da  konkretləşdirək. Bəs Azərbaycanı Rusiya tərəfdən hansı təhlükələr gözləyir ki, siz Azərbaycanı Kremllə münasibətləri korlamamağa çağırırsınız?

-Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya ilə isti münasibətlər yaratmasa, ölkəsi Ukraynadan da pis vəziyyət düşər. Biz Azərbaycanı Qazaxıstan yolu il getməyə çağırırıq. Amma bu demək deyil ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olsun. Azərbaycan Qərblə Rusiyanın münasibətlərinin normallaşmasına öz töhfəsini verməlidir. Ancaq Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə zərər vurmadan. Biz Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərə xələl gətirməmək istiqamətindəki səylərini başa düşürük. Ancaq Azərbaycan hakimiyyətindəki bəzi çevrələrin anti-amerikan təbliğatını da qəbul etmirik. Biz “Böyük Qərb planı” reallaşarsa, ABŞ və Rusiya ilə strateji partnyorluq edə bilərik. ABŞ öz qurucu təkliflərini Bjezinskinin vasitəsi ilə çatdırır. ABŞ və Rusiyanın Qarabağ məsələsində Azərbaycanın xeyrinə dəyişiklik etməsi müşahidə olunur. Bu, ondan xəbər verir ki, Azərbaycan Vankuver-Vladivostok birliyində vacib rol oynaya bilər.

Aqşin Kərimov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir