Modern.az

Su vermək savabdır - “Azərsu” 10 illiyə hazırlaşır...

Su vermək savabdır - “Azərsu” 10 illiyə hazırlaşır...

İqtisadiyyat

4 İyun 2014, 17:09

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür


Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla hər il iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
Beləliklə, sabah Azərbaycanda su təsərrüfatı və meliorasiya işçiləri ilk dəfə peşə bayramını qeyd edəcəklər.
Müqəddəs iş görüb savab qazanan “Azərsu” ASC-nin də 12 mindən artıq işçisi bu il ilk dəfə peşə bayramlarını qeyd etməyə hazırlaşır. Bundan bir neçə gün sonra, daha doğrusu iyunun 11-də “Azərsu” ASC-nin yaradılmasının 10 ili tamam olur. 
Modern.az saytı əlamətdar günlər ərəfəsində son 10 ildə bu sahədə görülmüş işlər və qazanılmış uğurlara qısaca nəzər salır.

Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyilə dövrünün mürəkkəb mühədis kommunikasiyalarından sayılan Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemləri mərhələlərlə həllinə başlanılıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş  yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə  30 aya görülməli işlər 12 aya başa çatdırılıb və 1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul edib. Heydər Əliyevin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi 1988-ci ildə təhvil verilib. Beləliklə, bu layihənin hesabına hesabına paytaxta salınmış yeni yaşayış massivlərinin su təchizatı təmin edildi. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.

Paytaxt Bakının tullantı infrastrukturunun inkişafını  nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması da 1970-80-ci illərə təsadüf edir. Heydər Əliyevin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib.

Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya infrastruktunun yaradılması Heydər Əliyevin 1969-82-ci illəri əhatə edən birinci hakimiyyəti dövrünə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələri yaradılmış, su anbarları, su və kanalizasiya xətləri, nasos stansiyaları tikilib.  



Mərhum prezident 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya bankı ilə Avropa yenidənqurma və inkişaf bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk böyük məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatının dayanıqlığını təmin etmək üçün  mərkəzi nasos stansiyalarında reablitasiya tədbirləri görüldü.

Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.

2003-cü ilin oktyabrında hakimiyyətə gələn prezident İlham Əliyev də əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin 11 iyununda Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncamı imzalandı. Sənədə əsasən, buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Bakı kanalizasiya istehsalat birliyinin əsasında “Azərsu” ASC yaradıldı. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondunuda maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və  yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı.

2000 millimetr diametrli şüşəlifli borulardan istifadə olunmaqla tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyə daşıyır. Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 4-də 3-dən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.



“Azərsu” ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə – Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, fiziki və mənəvi aşınmış avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə Stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu.

Regionların inkişafını, əhalinin həyat səviyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş prezident İlham Əliyev regionların, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar verib. Regionların 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013 və 2014-2016-cı illərdə sosial-iqtidisadi inkişafı, həmçinin 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb.

Proqramların icrası ilə əlaqədar Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında infrastrukturun sürətli  inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. 18 bölmədən ibarət sənəd işlənərkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazılıq və digər amillər əsas götürülüb. Master Planın hazırlanması ilə paralel görüləcək işlərin layihələndirilməsi və tikintisinə başlanılıb. Sənədə əsasən, Abşeron yarımadasında 550 km uzunluğunda magistral,  8100 km paylayıcı su xətləri, həcmi 1150 min kubmetr olan su anbarları, 150 km tunel tipli kanalizasiya kollektorları, 680 km kanalizasiya kollektorları,  6400 km kanalizasiya, 3400 km yağış kanalizasiya şəbəkəsi, 900 km yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu  layihələndirilib.



Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu, həmçinin layihənin tərkib hissəsi olan  Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin istismara verilməsi ilə Abşeron yarımadasının su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Unikallığı ilə seçilən bu layihənin icrası nəticəsində yarımadanın şərq hisəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni salınmış yaşayış massivlərinin su problemi birdəfəlik həll ediləcək. 2013-cü ildə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəmərinin Qala qəsəbəsinə qədər olan hissəsinin  inşası tarixən yeraltı və daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri, həmçinin Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərinin su təminatını ciddi şəkildə yaxşılaşdırıb.

Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində su təminatı zəif olan ərazilər əsas götürülməklə 1340 km uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan su anbarları tikilib. Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan 69 Şərq və 110 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.  

Ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib. Görülən işlər nəticəsində həmin binaların su təminati yaxşılaşıb, stabil hidravlik rejim təmin edilib, dəqiq uçot qurulub, zirzəmilərə axan suların qarşısı tam alınıb. Fasiləsiz su ilə təmin olunan binaların damında quraşdırılmış çənlər yığışdırılıb.

Proqramın icrası müddətində Abşeron  yarımadasının yaşayış məntəqələrində 195 min smart-kart tipli sayğac quraşdırılıb. Məişətdə və sənayedə istifadə olunan su sayğaclarının kalibrlənməsi və təmiri məqsədilə inşa olunan su sayğaclarının sınağı laboratoriyasının tikintisi yekunlaşmaq üzrədir.

Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz  su  alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb. Bununla da paytaxtda xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz içməli su ilə təmin olunub.



Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Beynəlxalq maliyyə qurumlaının krediti hesabına 13, dövlət büdcəsi vəsaiti hesabına isə 11 şəhərdə infrastruktur yenidən qurulur. Bu layihələr 350-dən artıq kəndin su probleminin həllini də nəzərdə tutur. Layihələrin icrasını daim diqqətdə saxlayan prezident İlham Əliyev bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Dövlət başçısının diqqət və qayğısı işlərin sürətlə və keyfiyyətlə aparılması ilə nəticələnib. Bunun bariz nümunəsidir ki, Quba şəhərində işlər 2 ilə yekunlaşmış və hazırda ətraf qəsəbələr də daxil omaqla şəhər 24 saat fasiləsiz su alır. Ötən müddətdə 10 şəhərə yeni mənbələrədən suyun verilməsi də təmin edilmişdir. Ümumilikdə görülmüş işlər nəticəsində  rayon mərkəzlərində yaşayan 300 mindən artıq insanın su təminatı yaxşılaşıb.

İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış  Şirvan-Muğan qrup su kəmərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu layihədən 5 şəhər və 121 kəndin 470 min sakini faydalanacaq. Oğuz-Qəbələ-Bakı kəməri ilə Abşeron yarımadasına saniyədə 5 kubmetr suyun nəqli imkan verib ki, Kür Təmizləyici Qurğular Kompleksində emal olunan suyun bir qismi Muğan istiqamətinə yönəldilsin. Azərsu ASC-nin əməkdaşlarının əzmkarlığı nəticəsində 107 km uzunluğunda Hacıqabul-Biləsuvar kəməri 1 il ərzində tikilərək istismara verilib. Bu gün Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən su alır.

Növbəti mərhələdə Salyan və Neftçala şəhərlərinin, həmçinin kəndlərin Şirvan-Muğan qrup su kəmərinə qoşulması təmin olunacaq. Bununla yanaşı Kür Təmizləyici Qurğular Kompleksindən Saatlı və Sabirabad şəhərlərinə 65 kilometr uzunluğunda yeni kəmərin inşası davam etdirlir. Bu layihə magistral kəmər boyu yerləşən 42 kəndi də əhatə edəcək.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Layihə çərçivəsində Girdmançayın yatağında suqəbuledici qurğu, anbar kompleksi tikilmiş, Zərdab şəhərinə 72, Kürdəmir şəhərinə 27, Ucar şəhərinə 57, Ağsu şəhərinə isə 15 km uzunluğunda magistral kəmər çəkilmişdir. Hər 4 şəhərə yeni mənbədən suyun verilməsi təmin edilmiş, Zərdab və Kürdəmir şəhərlərinə suyun verilməsi mərasimlərində ölkə başçısı iştirak etmişdir. İşlər tam başa çatandan sonra ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər bu layihədən faydalanacaq.



“Azərsu” ASC şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb.  Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz, və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də layihələri həyata keçirilib.

Hazırda Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23, Yardımlı rayonunun isə 17 yaşayış məntəqəsinin su təminatı layihələri icra edilir.

Statistikaya nəzər salsaq görərik ki, son 10 ildə “Azərsu” ASC tərəfindən regionlarda 3430 km su, 1225 km kanalizasiya xətti, 96 su anbarı 39 su və kanalizasiya-nasos stansiyaları tikilib. Nəticə etibarı ilə regionlarda fasiləsiz su alanların xüsusui çəkisi 2 dəfədən çox artaraq 55 faizə çatdırılıb.

Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bu baxımdan yeni Mərkəzi Laboratoriyanın yaradılması xüsusi vurğulanmalıdır. Açılışında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etdiyi laboratoriyada  quraşdırılmış müasir avadanlıqların köməyi ilə içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür.

Mərkəzi Laboratoriyanın yaradılması layihəsi çərçivəsində səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələri də alınmışdır. Səyyar laboratoriyaların texniki imkanları istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə tam imkan verir.

İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. SCADA sistemi vasitəsi ilə  anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik müəyyən edilir və daim nəzarətdə saxlanılır.



Eyni zamanda Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb.  “AzərsuCİS” adlanan bu sistemin köməkliyi ilə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrə köçürülür.  “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər  4800 km su, 2200 km kanalizasiya xətti,  890 su anbarı, 266 nasos stansiyası, unikal kod verilmiş 230 min bina və tikili haqqında məlumatlar daxil edilib.

“AzərsuCİS” layihəsi Bentli Beynəlxalq Layihə Müsabiqəsinin, Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda  “Su resurslarının idarə edilməsi” nominasiyasının qalibi olub, SEGUS-2013 İntellektual infrastruktur və Coğrafi İnformasiya Sistemləri konfransının mükafatını qazanıb.

Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. Artan tələbatı qarşılamaq və işçilərin peşə hazırlığını yüksəltmək üçün təlim proqramlarının icrasna başlanılb. Son illər cəmiyyətin 1600-dən artıq əməkdaşı yerli və xarici təlimlərə cəlb olunub. Bunların 250-dən çoxu xarici ölkələrdə təşkil olunmuş təlim və treninqlərdə iştirak edib.  

“Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış müqavilə cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək. Müqaviləyə əsasən Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzi inşa ediləcək, qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq,  250 peşəkar təlimçi hazırlanacaq.  

Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması  və ekoloji sabitliyin təmin olunması  tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son 3 ildə bu tədbirlər çərçivəsində 220 mindən artıq müxtəlif növ ağac, bundan başqa kol və bəzək bitkiləri əkilib.  

Beynəlxalq əlaqələri genişləndirən “Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi- konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirildi. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisində 23 ölkədən 70-dən çox şirkətin təmsil olunması tədbirə marağın böyük olmasından xəbər veirir.  Sərgi ilə paralel təşkil olunmuş konfransa dünyanın tanınmış elm adamları, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri qatılıb. Bütün bunlar isə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi-konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir.

“Azərsu”ASC Dünya Su Şurasının və Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır