Modern.az

Akademik Vasim Məmmədəliyev plagiatçılıqda suçlandı

Akademik Vasim Məmmədəliyev plagiatçılıqda suçlandı

5 İyun 2014, 11:36

Ərəbşünas alim İdris Abbasov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevi plagiatlıqda ittiham edir. İ.Abbasovun sözlərinə görə, “Ərəb dilçiliyi” dərsliyində Misir və İraq ərəbşünaslarından faydalandığını əksər məqamlarda V.Məmmədəliyev istinadla göstərməyib.

Modern.az saytı həmin ittihamı əsaslandıran dəlillərin bəzilərini çatdırır:

İdris Abbasovun sözlərinə görə, “Ərəb dilçiliyi” kitabı, əsasən, Misir Ərəb dili Akademiyasının sabiq prezidenti Şövqi Zeyfin "Əl-Mədarisu-n-nəhvıyyə" (Qrammatika məktəbləri) və məşhur Bağdad dilçisi Ənbarinin "əl-İnsaf" əsərinin adda-budda, sistemsiz, bəzən məna kəsb etməyən yarımçıq tərcümələri əsasında ortaya qoyulub.

“Əksər hallarda mənbələrin "özəlləşdirilməsi", yaxud yanlış mənbələr göstərilməsi kitabın başlıca naqis cəhətlərindəndir. Vasim Məmmədəliyev kitabın sonunda müxtəlif dillərdə 239 ədəbiyyat siyahısı göstərsə də, bu, bir işə yaramayıb, hətta sadalanan ədəbiyyatdan 49-nun bəzilərinin nəşr ili, bəzilərinin isə nə nəşr ili, nə də nəşr olunduğu yer göstərilib”.

İdris Abbasoğlu Modern.az saytına yolladığı faktlarla iradlarını əsaslandırmağa çalışır. Alim Şövqi Zeyf və Ənbarinin əsərlərindən faktları göstərməklə onların V.Məmmədəliyevin kitabında istinadsız olaraq qeyd olunduğunu bildirir:

“Akademik Vasim Məmmədəliyev Bəsrə məktəbinin görkəmli nümayəndəsi əl-Əxfəş əl-Əvsət haqqında yazdıqlarını, əsasən, Şövqi Zeyfin adıgedən əsərindən mənbə göstərmədən köçürür. Müəllif izi azdırmaq üçün nömrələmə və yerdəyişmə üsuluna əl atır, "bənd"lər təşkil edir. İlk baxışda adama elə gəlir ki, bu, Vasim Məmmədəliyevin min bir zəhmətlə müxtəlif mənbələri oxuyub müqayisə edərək, gəldiyi nəticələrdir. Şövqi Zeyfin əl-Əxfəş haqqında yazdıqlarını oxuyanda hörmətli akademikin fəndlərinin üstü açılır. Bəli, söhbət burada bəndləşdirmədəki fənddən gedir. Demək istəyirəm ki, bunların əksəriyyəti məna kəsb etmir, hətta təhrifə qədər aparıb çıxarır”.

İttihamçı daha sonra konkret faktları qeyd edir: “Vasim Məmmədəliyev Şövqi Zeyfin məlum əsərinin 107-ci səhifəsində aydın izah olunmuş fikri yarımçıq və anlaşılmaz şəklə salaraq təqdim edir. Gəlin müqayisə edək.

Şövqi Zeyf, s.107:

Tərcüməsi: "Əvvəlcədən bizə məlum olduğu kimi, Xəlil və onun ardınca Sibəveyhi belə hesab edirdilər ki, “’əşyə’u” sözü “fə‘lə’u” modeli üzrə düzəlmiş və ona görə də hallanmır. Əl-Əxfəş iddia edir ki, “şey’un” sözü “’əf‘ilə’u” modelinə müvafiq olaraq “’əşyi’ə’u” kimi cəmlənir. Sonradan nitqdə asanlıq yaratmaq məq­sə­dilə “’əf‘ā’u” modeli üzrə dəyişərək “’əşyə’u” şəklinə düşmüşdür" (Zeyf, s.107).

Vasim Məmmədəliyev, s.38: 

“5. “Əşyau” (əşya) sözü “əfiləu” modeli üzrə cəmlənmişdir. Bəsrəlilər onun fə‘ləu’ forması üzrə cəmləndiyini göstərirlər” (V.M., s.38)”.

İdris Abbasovun araşdırmalarına görə, akademikin adıçəkilən kitabında aşağıdakı məqamlarda plagiatlıq nəzər çarpır:

“1. Əxfəşin (ərəb alimi)  müddəalarına dair tərtib etdiyi 14 bəndin yalnız 3-cü bəndində mənbə göstərir, yerdə qalan 13 bəndə dair istinadları isə özününküləşdirir;
2. Zəccacın mülahizələrini əks etdirən 7 bənddən yalnız ikisində mənbə göstərilir. Araşdırmamız nəticəsində aydın olur ki, həmin mənbələr də Şövqi Zeyfə məxsusdur.
3. Bəsrə qrammatiki əs-Sirafi haqqında yazdıqlarını, demək olar ki, başdan-ayağa Şövqi Zeyfdən köçürür, yalnız bir cümlədə və bir abzasda müəllifə istinad etdiyini göstərir, qalan səkkiz abzası mənimsəyir.
4. Əndəlus qrammatika məktəbinin nümayəndəsi Əbu Həyyan əl-Əndəlusi barəsində yazdıqlarında da ənənəyə sadiq qalaraq Şövqi Zeyfi bir an belə gözündən irağa qoymur, adəti üzrə, ondan köçürdüklərini özününküləşdirir.
5. Əbu Həyyan haqqındakı yazısında akademik yenə də Şövqi Zeyfdən köçür­düyü və onun mənbələrini mənimsədiyi halda, bir yerdə də olsun, buna işarə etmə­miş və bu tövrü ilə əsərin müəllifinə bir növ “sitəm etmişdir””.

Qeyd edək ki, ərəbşünas alim İdris Abbasov akademik Vasim Məmmdəliyevin ədəbiyyat siyahısının tərtibində, onlardan düzgün istifadə etməklə, ərəb alimlərinin adları əvəzinə polyak və Avropa şərqşünaslarına istinad etməsini, Şövqi Zeyfin məlum kitabından səhifələrdən düzgün istifadə etməməsini də göstərib. Ərəbşünas alimin 32 səhifəlik yazısında əsaslı faktlar var.

Elmin Nuri

P.S. Modern.az elektron medianın prinsip və çərçivələrindən kənara çıxıb onları təqdim etmək imkanında olmasa da, əks tərəfə öz dəliləri ilə cavab verməsi imkanını yaratmağa hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir