Modern.az

Fərdi ev tikintisi - “kağız”da və əyani təcrübədə o neçəyə başa gəlir?

Fərdi ev tikintisi - “kağız”da və əyani təcrübədə o neçəyə başa gəlir?

İqtisadiyyat

5 İyun 2014, 10:37

Həyat təcrübəsi göstərir ki, insan ömrünün sonuna qədər tikir, qurur, yaradır. Təbii ki, hərə öz imkanına görə. Özünü belə dağa-daşa salanlar isə heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verir. Sadəcə, bir məsələ var, o da son illər bu sahədə qaydaların sərtləşdirilməsi. Birotaqlı ev sahəsi üçün vətəndaş zəncirvari şəkildə ərazidəki müvafiq dövlət orqanlarına ( polis sahə müvəkkili,İcra Hakimiyyəti), həmçinin bələdiyyələrə “görüm-baxım” edir...

Modern.az saytı fərdi mənzil tikintisindəki mövcud vəziyyətlə bağlı araşdırmanı təqdim edir.

Başlayaq ilk növbədə məsələnin qanuni tərəflərindən. Fərdi mənzil tikmək istəyən şəxs bir neçə mərhələdən keçməlidir. Bura torpaq sahəsinin əldə edilməsi, evin layihəsinin çəkilib təsdiqlənməsi, layihənin ekspertizası, tikintiyə icazə sənədinin və ünvanın alınması, mülkiyyət hüququnun təsdiqlənməsi daxildir.
Bunlardan ən əsaslarını götürək: bildirdiyimiz kimi, ev tikmək üçün əvvəlcə torpaq sahəsinə malik olmaq lazımdır. Vətəndaş bunun üçün ya torpağı digər şəxsdən pulla alır, ya da bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır. Bu üsulla torpaq sahəsi əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləməkdən ötrü Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı almaq məqsədilə 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərə (pasport və plan-ölçü) görə 50 manat məbləğində dövlət rüsumu ödəyir.
Bu prosesdə digər vacib məqam tikintiyə icazə sənədinin alınmasıdır. Qeyd edək ki, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na əsasən, tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə imtina edir.Tikinti üçün icazə verildikdə isə maneəsiz şəkildə evin tikintisinə başlamaq mümkündür. Lakin bir şərt var: fərdi yaşayış evinin hündürlüyü. Binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalıdır. Tikiləcək evin aşırımları (divar və ya sütunlar) arasındakı məsafə maksimum 6 metr təşkil etməlidir. Ev tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı ilə texniki şərtlər alınır. Bura qaz istismar idarəsi, “Bakıelektrikşəbəkə”, su və kanalizasiya idarələrindən alınan texniki şərtlər daxildir. Texniki şərtlərin alınması üçün müvafiq rüsuma gəlincə, vətəndaş bunların hər biri üçün təxminən 30-40 manat vəsait ödəyir, daha dəqiqi, ödəməlidir...

Fərdi mənzil tikintisi ilə bağlı xərclər və müddətlər

Icra olunan hərəkətin adı

Hərəkəti icra edən idarənin adı

Tələb olunan vəsait (AZN)

Müddət

Qanunvericilik

Torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi

ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

30

20 gün ərzində

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu, Maddə 9.2

Evin layihəsinin çəkdirilməsi

Layihəçəkmə sahəsində fəaliyyət göstərən təşkilat və ya fərdi memar

Təxminən 
200-300

Sifarişçinin istəyi əsasında

“Memarlıq fəaliyyəti haqqında”, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının qanunları

Tikintiyə icazə sənədinin verilməsi

  İH Memarlıq və Şəhərsalma İdarəsi

_______

Konkret deyil

“Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”

Texniki şərtlərin alınması

Rayon İH memarlıq şöbəsinin iştirakı ilə “Bakıelektrikşəbəkə”, qaz istismar, su-kanalizasiya idarəsi

30-40

5-7
gün ərzində

Nazirlər Kabinetinin texniki şərtlərin verilməsi ilə bağlı müvafiq qərarları

İstismar haqqının alınması

Rayon icra hakimiyyəti orqanı

Vəsait ödənilmir

Konkret deyil

“Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”

Evə ünvan alınması

ƏMDK yanında Daşınmaz Əmlakın Vahid Kadastrı Mərkəzi

30

3 gün

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”

Yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı və çıxarışın verilməsi

ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

30

20

Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu


Lakin rəsmi prosedurlara baxmayaraq, onlar da bəzi qaydalar və qanunlar kimi kağız üzərindədir. Yəni qeyd etdiklərimiz prosesin qanuni və tələb edilən tərəfləridir. Amma göstərilən mərhələlərin hər biri yerli icra strukturları tərəfindən öz xeyirlərinə dəyişdirilib. Yəni hər bir rayonun İcra Hakimiyyəti fərdi yaşayış evinin tikintisi üçün öz şərtlərini irəli sürür.

Konkret olaraq birotaqlı yaşayış sahəsinin tikintisinin icazəsi vətəndaşa 5000 manata başa gəlir. Zonadan asılı olaraq bəzən qiymətlər dəyişir. Hətta paytaxtın elə əraziləri var ki, İcra Hakimiyyəti tikintiyə başlamazdan əvvəl vətəndaşdan 50 min manat tələb edir. Təbii ki, bu da hər rayonunun “kiçik padşahının” qoyduğu özünəməxsus qaydalardır. Yəni evin tikdirilməsi zamanı həmin “padşahları”n xeyir-duasını almalısan. Bu görüm-baxım isə heç də 5-6 manata başa gəlmir.

Məsələn, əldə etdiyimiz məlumata görə, Binəqədi rayonunda fərdi yaşayış evinin tikintisi üçün İcra Hakimiyyətinə 5000, Xırdalanda 5000, Abşeronda 1000, Nəsimi, Nərimanov, Yasamal isə fərdi ev tikmək üçün İcra Hakimiyyətinə 10 min manat qeyri-rəsmi rüsum ödəməlisən. Təbii ki, hər rayon üzrə polisin özünün də “şapka”sı var. Abşeron rayonunda İcra Hakimiyyətinin qoyduğu qeyri-rəsmi rüsumdan əlavə polisə də 200 manat “şirnilik” verməlisən. Eyni məbləğ Xırdalan rayonuna da aiddir. Binəqədi rayonunda polisin “şirinliy”i də icra hakimiyyətinin qoyduğu “daskıya” daxildir. Çox maralıdır ki, Xəzər rayonunda İcra Hakimiyyəti fərdi ev tikintisi ilə bağlı heç bir məbləğ müəyyənləşdirməyib. Sadəcə fərdi evin tikintisi üçün icazəni rayon polisi yerinə yetirir. Ən ucuz qiymət demək olar ki, elə bu rayondadır. Sözügedən rayonda fərdi evin tikintisi üçün icazə almağa 500 manat ödəmək kifayətdir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin baş memarı Feyzulla Quliyev deyir ki, tikintiyə görə dövlət rüsumu çox cüzi məbləğdir. Baş memarın sözlərinə görə, maksimum dövlət rüsumu 500 manata kimi məbləğ tutur.

“Vətəndaş tikinti şirkətinə layihə üçün sifariş verməlidir. Müqavilə imzalayıb pul ödəməlidir. Layihənin qiymətinə gəlincə isə bu memarın işinə görə müəyyən etdiyi məbləğ və evin kvadratmetrinə görə dəyişir. Amma bu, böyük məbləğ deyil”.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, qeyri-qanuni ödənişlər o zaman baş verir ki, torpağın müvafiq sənədləri olmur: “Evin tikintisi ilə bağlı rəsmi ödəniş yoxdur. Yalnız mənzilə istismar aktı alarkən cüzi ödəniş həyata keçirilir. Bir də texniki şərti alarkən”.
Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün İcra Hakimiyyətinə pul ödənməsinə toxunan R. Osmanov deyir ki, burada hər iki tərəfin günahı eynidir:

“Vətəndaş torpaq alarkən gələcəkdə problemlə qarşılaşmamaq üçün sənədlərə diqqət eməlidir”.
Mütəxəssisin dediyindən belə bəlli olur ki, son illər fərdi ev tikintisində bahalaşma baş verib: “Bu, bütün seqmentlərdə olduğu kimi, bazardakı konyunkturaya uyğun olub. Yəni qiymət həm artıb, həm azalıb. Daha çox torpağın qiymətinin dəyişməsi fərdi yaşayış evlərinin tikintisinə təsir edib. Hazırda müəyyən ərazilərdə söküntü işləri gedir. Əhali aldığı kompensasiyanı şəhərdən kənardakı ərazilərə yönəldir, bu da tələbi artırır. Tələbin artımı qiymətə təsir göstərməlidir”.

Sonda belə nəticəyə gəlmək olar ki, fərdi yaşayış evini tikərkən polis orqanlarına (əməliyyat müvəkkili, tədqiqatçı, polis sahə inspektoru) və İcra hakimiyyətlərinin müvafiq şöbələrinə ödənilən 5000-15000 manat qeyri-qanuni ödənişdir. Əslində isə Tikinti Məcəlləsi bu kimi korrupsiya hallarını aradan qaldırmaq məqsədilə qəbul edilib. Lakin icra orqanları ciblərini doldurmaq üçün buna da “çarə” tapıblar. Qanun bu məsələdə faktiki “kağız parçası”na çevrilib.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü