Modern.az

İcbari tibbi sığortaya keçid səhiyyədə hansı dəyişikliklər yaradacaq?..

İcbari tibbi sığortaya keçid səhiyyədə hansı dəyişikliklər yaradacaq?..

İqtisadiyyat

10 İyun 2014, 11:06

“Sağlam bədəndə sağlam ruh olar!”


Müasir dövrün əsas problemlərindən biri də dünya əhalisinin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsinin sosial-iqtisadi və tibbi demoqrafik amillərinin nəzərə alınmasıdır. Əslində, sağlamlıq xalqın rifahının əsas göstəricisi, indikatoru hesab olunur. İnsanların sağlamlığı onların əmək fəallığına və mənəvi yetkinliyinə müsbət təsir göstərir. İnsanın cəmiyyətdə fəal, yaradıcı və dolğun, eləcə də zəngin həyat sürməsi üçün sağlamlığın başlıca şərt olduğu heç kimdə şübhə doğurmur. Sağlamlığın qorunması ümumi xarakter daşıyır, bu həm ayrıca fərdə, həm də cəmiyyətə xasdır. Ictimai sağlamlığın mühafizəsinin və möhkəm-ləndirilməsinin humanist istiqaməti hər bir şəxsdən cəmiyyət qarşısında sosial nemət hesab edilən sağlamlığına görə də məsuliyyət daşıdığını dərk etməyi tələb edir.

Azərbaycan Respublikasında son zamanlar səhiyyə sahəsində aparılan islahatlar o qədər geniş vüsət alıb ki, bunları bir məqalə ilə yazıb göstərmək qeyri mümkündür. Yeni-yeni yaranan diaqnostik səhiyyə müəssisələri, təmir olunmuş  yüzlərlə xəstəxana, tibb elmində olan yeniliklər və müasir tibb avadanlıqları, gənc kadrların fəaliyyəti də bu sahədəki əsaslı dönüşün bariz nümunəsidir. Artıq Azərbaycanda bütün növ əməliyyatlar aparmağa qadir  mütəxəssis həkim ordusu formalaşmaqdadır. Bu həkimlərin böyük bir hissəsi, yəqin ki xarici ölkələrdə təhsil almış və təcrübə keçmiş vətəndaşlarımızdır. Azərbaycanda tibbi xidmətlər dövlət müəssisələrində pulsuz olduğundan, az əmək haqqı ilə yaşayışını dolğun təmin edə bilməyən həkim və tibbi personal həyat səviyyəsini və maddi imkanlarını yaxşılaşdırmaq üçün əlavə iş yerləri və özəl klinikalarda da fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Bu isə onların daimi fəaliyyət göstərdikləri yerlərində işlərinin keyfiyyətinə mənfi təsir göstərir.          

Son illərdə formalaşmaqda olan özəl tibb müəssisələri də müasir standartlara cavab verən tibbi avadanlıqlar və daha təcrübəli mütəxəssislərlə təmin olunub. Həmin müəssisələrdə tibbi xidmət pullu olduğundan az təminatlı xəstələr bu müəssisələrin xidmətlərindən istifadə etməkdə və yazılmış dərmanların alınmasında çətinlik çəkirlər. Bunun da başlıca səbəbi bu səhiyyə müəssisələrində tibbi xidmətlərin qiymətlərinin yüksək olmasıdır. Bu da yeni avadanlıqlara çəkilmiş xərclərin tezliklə əldə edilməsi və personalın maaşlarının yüksək olması ilə bağlıdır. Bizdə özəl klinikalarda qiymətlər o dərəcədə yüksəkdir ki, bir qism vətəndaşlarımız qonşu həmsərhəd dövlətlərimizin tibb xidmətlərindən istifadə etmək məcburiyyətində qalırlar ki, sadalanan hal da öz növbəsində  Azərbaycandan milyonlarla manatın xarici dövlətlərə axması deməkdir.

Bəs onda səhiyyə sistemimizdəki bu kimi çətinlikləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Mütəxəssislər deyirlər ki, səhiyyədə icbari tibbi sığorta sisteminə keçid zəruridir. "Tibbi sığorta haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il Fərmanı və ““Tibbi sığorta haqqında “ Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 925-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin həlli labüddür. İcbari sığortanın tətbiqi cəmiyyətimizdə insanların sağlamlığının daha da yaxşılaşmasına, səhiyyə sistemində çalışan mütəxəsislərin sosial rifah halının artmasına, səhiyyəyə ayrılan vəsaitin yüksəlməsinə səbəb olar.

Bu problem Avropa ölkələrində də gündəmdədir. Avropa ölkələrinin əksəriyyətində tətbiq edilmiş icbari tibbi sığorta həm əhalinin sağlamlığının mühafizəsinə, həm də bu sahədə çalışan mütəxəssislərin sosial vəziyyətinin normal məcrada təminatına şərait yaradıb. Həm də bu sahədə tətbiq edilən nağdsız ödənişlər dövlət büdcəsinə daxil olan vergilərin yığılmasında da digər halların baş verməsini minimuma endirib. Bu isə həm dövlətin, həm də xalqın sağlamlıq və rifah halına müsbət təsir göstərir.

Əhalinin sağlamlığındakı əsas meyllərə görə, bizim respublikamız inkişaf etmiş və inkişafda olan ölkələr arasında orta mövqe tutur. Birincilər ilə bizi əhalinin nisbətən qocalması, xroniki xəstəliklər arasında qan dövranı sistemi xəstəlikləri, xərçəng və xroniki qeyri-spesifik ağ ciyər xəstəliklərinin üstünlük təşkil etməsi, ikincilərlə isə - ümumi və standartlaşdırılmış ölüm səviyyəsi, uşaqların və anaların yüksək ölüm səviyyəsi, orta ömür müddətinin aşağı səviyyəsi, bəzi yoluxucu xəstəliklərin yüksək səviyyəsi və s. doğmalaşdırır. 

Sağlamlıq haqqında ən mükəmməl fikir 1946-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının məramnaməsində deyilmişdir. Orada qeyd edilir ki, sağlamlıq tək bir xəstəlik və ya fiziki, zehni nöqsanın olmaması deyil, bununla bərabər tam ruhi (psixi) və sosial sağlamlıq da olmalıdır. Ona görə də hər bir dövlət öz vətəndaşlarının sağlam və rifah halında olması üçün fəaliyyət istiqamətlərini daha münasib şəkildə qurmağa çalışır.

Hal-hazırda dünyada yalnız 3 səhiyyə modeli yaradılıb. Dövlət səhiyyəsi adlanan “Beveriç modeli” (Böyük Britaniya, Danimarka, İrlandiya, Kanada və s.) ölkələrdə tətbiq edilir ki, bu ölkələrdə özəl səhiyyə müəssisələri demək olar ki, yox dərəcəsindədir.

Sığortalı səhiyyə “Bismark modeli” (Almaniya, Belçika, Hollandiya, Yaponiya və s.) ölkələrdə tətbiq edilir ki, bu səhiyyə modeli artıq özünü doğrultmuş model kimi həm səmərəli, həm də bütün ölkələr üçün münasib və rentabelli ola biləcək səviyyədədir.

Səhiyyə modelləri arasında “aralıq model” tutan model həm dövlət büdcəsi vəsaitləri, həm tibbi sığorta, həm də posiyentin bilavasitə ödədiyi tibbi xidmətlər arasındakı müxtəlif nisbətlərlə müəyyənləşir. Bu model əsasən postsovet ölkələrində geniş yayılıb.

Azərbaycanda da tibbi sığorta sistemində “aralıq model”in tətbiqi bu sahədə olan çətinliklərin aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Belə ki, aralıq model həm son 20 ildə formalaşmış özəl səhiyyə müəssisələrinin fəaliyyətini stimullaşdırar, həm də dövlət səhiyyə müəssisələrinin vəziyyətinin yaxşılaşdırılmasına və orada işləyən personalın sosial durumunun yüksəlməsinə səbəb olar. Bu sistemin tətbiqi xüsusilə də həkimlərdə xəstələrə müştəri kimi yox, pasient kimi yanaşmaq mədəniyyətini formalaşdırar ki, sadalanan hal səhiyyə sektoruna biznes sahəsi kimi yanaşma hallarını minimuma endirər. Bu hal həm də dövlət büdcəsinə daxil olamaların kəskin dərəcədə artmasına səbəb olar. Aralıq tibbi sığorta modeli həm səhiyyəmizin, həm də xalqımızın sağlam və rifah halında inkişafına öz töhfəsini verə bilər. Sağlam vətəndaşlar isə cəmiyyətimizin aparıcı qüvvəsi, dövlətimizin isə əsasıdır.    


Rəşad Əsgərov,
dosent, fəsəfə doktoru
                                                                                     

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır