Modern.az

Neft sənayesində səmərəli yanğınsöndürmə sistemi - “Bizon”

Neft sənayesində səmərəli yanğınsöndürmə sistemi - “Bizon”

11 İyun 2014, 11:54


Müasir dövrdə maddi sərvətlərin, insan həyatının yanğın təhlükəsindən qorunması  ən vacib məsələlərdən biri kimi  diqqət mərkəzindədir. Bu sahə ilə məşğul olan mütəxəssislər, alimlər daim axtarışlar apararaq yanğınların qarşısının alınması və onun tez bir zamanda söndürülməsi üçün yeni-yeni yollar arayıb tapır, mütərəqqi texnologiyalar kəşf edərək istehsalatda tətbiqinə nail olurlar.

Neft məhsulları saxlanılan rezervuarların yanğın təhlükəsizliyinin təminatı istiqamətində 11 avqust 2010-cu ildə Rusiya Federasiyasının Orenburq şəhərindəki poliqonda bu ölkənin böyük neft şirkətinin mütəxəssislərinin də iştirakı ilə  yeni texnologiyanın -“Bizon” həcmi yanğınsöndürmə sisteminin iş prinsipinin sınağının aparılması bu mənada diqqəti cəlb edir.

Yanğınsöndürmədə yeni texnologiya olan «Bizon» Rusiyanın müxtəlif çeşidli yanğınsöndürmə vasitələrini istehsal edən “Kalança” şirkətinin texniki direktoru tərəfindən layihələndirilib, şirkət qrupuna daxil olan müəssisələr tərəfindən hazırlanıb. «Bizon» yanğınsöndürmə vasitəsində qaz və toz kombinə edilib. Bu qurğu  avtomatik olaraq yanğına daxildən müdaxilə etmək prinsipi ilə işləyir. Belə ki, “Bizon” avtomatik yanğınsöndürmə sistemi bir modulda birləşən iki həcmdən ibarətdir. Birinci həcmdə yanğınsöndürən toz, ikinci həcmdə isə COqazı yerləşdirilərək, onların optimal qarışığı yanğın başladığı andan 10-15 saniyə sonra işə düşür və 3-5 saniyə ərzində yanğın söndürülür. Modullar 10  batareyadan ibarətdir, 5 batareya əsas, qalan 5-i isə ehtiyat üçün nəzərdə tutulub. Belə ki, əgər təkrar alışma ehtimalı yaranarsa, əl ilə ehtiyat batareyalar mexaniki şəkildə  işə salınır.

Rezervuarın daxilində modula birləşdirilmiş  rəzəli  boru xətti var, bu boru xəttinin  rəzəli başlığı rezervuarın içindəki neft məhsulunun həcmindən asılı olaraq daimi məhsulun səthi üzrə yerləşir, hadisə baş verdikdə istiliyə həssas xəbərverici dərhal siqnalı idarəetmə panelinə ötürür, o isə öz növbəsində modulu işə salır və boru xətti ilə toz-qaz qarışığı başlıq vasitəsilə mayenin bütün səthi boyu yayılaraq oksigenin səthlə təmasını kəsərək yanğını söndürür. Belə ki, toz-qaz qarışığının tərkibindəki toz  yanar mayenin səthini örtür, bununla da yanma prosesi üçün tələb edilən oksigenin   miqdarı minimuma enir. Beləliklə kiçik zaman kəsiyində alışma prosesi dayanır.

Məlumdur ki, alovun qarşısını ilk dəqiqilərdə almaq mümkün olmadıqda yanğının inkişaf etmiş fazasında çox böyük problemlərlə, fəsadlarla üzləşmək qaçılmazdır. Məhz bu baxımdan yeni texnologiya mütərəqqidir, optimaldır.

Bu texnologiya həmçinin Rusiya Federasiyasının Müdafiə Nazirliyinin hərbi sürsat anbarlarının, neftdoldurma estakadalarının, arxivlərin, çoxsaylı yanğın təhlükəli istehsal müəssisələrinin, anbarların etibarlı şəkildə yanğından mühafizəsini təmin edir.

Toz-qaz qarışığı texnologiyası mütəxəssislərin fikrincə ənənəvi köpüklə söndürmədən effektlidir, ekoloji baxımdan üstündür, ucuzdur. Belə ki, 5000 m3 rezervuarın yanğından qorunması üçün köpüklə söndürmə qurğusunun tam quraşdırılması  üçün   təxminən 278 min ABŞ dolları tələb olunur. Eyni həcmli rezervuara avtomatik, stasionar köpüklə yanğınsöndürmə qurğusunun quraşdırılması isə 5,5 milyon ABŞ dollarına başa gəlir. Nəzərə alsaq ki, mövcud tələblərə əsasən 5000 m3 və çox həcmi olan bütün neft məhsulları rezervuarları mütləq qaydada avtomatik yanğınsöndürmə qurğuları ilə təmin edilməlidir, belə halda iqtisadi səmərə göz qarşısındadır. Digər tərəfdən statistikaya görə, əksər yanğınlar kiçik həcmli rezervuarlarda baş verir ki, (həcmi 100-2000 m3) onların da bu növ qurğularla təmin edilməsini normalar tələb etmir, belə ki, iqtisadi baxımdan səmərəli deyil. Lakin, kiçik həcmli rezervuarlardakı yanğınlar da dövlətə, ekologiyaya xeyli  ziyan vurur, insanların həyatına, sağlamlığına ciddi təhlükə yaradır. Bu baxımdan az məsrəflə quraşdırıla biləcək müasir texnologiya –«Bizon» sərfəli texnologiyadır. Bununla yanaşı neft şirkətləri təhlükəsizlik məqsədi  üçün onlara ayrılmış büdcə çərçivəsində daha çox iş görmək imkanı qazanırlar.

Mütəxəssislərin fikrincə “Bizon” texnologiyasının üstünlükləri aşağıdakılardır:

-         bu texnologiya etibarlıdır, keyfiyyətlidir, effektlidir;

-         minimal maliyyə vəsaiti tələb edir;

-         istismar olunması sadədir;

-          yanğını başlanğıc mərhələdə ram edir;

-         işçi diapazonu -50C0, +50C0 ;

-         su təchizatı tələb olunmur;

-         istismar müddəti ərzində texniki qulluq tələb etmir;

-         toz-qaz kütləsi qarışığı avadanlığa və qurğuya təsirsizdir, onu dağıtmır.

Neft sənayesində səmərəli yanğınsöndürmə sistemi olan yeni   «Bizon» Azərbaycan Dövlət Neft Şirkətində də öz bəhrəsini verə bilər.

Hikmət Xudiyev,
FHN Dövlət YanğınNəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır