Modern.az

Millət vəkili: “Bu həyatda nə qadın, nə də kişi dostum var”

Millət vəkili: “Bu həyatda nə qadın, nə də kişi dostum var”

Müsahibə

25 İyun 2010, 11:38

Modern.az saytının suallarını Millli Məclisin deputatı Jalə Əliyeva cavablandırır

- Jalə xanım, üçüncü çağırış Milli Məclisin vaxtının başa çatmasına bir neçə ay qalıb. Bu paramentin fəaliyyətinə necə qiymət veririsiniz?

- Milli Məclisin 5 illik fəaliyyətini həm qənaətbəxş, həm də məhsuldar hesab edirəm. Bu 5 il ərzində Milli Məclisdə 1000-dən artıq qanun qəbul olunub. Üçüncü çağırış Milli Məclis ölkə üçün çox əhəmiyyətli olan işlər görüb. Prezidentin də dəfələrlə dediyi kimi, bütün bunlar insan amilinə, kapitalına yönəlmiş addımlardı.

Bu 5 il ərzində Milli Məclisin bütün komitələri çox vacib olan məsələlər üzərində işləyib. İstər beynəlxalq müqavilələrə qoşulmaq baxımından, istərsə də qanunların təkmilləşdirilməsi baxımından çox faydalı işlər görülüb. Xüsusilə, mən büdcə müzakirələrini qeyd etmək istəyirəm. Parlamentin növbədənkənar  sesiyasında büdcəyə əlavələri müzakirə etdik. Bu, sadəcə alqışlanmalı, sevindirici hal deyil, eyni zamanda qürürverici bir məsələdir.Yəqin ki, hər bir vətəndaş da bunu belə qəbul edir. Çünki dünyada baş verən dəyişikliklərindən, iqtisadi böhranlardan az-çox xəbəri olan hətta sıravi vətəndaş da anlayır ki, belə vəziyyətdə Azərbaycan büdcəsi durmadan artır. İllik büdcəsnin müzakirəsindən 6 ay sonra biz yenidən büdcəni atırdıq. Təbii ki, bu nailiyyətin arxasında ölkə Prezidenti durur. Prezidentin ölkə xaricində və daxilində keçirdiyi  çox balanslı və çevik siyasəti dayanır. Milli Məclisdə büdcə məsələsi müzakirə edilərkən hər bir millət vəkili çox aktiv iştirak etdi. Onların 6 ay əvvəldən irəli sürdüyü bir çox müsbət xarakterli təklifləri dəyişiklikdə öz yerini aldı.

- Hər bir parlamentin imicini həm də onun üzləri formalşdırır. Bu mənada indiki parlamentin tərkibini necə dəyərləndirirsiniz?

- Milli Məclisin deputatlarının hər biri özlüyündə 35-40 min insanın səsini toplayan, seçilən insanlardır. O insanların da üzvü olduğu parlamenti mən ancaq müsbət xarakterizə edə bilərəm. Bu parlamentdə uzun illərin çox təcrübəli hüquqşünasları, iqtisadçıları, ziyalılarımız, qələm əhlimiz təmsil olunub. Düşünürəm ki, onlar kimi insanların  bu parlamentdə təmsil olunmaları Azərbaycanın xeyrinədir və Azərbaycan maraqları çərçivəsindədir.

- Yəni bu tərkib sizi tam qane edir?

- İmici 125 deputat ayrı-ayrılıqda da və ümumilikdə də formalaşdırır. Mən həmkarlarımı ayrı-ayrılıqda xarakterizə etmək istəmərəm. Bu, mən tərəfdən etik sayılmaz. Bu imicə bəzən öz işləri ilə xələl gətirənlər də olur. İstər mövqeləri ilə, istərsə də yerli-yersiz çıxışları ilə, bu kimi şeylər də olur. Amma ümumilikdə götürdükdə azlıq həmişə çoxluğa tabedir. Çoxluğa baxanda bu parlamentin mənzərəsi mənim nəzərimdə normal, qənaətbəxşdir.

- Deputatların xeyli hissəsi yerlərdə icra başçıları ilə normal münasibətdə olmadıqlarını deyirlər. Bizim üçün maraqlıdır ki, Zərdabın icra başcısı ilə sizin münasibətləriniz necədir?

- İcra başçıları cənab Prezidentin birbaşa sərəncamı ilə təyin edilirlər. Onlar iqtidar komandasının üzvləridirlər və dövlətin siyasətini yerlərdə həyata  keçirən icraçıdırlar. Millət vəkili isə xalqla dövlət arasında bir körpüdür. Ancaq millət vəkilləri birmənalı olaraq iqtidar partiyasının üzvləri deyillər. Bunların içərində çox fərqli insanlar da var. Müxalif partiyanın nümayəndələri və bitərəflər də var. Düşünürəm ki, bəlkə onların fikirlərindəki fərqli mövqe başçı ilə hardasa bir toqquşma yaradır. Ancaq mənim şəxsi qənaətim odur ki, əgər o deputat bu ölkənin mənafelərindən çıxış edirsə,  bir atalar sözü var da “Min acını ud, bir şirinin xatirinə”, əgər millət vəkili icra başcısı ilə əl-ələ verib işləyə bilirsə, mənə elə gəlir ki, artıq orada xırda incikliklərə yer olmamalıdır. Özümlə əlaəqdar onu deyə bilərəm ki, Zərdab son 4-5 ilə qədər iqtisadi cəhətdən çox geri qalmış rayon idi. Ancaq Prezidentin təsdiq etdiyi dövlət proqramları çərçivəsində Zərdaba da böyük diqqət ayrılmağa başladı. Mən artıq ikinci başçı ilə işləyirəm. Mən seçilirkən o zamankı başçı ilə də (onun da Zərdabın inkişafında çox böyük rolu olub) biz çox məsludar işləmişik. Vaxt olubdu ki, onunla eyni gündə nazirin qəbuluna getmişik. Rayonun inkişafı üçün çalışmışıq. Belə faktlar çox olub. Yeni gələn başçı ilə də münasibətlərim qənaətbəxşdir.  Hərənin öz stili var. Mən deyə bilmərəm ki, bu başçı ilə nazirliklərə, görüşlərə gedirəm. Onunla da hər zaman eyni mövqedən çıxış edirik.

- Olubmu ki, seçicilərinizin hər hansı bir problemi ilə bağlı dövlət qurumun rəhbəri sizə kömək etməsin, zənginizə cavab verməsin?

- Prezidentin daşqınla bağlı keçirdiyi müşavirədə bir ifadəsi yadıma düşdü. Üzünü nazirlərə, komitə rəhbərlərinə tutaraq dedi ki, “elə bilin ki, bu hadisələr öz evinizində baş verir və öz başınıza gəlmiş kimi əhaliyə cavab verin”. Yenə də mən cənab Prezidentə istinad edəcəm. Parlament binasının yeni binasının açılışı zamanı belə bir ifadə işlətmişdi ki, məmurlardan insanlarımıza qarşı diqqətli olmağı tələb edir və deputatların da onlarla birlikdə olmasını istəyir. Bizim də vəzifəmiz bir millət vəkili səlahiyyəti daxilindədir, gələn məktubları müvafiq təşkilatlara göndərib deputat sorğusu ilə cavab almaq və səlahiyyətlərin imkan verdiyi qədər bu işi sona çatdırmaq və əgər nəsə bir narazılıq, haqsızlıq varsa, onu aradan qaldırmağa istiqamətlənib. Mən deməzdim ki, bütün nazirliklər, məmurlar hamısı zəngimizə cavab verirlər. Yəni hər cür vəziyyətlə qarşılaşırıq. Elə olur ki, 2-3-cü cəhdimizdə də əlaqə saxlaya bilmirik. Amma bu da insanın öz şəxsi keyfiyyəti ilə bağlı məsələdir. Dövlət qarşısında məsuliyyəti, öhdəliyi ilə bağlı məsələdir. Bəlkə təsadüf olur, o məmur yerində olmur. Şəxsən fərdi qaydada mənə gələndə, bu günə qədər deyə bilmərəm ki, hansısa yazdığım məktub cavabsız qalıb. Seçicilərimin problemləri ilə bağlı bütün məktublar cavablandırılır. Əgər həqiqətən həll edilməsi mümkündürsə, bu, həll olunub. Mən obyektiv danışıram.  Elə şey də olur ki, araşdıranda görürsən ki, seçici səni düz məlumatlandırmayıb, nələrisə səndən gizlədib. Konkret fakt deyim. Mən millət vəkilliyinə namizədliyimi verəndə rayondakı vəkilim mənə yaxınlaşıb dedi ki, burada bir nəfər var. O deyir “əgər qızımız millət vəkili olarsa, mənə kömək edə bilərmi, mən övladlığa uşaq götürmək istəyirəm”. Mənim üçün atılmış uşaq mövzusu çox həssasdır. Mənə çox toxunan bir mövzudur. Hətta mən cəsarətimi toplayıb uşaq evlərinə gedə bilmirəm. Hətta mən özümü o uşaqların qarşısında günahkar hesab edirəm. Bu söhbəti eşidəndə sevindim. Bu savab işdir. Dedim, “seçilsəm, burada çətin məsələ yoxdur, sənədləi toplayıb normal qaydada müraciət edəcəyik, uşağı verəcəklər”. Mən seçildim, müraciət də etdik. Sən demə bu şəxs özü üçün yox, oğlu üçün ovlad istəyirmiş. Bunun da oğlu olmayıb, bu da övladlığa uşaq götürüb, indi də övladı uçün övladlığa uşaq götürmək isəyirmiş. Nə isə. Müraciət etdim və mənə cavab gəldi ki, bu, mümkün deyil. Mən Bakı şəhər Baş Səhiyyə İdarəsinə getdim, müdir Leyla xanımın qəbulunda oldum. Sən demə o şəxs bir sənədi mənə verməyib, məndən gizlədib. Onun özünün övladlığa götürdüyü oğlu sonradan aldığı zərbə nəticəsində psixi xəstəlik qazanıb. Qanunvericiliyə görə bir dəfə taleləri pozulmuş uşaqları belə şəxslərə vermirlər. Mən bu məsləni həmin kişiyə başa salmaq istədim. O isə mənə dedi ki, normal qaydada qayda-qanunla ala bilsəydi, özü alardı: “Ala bilmədiyimə görə sizə müraciət etmişəm”. Mən də başa salmağa çaılışdım ki, mən uşaq oğrusu deyiləm ki... Bu bir faktdır. Buna bənzər hallar çox olur. O zaman dövlət strukturu nə etsin? Təbii ki, mənə mənfi cavab verəcək. Bununla mən hər şeyi ört-basdır etmək istəmirəm. Başqa cür düşünən məmurlarımız da var.

- Jalə xanım, 5 il işlədiyiniz parlamentdə özünüzə dost qazana bildinizmi?

- Mən problem sevməyən bir insanam. Mən həyatımda elə davranmıram ki, sonradan mənə problem yaransın. Və yaxud dost dediyim insan sonra düşmənə çevrilsin. Mənim şəxsi keyfiyyətlərim odur ki, çalışıram müəyyən sərhədləri keçməyim. Yəni dostamsa, onu da bir taraz vəziyyətdə saxlayım. Düşünürəm ki, münasibətləri axarında, bir az sərhədli, bir-birinin işinə qarışmadan saxlayanda həqiqətən də təmiz dostluq münasibəti qalır. 

- Belə çıxır ki, parlamentdə dost qazanmadınız, sadəcə yoldaşlarınız çox oldu?

- Buna kənardan qiymət veriləndə daha düzgün olar. Mən deyə bilmərəm ki, çoxlu dostum var. Digərlərinin fikrini öyrənəndə, reaksiyadan bilinir ki, kimin kimlə münasibəti nə dərəcədədir? Ona görə də mən düşünürəm ki, hər birilə istər qadın, istərsə də kişi olsun normal, sıravi yoldaşlıq münasbətləri var. Mənim həyatımda ümumiyyətlə, rəfiqəm, dostum yoxdur. İstər qadın, istərsə də kişi cinsindən. Heç vaxt olmayıb. Ancaq təbii ki, yaxın olduğum insanlar var. Ad günlərində, pis günlərdə bərabər olduğumuz insanlar var. Bu da belə də olmalıdır.

- Milli Məclisdə xanim deputalarının biri-birlərilə yola getmədiyi söylənilir...

- Mən şəxsən şahidi olmamışam. Mən şəxsən belə bir münasibətin olmasını istəməzdim. Çünki bu insanların hər biri seçilmiş insanlardır. Bu gün bizdə 14 qadın deputat var. Biz elə də çox deyilik. Arzu edərdim ki, onlar arasında hansısa bir konflikt olmasın. Hər bir insan öz fikrində azaddır. Ancaq o demək deyil ki,  14 millət vəkili hamısı eyni cür geyinməli, fkirləşməlidir, eyni cür cür çıxış etməlidir. Fərqli çıxışlar da etmək olar. Mən bu kimi halları qəbul etmirəm. Bu əlbəttə ki, xoş deyil. Məcburiyyət yoxdur hamı dost olsun, qarşılıqlı hörmət və elə düşündüyünü onun qarşısında desən, bu cür yaxşı olar, nəinki, sonradan gedib bağlı qapı arxasında bir başqa yerdə danışmaq. Bu əlbəttə ki, xoş deyil. Amma mən inanmıram. Bizim parlamentdə hər halda açıq fikirli insanlar çoxdur.

-Qarşıdan gələn seçilərdə işirak edəcəksinizmi?

- Düşünürəm, iştirak etmək istəyirəm. Siyasət meydanı çox geniş meydandır və uzun bir yol keçir. Bu meydanı mən həm də pərdə arxasından izləmişəm. 2000-ci ildə ilk dəfə sözümü dedim, uğursuzluq oldu. 2005-ci ildə uğur qazandım. Qürur hissi keçirirəm ki, mən bu 5 ildə parlamentdə oturmuşam, nə isə edə bilmişəmsə, onun üçün fəxr edirəm. Nə isə edə bilməmişəmsə, onun üçün üzülürəm. Yol davam edir. Mənim anam Nurəngiz xanımın, Azərbaycanın müasir poeziyasının qadın şairəsinin artıq şlyagerə çevrilmiş bir şeiri var: “Yol gedirəm yol olanadək”. Bu böyük yoldur. Allah qoysa, yol olanadək gedəcəyik.

- Yəqin ki, namizədliyinizi  təmsil etdiyiniz dairədən verəcəksiz?

- Təbii ki. Belə deyək ki, 2005-ci ildə hələ siyasi meydanda, ölkədə geniş tanınmadığım halda əlbəttə ki, birbaşa seçicilərimin olduğu rayon mənə daha yaxın idi. Bu normal prosesdir. Mənim orada özümü tanıtmağım da daha asan idi. Artıq 5 illik məsafə var. 5 ildə ölkə miqyasında vətəndaşlar hər birimizi tanıyıb və qiymətimizi də veriblər. Təbii ki, öz rayonumuzdan namizədliyimi verməyi düşünürəm. Hələ ki vaxtımız var konkretləşdirməyə. Birinci dəfə seçicilər gözü bağlı səni seçir. İnanır verdiyin vədlərə, belə deyək, seçici yeni bir sima, qüvvə axtarır və səni görür qarşısında. Nə iləsə-fikirlərinləmi cəlb edirsən, gəlib səs verir. Amma 5 ildən sonrakı, 2-ci dəfə eyni yerdən namizədliyini verməyin artıq sənin o 5 ildəki fəaliyyətindən aslılıdır.

- Gələcək parlamentin tərkibini necə görmək istəyərdiniz?

- Bu 5 il ərzində izlədiklərim belə deməyə əsas verdi ki, bizə peşəkar hüquqşünaslar, iqtisadçılar, tarixçilər lazımdır. Mənim nəzərimdə birinci yeri hüquqşünaslar və iqtisadçılar tutur. Sabah elə bir adam ola bilər ki, heç tanınmır, nə də ki dediyim peşə sahibləri deyil. Amma dünya, ölkə siyasətindən baş çıxarır ki, bəlkə də onun parlamentdə gəlib oturmağı daha çox faydalıdır. Bu, bir az nisbi məsələlərdir. Ancaq real olaraq baxanda qanunların yazılması 1-ci növbədə hüquqşünasların işidir. Ayrı-ayrı sahələrdə iqtisadçılar, mühəndislər, dilçilərə ehtiyac olur. Mən düşünürəm ki, müəyyən bir yaşa qədər  öz sahəsində sözünü demiş, özünü təsdiq etmiş insanlar parlamentdə olarsa, bu, ümumi işin xeyrinə olar.

- Jalə xanım, adətən Milli Məclsdə bayram təbriklərini  siz oxuyursuz. Bunun səbəbini bilmək istərdik. Bu nə ilə bağlı ola bilər?

- İnanın, bilmirəm səbəbi nə ilə bağlıdır. Bəlkə də bu diksiya ilə bağlıdır. Mən demirəm ki, mətni hamıdan yaxşı oxuyuram. Ümumiyyətlə, uşaqlıqdan böyük təntənəli bayramlarda, tədbirlərdə çox iştirak etmişəm. Hələ rəhmətlik Prezidentimiz Heydər Əliyev 1-ci dəfə hakmiyyətdəykən, Sovet İttifaqı dövründə Leonid İliç Brejnev tez-tez gəlirdi Azərbaycana. Mən də balaca qız idim. Hər il gəlirdi, mən ona gül təqdim edirdim, səhnəyə çıxıb şeir deyirdim. Yəqin ki, bu mənim alınıma yazılmış bir şeydir. Həmişə mən dövlət tədbirlərində çıxış etmişəm. Aktiv olmuşam. Orta məktəbdə 10 il, univeristetdə 5 il  sinif nümayəndəsi olmuşam. Bəlkə bunlar qanıma işləyib. Bunu da bəlkə rəhbərlik görüb dəyərləndirib.

- Bəlkə xarici görkəm də burada rol oynayır?

- Əsla, mənim belə bir iddiam yoxdur. Qadınlar hamısı gözəldir. Əsas odu insanın daxili gözəl olsun. Bunlar söz xatrinə deyilmiş sözlər deyil. Mən əsla sevmərəm ki, birinci olum. Hərə öz yerində gözəldir.

 

Təhminə PAŞAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu