Modern.az

“Badamlı”, “Sirab”, “Qax” - Satışda olan bu markalı məhsullar doğrudanmı mineral sulardır?

“Badamlı”, “Sirab”, “Qax” - Satışda olan bu markalı məhsullar doğrudanmı mineral sulardır?

İqtisadiyyat

9 İyun 2014, 12:57

“Azərbaycanda nə qədər qablaşdırılmış suyun istehsal olunduğu haqda heç kim, o cümlədən də Dövlət Statistika Komitəsi açıqlama vermir. Heç Statistika Komitəsinin saytında da bu haqda məlumat yoxdur. Nə qədər su istehsal olunduğu haqqında yalnız vergi orqanlarına hesabat verilir”.
Bunu Modern.az-a Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan bazarında satılan “Badamlı”, “Sirab”, “Qax”, “Narzan”  və digər mineral sular ölkədə və ölkə xaricində tanınan brendlərdir:

“Amma bunların istehsalının miqdarı da bəlli deyil. Heç kəs də istehsal etdiyi sular haqqında hesabat vermir. Ona görə deyə bilmərik ki, bunlar həqiqətən də adı göstərilən, brend kimi təqdim edilən yerlərdə, yoxsa, sexlərdə istehsal olunur. Mənə maraqlıdır, su istehsalçıları niyə bunu açıqlamır? Problem də bundan ibarətdir. Bu gün Azərbaycanda “qara dəftər”, “qara siyahı” məsələsi var. Ona görə gizlədilir ki, əlavə xərclər həddən artıqdır, yoxlayıcı orqanlara xərclər çox çıxdığı üçün istehsalçı şirkətlər də məcburən buraxdığı məhsulun sayını gizlədir. Əsas səbəb xərclərin çoxluğu ilə bağlıdır”.

D.Məmmədov bildirir ki, ümumiyyətlə, Azərbaycanda su istehsalı sahəsində boşluq var: “Bu sahəyə hökumətin diqqəti çox aşağıdır. Qonşu Gürcüstan təkcə su satmaqla, ildə milyonlarla pul qazanır. Əfsus ki, bizdə mineral bulaqların suyu axıb çaylara gedir. Bulaqların suyundan düzgün istifadə edilmir. Bunun digər səbəbi həmin sahə ilə məşğul olan adamların mütəxəssis olmamağı ilə bağlıdır. Əks halda, biz də Gürcüstan kimi dünya bazarına su çıxarar, bununla da ölkəyə milyonlarla vəsait gətirə bilərdik”.

D.Məmmədovun fikrincə, Azərbaycanda istehsal olunan suların tərkibinə nəzarət yox dərəcəsindədir: “İldə bir dəfə su şirkətlərinə Səhiyyə Nazirliyindən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən sertifikat verilir. Su müəssisələri həmin sertifikat əsasında fəaliyyət göstərir. Ancaq heç kəs həmin suyun mənbəyindən nümunə gətirib laboratoriyada yoxlama aparmır. Dükanda satılan məşhur brendli suları boş şüşələrə dolduraraq adını çəkdiyim dövlət orqanlarından sertifikat almaq üçün yoxlamaya gətirirlər. Vəziyyət belədir”.

Ekspertin iddiasına görə, Azərbaycanda satılan tanınmış brendli suların əksəriyyəti adi quyu sularıdır:  “Bu gün həmin quyulardan suyu yüksək təzyiqli filtrlərdən keçirib şüşələrə dolduraraq satırlar. Suyun tərkibində olan bütün minerallar çıxarılır, ölü su kimi əhaliyə satılır. Əhali içdiyi suyun tərkibində nə olduğunu isə heç bilmir. Əminliklə deyirəm ki, dükanlarda satılan suların 50 faizi standartlara cavab vermir”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, istehlak bazarının keyfiyyətsiz, təhlükəli mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilən qaydada təsərrüfat subyektlərində mütəmadi olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  bu sahəyə nəzarəti daha da gücləndirib: “Bazarda apardığımız monitorinqlərdə indiyədək hər hansı qanunsuzluq aşkarlanmayıb”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir