Modern.az

Kremlin planı: Paşinyan qalacaq, amma…

Kremlin planı: Paşinyan qalacaq, amma…

Analitika

Bu gün, 11:16

Aprelin 1-də Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib və Vladimir Putinlə görüşüb. Görüş bir sıra məqamlarla yadda qalıb. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı şikayətlərindən xəbərdar olduğunu bildirib.

Bununla yanaşı, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini vurğulayıb və rusyönümlü qüvvələrin seçkilərdə iştirakına əngəl yaradılmamasını xahiş edib. 

Bu görüşün Ermənistandakı seçkilərə necə təsir edəcəyi diqqətçəkən məqamdır.

Paşinyan-Putin görüşünü Modern.az-a şərh edən politoloq Nazim Cəfərsoy bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfər üçün seçdiyi vaxt kritik önəm daşıyır:

“Ermənistan uzun müddət Ukrayna müharibəsi səbəbilə ciddi təzyiq altında idi. Bu zaman onun üçün müəyyən fürsətlər yaranmışdı. Rusiya ilə kölgə iqtisadiyyatı istiqamətində münasibət qurub, onu Qərbin sanksiyalarından yayınmasından istifadə edirdi. Məhz bu səbəbdən də  müharibədən sonra Ermənistanla Rusiya ticarət həcmi xeyli artmışdı. Lakin, xüsusilə də, son bir ildir ki, Paşinyan Ermənistan xarici siyasətini Qərbə yönəltməyə başlayıb. Bu çərçivədə Avropa Birliyi ilə gömrük ittifaqı istiqamətində müəyyən addımlar atır. Hətta zaman-zaman Avropa Birliyinə qoşulmaqla bağlı referendum məsələsi gündəmə gəlib. Bunun da nəticəsi olaraq, Rusiyanın Ermənistan üzərindən sanksiyaları aşmaq həmlələri yavaşlayıb. Beləliklə də, son bir ildə Ermənistanla Rusiya arasındakı ticarət həcmi 3 milyarddan daha çox azalıb. Bu isə Ermənistan iqtisadiyyatı üzərində ciddi təzyiq yaradır. Paşinyanın səfəri ilk növbədə iqtisadiyyat sahəsində yaranmış bu vəziyyətin həll yolunun tapılmasına istiqamətlənib. Paşinyan həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi İttifaqında təmsil olunmaq istəyi var. Vladimir Putinin görüş zamanı Ermənistanın hər iki qurumda eyni vaxtda təmsil olunmasının mümkün olmadığını deməsi, Paşinyanın bu istəyinin açıq rəddi oldu. Burada ikinci bir nüans, İran müharibəsinin Ermənistana yaratdığı mənfi təsirlərdir. 35 ildir ki, Azərbaycanla düşmən mövqedə olan və Türkiyə ilə münasibətləri dayanmış Ermənistan üçün İran nəfəslik rolu oynayırdı. Müharibənin başlaması İranın Ermənistan üçün təhlükəsiz logistika rolunu ortadan qaldıraraq, ciddi şəkildə təzyiq altına saldı. Avropa ilə gömrük müqaviləsi, İrandakı müharibənin yaratdığı risklər Ermənistan hakimiyyəti üçün vəziyyəti  getdikcə daha da dramatikləşdirir. Çünki iyul ayının 7-də Ermənistanda parlament seçkiləri olacaq. Sadaladığım hər iki nüans ölkə daxilində əhalinin sosial-iqtisadi vəziyyətini ciddi şəkildə təsir altına alan ən əhəmiyyətli parametrlərə çevrilməyə başlayıb”.

Politoloq qeyd edib ki, Paşinyanın Rusiya səfərinin geosiyasi istiqaməti də var:

“Rusiyanın müxlifətdəki proksiləri, eyni zamanda başda enerji və qida istiqamətlərində Ermənistan üzərindəki iqtisadi imkanları vasitəsilə seçki prosesinə ciddi təzyiq göstərəcəyi ilə bağlı müxtəlif manipulyasiyalar özünü göstərir. Hətta zaman-zaman Ermənistanda Moldova variantından danışılır. Ermənistan müxalifətinə yaxın media orqanları sətiraltı, bəzən də çox açıq şəkildə ekspertlər üzərindən bu fikri tirajlayırlar. Bu isə seçkiqabağı Paşinyan əleyhinə meydan oxumalara gətirib çıxarır. Bu fürsətdən istifadə edərək Putin Rusiyadakı erməni vətəndaşlarının və ona yaxın olan, hətta Rusiya vətəndaşlığı daşıyan şəxslərin siyasi proseslərdə aktiv iştirakını tələb etdi. Bu əslində Rusiyanın Ermənistan daxili siyasətinə müdaxiləsi, həm də Paşinyan üzərində təzyiq qurmaq forması kimi xarakterizə edilə bilər. Ancaq Paşinyan buna ictimai rəy önündə rədd cavabı verdi. Beləliklə, Samvel Karepetyan və onun dəstəkçilərinin iyul seçkilərində iştirak edə bilməyəcəyi açıq şəkildə ifadə edildi. Rusiyadakı diasporun seçkilərdə iştirakı ilə bağlı isə açıq nəsə deyilmədi. Çünki onlar Ermənistan vətəndaşlarıdırlar. Lakin diaspor nümayəndələri Paşinyan əleyhinə seçici kütləsi olduğu üçün onların seçkilərdə iştirakını məhdudlaşdırmaq məqsədilə inzibati tətbiqlərdən istifadə ediləcək. Yəqin ki, onların səsvermə imkanları Rusiyada məhdud olacaq. Misal üçün, Moldovada olduğu kimi seçki məntəqələri və seçki qutusu əhali sayına nisbətdə məhdud sayda olacaq”.

Politoloq vurğulayıb ki, diqqətçəkən məqamlardan biri Putinin seçkisonrası münasibətlərlə bağlı çıxışı olub:

“Putin açıq şəkildə seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistanla əməkdaşlığı dərinləşdirib, inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi. Mənim ən çox diqqətimi çəkən məsələ elə bu oldu. Əslində Putinin bu çıxışı ilə Paşinyanın qalib gəlməsinin qəbul ediləcəyi Kreml tərəfindən elan edilmiş oldu. Yəni Rusiya yönlü namizədlərin qalib gəlməsi Kreml üçün daha yaxşıdır. Lakin Rusiyanın Paşinyanı hakimiyyətdən mütləq çıxartmaq üçün bütün "kozır"lardan istifadə etmək niyyəti yoxdur. Paşinyan üçün səfərin ən əhəmiyyətli nəticəsi məhz bu oldu”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı