Modern.az

“Xəzər Dəniz Gəmiçiliyi” işçilərin ixtisarını təsdiqlədi: “Bəzi ştatlar ləğv olundu” - AÇIQLAMA

“Xəzər Dəniz Gəmiçiliyi” işçilərin ixtisarını təsdiqlədi: “Bəzi ştatlar ləğv olundu” - AÇIQLAMA

9 İyun 2014, 16:23

“Xəzər Dəniz Gəmiçiliyi” QSC kütləvi işdənçıxarma ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Gəmiçilik sədrinin köməkçisi Vüqar Sadıqov Modern.az saytına  bildirib ki, işdən çıxarılanların böyük əksəriyyəti təqaüd yaşına çatan şəxslərdir.  

“Buna kütləvi işdənçıxarma demək olmaz. Bu, sadəcə olaraq yeni qurumun yaradılması ilə əlaqədar olan təbii ixtisar prosesidir. Bildiyimiz kimi, Prezidentin sərəncamı ilə keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Məqsəd də iqtisadiyyatda köklü islahatlar aparmaq, cəmiyyətdə rəqabət qabiliyyətli kommersiya qurumu yaratmaq, ölkənin rəqabət potensialını  yüksəltmək olub. Eyni zamanda hədəf  bizim şirkətin rəqabət qabiliyyətini Xəzərdə artırmaqdır. Çünki Rusiya,  Türkmənistan, Qazaxıstan, İranın gəmiçilik şirkətləri var və onlar Xəzərdə kəskin rəqabət aparırlar. Bu Qapalı Səhmdar Cəmiyyəti də artıq əvvəlki gəmiçilik şirkəti deyil, strukturu da başqadır, tələblər də başqadır. QSC yaradılandan sonra yeni struktur formalaşdırılır, qurum yenidən qeydiyyatdan keçdi. Bütün bu dəyişikliklərlə bağlı şirkətin strukturuna yenidən baxılmalı idi. Baxıldı və bu proses getdi. Xeyli sayda təqaüd yaşına çatmış və ali təhsili ilə bağlı tutduğu vəzifə uyğun gəlməyən şəxslər ixtisara düşdülər. Bundan başqa, yeni dövrün tələblərinə cavab verməyən ştatlar ləğv olundu”.

İşdən çıxarılanların heç də işsiz qalmadığını deyən V. Sadıqovun sözlərinə görə, ixtisar olunan əməkdaşların profillərinə uyğun olaraq onlara uyğun işlər təklif edilir.

Qurum rəsmisi onu da bildirib ki, təklif olunan işlərlə bəzi şəxslər razılaşıb, bəziləri isə imtina  edib.

“Dünənə qədər öz ixtisasına uyğun işləmirdi, amma bizim başqa bir qurumumuzda onun ixtisasına ehtiyac var və biz özümüz başqa işlər təklif etmişik. Bu təkliflə razılaşanlar və razılaşmayanlar var”.

İxtisara salınacaq vəzifə və işçilərin sayının dəqiq bəlli olmadığını deyən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin köməkçisi prosesin davam edəcəyini vurğulayıb.

Vüqar Sadıqov işdən azad edilənlərin keçmiş Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun qanunsuz yolla işə götürdüyü şəxslərin olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Xəzər Dəniz Neft Donanmasında da belə hallar var idi. Mən deyə bilmərəm onlar necə işə düzəliblər. Elə şəxs var ki, 15-20 il bundan öncə işə düzəlib. Həmin şəxslərə qarşı şübhə yarananda rəhbərlik tərəfindən attestasiya aparıldı. Müasir elmi nailiyyətlərin tələblərinə cavab verən işçilər saxlanıldı, qalanları ya ixtisara düşdü, ya da yeni işlər təklif edildi”.   

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır