Modern.az

92 yaşlı Milli Ordumuz

92 yaşlı Milli Ordumuz

26 İyun 2010, 01:01

Silahlı Qüvvələrin yaranmasından 92 il ötür

 

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycanda ordu quruculuğu prosesi çox çətin və mürəkkəb mərhələlərdən keçib. Həm Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə, həm də müstəqilliyimizin yenidən bərpa edildiyi 1991-ci ildən sonra ordu quruculuğu istiqamətində saysız-hesabsız maneələr dəf edilib.

  

Milli Ordunun yaranma tarixi

 

1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman qardaş Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib. 1918-ci il iyunun 26-da şərqin ilk demokratik respublikasında Milli Ordunun təməli qoyulub, general Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç baş qərargah rəisi təyin olunub. O zaman Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu birgə buna nail ola bildi.

1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərib. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verilib və 24-29 yaşlı oğlanlar səfərbər edilib. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.

AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.

 

İmperiya azərbaycanlıların hərbçi olmasını istəmirdi

 

SSRİ qurulundan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Qızıl Orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Keçmiş SSRİ rəhbərliyinin bilərəkdən yeritdiyi bu siyasətin məqsədini Azərbaycanın o vaxtkı rəhbərliyi də anlamamış deyildi.

1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu. C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

 

Müstəqillik dövründə ordu quruculuğu

 

1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.

1993-cü ildən sonra quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı.

Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

 

İslahatlar davam edir

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var. Ali Baş Komandan İlham Əliyevin sözlərinə görə, son 7 il ərzində Azərbaycanın hərbi xərcləri 13 dəfədən çox artıb. 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Son illər Azərbaycanda hərbi təyinatlı məhsullar istehsalı olunur. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıb. Silahlı Qüvvələrinin peşəkar zabit kadrları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. Ali baş komandanın əmrilə ildə 4 dəfə yaşı 18-dən 35-dək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.

1997-ci ildən etibarən Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatlar həyata keçirilməyə başlanıb. Hazırda Azərbaycan hərbçiləri sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda antiterror əməliyyatlarında iştirak edir. Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, Rumıniya, Litva, Latviya, Bolqarıstan, Rusiya,  Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Pakistan, İran və digər bir sır a ölkələrlə hərbi sahədə münasibətlərə dair müxtəlif sənədlər imzalanıb.

Səngərdə düşmənlə üz-üzə

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki,

hər gün cəbhə xəttində atşəksin pozulması halı baş verir.

Azərbaycan Respublikası düşmən tapdağı altında qalan arazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. «Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə hərbi yolla məsələnin həllinə nail olacağıq»-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib.

Qeyd edək ki, müstəqilliyin bərpasından sonra Bakıda Azadlıq meydanında iki dəfə - 1992-ci il oktyabrın 16-da və 1998-ci il iyunun 26-da Azərbaycan Silyahlı Qüvvlərinin hərbi paradı keçirilib.

 

  

Adəm Qorxmaz 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu