Modern.az

İlham Əliyev Yunanıstanda bəyanat verdi: “Ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsidir”

İlham Əliyev Yunanıstanda bəyanat verdi: “Ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsidir”

17 İyun 2014, 00:52


İyunun 16-da prezident İlham Əliyevin Yunanıstana səfəri çərçivəsində Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının prezidenti Karolos Papulyas mərasimdə iştirak ediblər.
Mərasimdə “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”u, “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzalanıb.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış ediblər.

Yunanıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. İlham Əliyev deyib:

“Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcəkdir. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə vermişdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq etmişdir.
Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir.
Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxın edəcəkdir”.

“Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu.
Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik”-deyə yunan prezident Karolos Papulyas bildirib.

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir