Londonda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya Krallığının Lordlar Palatasının və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli” mövzusunda konfrans keçirilib.
Konfransda Dünya Dinlər Konqresinin prezidenti, Üç Din Forumunun Şura üzvü Markus Breybruk, Böyük Britaniya Dinlərarası Şəbəkənin direktoru Harri Krabtri, Böyük Britaniya şiələrinin təmsilçisi Yusif əl-Xoyi, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsində Ermənistan və Azərbaycan sektorunun əməkdaşı Stefan Fitzcerald, Böyük Britaniya və İrlandiyada Rus provoslav kilsəsinin Surjin arxiyepiskopu Yelisey, Yunanıstanın Böyük Britaniyadakı səfirliyinin diplomatı Leon Haritos, Böyük Britaniyadakı yunan kilsəsinin arxiyepiskopu Qriqorios, Qafqaz Müsəlmanları Idarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç, Bakı Dağ Yəhudiləri Dini İcması sədrinin müavini Semyon Şalmuyev və başqa tanınmış ictimai xadimlər, dini qurumların və ictimai təşkilatların rəhbərləri iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Lord Leyrdin sədrliyi ilə keçən konfrans müasir siyasi münaqışələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə, xüsusilə də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli yolları barədə fikir mübadiləsinə həsr olunub. Lord Leyrd qeyd edib ki, bu münaqışə barədə erməni tərəfi yalanlar uydurur, ona görə də Azərbaycan həqiqətlərinin müxtəlif sivil yollarla dünyaya yayılması çox vacibdir. Digər tərəfdən, Azərbaycan dinlərarası dialoqda sağlam və fəal mövqe tutub, dünya dini liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Lakin Ermənistanın Azərbaycan əleyhinə təbliğatı ölkə haqqında həqiqətlərin yetərincə yayılmasına mane olur.
Azərbaycan nümayəndə heyətinin başçısı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov konfransdakı məruzəsində bildirib ki, ölkəmizdə tolerantlıq təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionda ilk dəfə bizim ölkəmiz vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazasını beynəlxalq hüquq normalarına uyğunlaşdırıb.
Məruzədə regionun başqa təmsilçisi – təcavüzkar Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparması ətraflı şərh olunub. Qeyd edilib ki, son iki əsrdə milyonlarla soydaşımız etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanına çevrilib. Azərbaycan dini konfesiya rəhbərləri çıxışlarında bildiriblər ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra atdığı ilk addımlardan biri dövlət-din münasibətlərinin, vətəndaşların dini etiqad azadlığının beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsindən ibarət olub. Ayrı-ayrı din və təriqət mənsublarının çox-çox əsrlər burada dinc yanaşı yaşaması, indiyədək onlar arasında dini zəmində heç bir qarşıdurmanın baş verməməsi kimi böyük nailiyyətin əldə edilməsi və nəsildən-nəslə ötürülməsi ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və aparıcı dini hesab edilən İslamın misilsiz xidmətlərindəndir
Markus Breybruk, Harri Krabtri, Yusif əl-Xoyi və başqa tanınmış ictimai xadimlər, dini qurumların rəhbərləri öz çıxışlarında müasir Azərbaycanda yəhudilərin, xristianların, eləcə də digər din və konfessiya mənsublarının milli-dini adət-ənənələrə uyğun yaşayış tərzlərini yüksək dəyərləndiriblər.
Konfransın nəticəsi olaraq Deklarasiya qəbul edilib. Sənəddə bildirilir ki, Cənubi Qafqaz regionunda siyasi, iqtisadi və sosial sabitliyə mənfi təsir göstərən məsələlərin daha yaxşı anlaşılmasına dəstək verilməli, Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı konfliktə, bir milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə dünyanın diqqətinin cəlb edilməsinə yardım göstərilməli, beynəlxalq ictimaiyyət beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq konfliktin tezliklə və birdəfəlik həlli ilə nəticələnən sülh danışıqlarına cəlb olunmalıdır.
Lordlar Palatasında keçirilmiş konfransdan sonra ictimaiyyətin iştirakı ilə “St. Ethelbulga” Mərkəzinin Üç Din Forumunda təşkil olunmuş görüş bütölükdə Dağlıq Qarabağ konfliktinin həlli yollarının müzakirəsinə həsr edilib.
Nümayəndə heyəti və Avropa Azərbaycan Cəmiyyətinin üzvləri Böyük Britaniyanın Lordlar Palatasının digər nümayəndələri və Xarici İşlər Nazirliyinin məsul işçiləri ilə səmərəli görüşlər keçirib. Modern.az