Modern.az

“Ölü canlar”ı xortladan müəssisə və idarə rəhbərləri artıq azalıb - Əmək Müfəttişliyi

“Ölü canlar”ı xortladan müəssisə və idarə rəhbərləri artıq azalıb - Əmək Müfəttişliyi

12 İyun 2014, 12:29

Sovet hakimiyyəti dövründə müəssisələrdə, şirkətlərdə hətta dövlət idarələrinin çoxunda “ölü canlar” işləyirdi. SSRİ-nin dağılmasından uzun illər keçsə də, hələ də bəzi idarə və müəssisələrdə davamlı olaraq işə gəlməyən şəxslər digər işçilər kimi əməkhaqqı alırlar.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə Modern.az-a “ölü canlar”ın varlığını etiraf etsə də, son illər bu cür neqativ halların sayı minimuma endirildiyini söyləyib.

 “Sovet vaxtı Azərbaycanda da fəaliyyət göstərən müəssisələrdə işə gəlməyən, lakin əmək haqqı alan işçilərin və ya vəfat etmiş şəxsin adına işləyən işçi kimi əmək haqqının yazılması hallarına rast gəlinirdi. Müasir dövrdə isə qanunvericilik aktlarının təkmilləşdirilməsi və onların icrasına nəzarətin gücləndirilməsi sayəsində belə neqativ halların sayı minimuma enib”.

Ümumiyyətlə, dövlət idarələrində belə hallara qarşı inzibati məsuliyyət nəzərdə tutulduğunu deyən F. Əlizadənin sözlərinə görə, özəl sahibkarlıq subyektlərində qanunvericilikdə bununla əlaqədar inzibati məsuliyyət nəzərdə tutulmayıb.

“Özəl sahibkarlıq subyektlərində işçilərə əmək haqqının verilməsi işəgötürənin şəxsi vəsaiti hesabına təmin olunduğu və işçinin vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar işəgötürən tərəfindən müvafiq tədbirin görülməsi əmək qanunvericiliyində məcburi xarakter daşımadığı üçün qanunvericilikdə bununla əlaqədar inzibati məsuliyyət nəzərdə tutulmayıb. “Büdcə sistemi haqqında” Qanunu”nun 21.4 bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması ilə əlaqədar inzibati tənbeh nəzərdə tutulub”.

Son illərdə “ölü canlar”a rast gəlinmədiyini deyən Fuad Əlizadə onu da bildirib ki, bu kimi hallara Dövlət Əmək Müfəttişliyi tərəfindən nəzarət olunur.

“Belə halların və eləcə də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də hüquqi şəxs yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində mütəmadi olaraq əmək qanunvericiliyinə aid normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilir. Onu da deyim ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işə gəlməyən lakin əmək haqqı alan işçilərə və ya vəfat etmiş şəxsin adına işləyən işçi kimi əmək haqqının yazılması hallarına rast gəlinməyib”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır