Modern.az

Ərəblərə ərə getməyən ərəb qadınları - İlklərə imza atmış əmirlik xanımları…

Ərəblərə ərə getməyən ərəb qadınları - İlklərə imza atmış əmirlik xanımları…

20 İyun 2014, 00:39

Abu-Dabi Dövlət Universitetinin azərbaycanlı əməkdaşı

Qadınlar hər bir xalqın əsas aparıcı qüvvələrindən biridir. Cəmiyyətin düzgün formalaşmasında, sağlam düşüncəyə malik fərdinin yetişməsində savadlı, zəka sahibi olan qadınların əvəzedilməz rolu var. Qadınların yüksək statusunun təmin edilməsi və onların sosial-iqtisadi həyata aktiv cəlb edilməsi hər bir dövlətin qarşısında duran əsas prioritet məsələdir. Hər hansı bir ölkədə qadınların həyat səviyyəsinə, gender bərabərliyinə nəzər salmaqla, həmin dövlətin demokratik dəyərlərə, qadın hüquqlarına nə dərəcədə önəm verdiyini müəyyən etmək olur.

Hər bir xalq özünün milli-mənəvi və dini dəyərləri əsasında ailə modelini yaradır. Millətin gələcək fərdinin formalaşdığı mühit olan ailə cəmiyyətin inkişafında mühüm rol oynayır. Möhkəm ailə sağlam cəmiyyətin, güclü dövlətin təməli, qadın isə ana olaraq ailənin sütunu, dayağıdır. Müqəddəs islam dini və peyğəmbərimiz (s.a.v.) qadının ana olaraq bəşəriyyətdəki məqamını "Cənnət anaların ayaqları altındadır" kəlamı ilə xüsusi dəyərləndirib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadınlara ailə dəyərlərinin daşıyıcısı kimi tarixən çox böyük hörmət və qayğı ilə yanaşılıb.

Modern.az saytı bu yazıda sizi ilklərə imza atmış ərəb qadınları ilə tanış edəcək.

Qədimlərdə yerli əhali balıq və mirvari ovu ilə məşğul olduğu üçün kişilər gəmi ilə tez-tez səfərlərdə olurdular. Ailə başçısının dolanışıq ucbatından bir neçə aylıq uzaq səfərdə olması qadının ailədə məsuliyyətini daha da artırırdı. Bu səbəbdən ailənin bütün yükünü öz zərif çiyinlərində daşıyan qadınlar ev işlərində çalışmaqla bərabər, qızmar günəş altında səhrada əkinçiliklə, heyvandarlıqla məşğul olur, min-bir əziyyətə qatlaşaraq, övladlarının qida ehtiyaclarını qarşılamağa çalışırdılar. Çoxuşaqlı, qayğıkeş ana olan BƏƏ qadını məişət işləri ilə yanaşı, övladlarının əqli və əxlaqi tərbiyəsinə xüsusi diqqət ayırır, ailədə ciddi nizam-intizam yaradaraq, uşaqlarının müqəddəs dinimizin dəyərləri əsasında düzgün tərbiyə və təhsil almasına çalışırdı.

BƏƏ müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. İslam ölkəsi olmasına baxmayaraq, BƏƏ höküməti qadınlara ölkənin ictimai, siyasi, iqtisadi həyatında fəal iştirakına hər cür şərait yaradır.

BƏƏ-də qadınlara xüsusi hörmət, ehtiram var, haqq-ədalət hər zaman onun tərəfindədir.Bütün hökümət idarələrində, nazirliklərdə, dövlət müəssələrində qadınlara xidmət göstərən xüsusi bölmələr var, xanımlar növbəsiz qəbul edilir və onlara səmimi münasibət, yüksək səviyyəli xidmət göstərilir.

Müasir zəmanəmizdə karyera qadınların həyatında mühüm rol oynayır. İş və karyera müasir qadına müstəqil şəxsiyyət kimi formalaşaraq vacib qərarlar qəbul etməyə, qarşıya qoyulan məqsədlərə nail olmağa, eləcə də, öz xərclərini özü ödəməyə şərait yaradır. Bir sözlə, karyera qadına özünü cəmiyyətdə təsdiq etmək üçün geniş imkanlar açır. Bu səbəbdən BƏƏ xanımları ali təhsil alaraq işləməyə daha çox önəm verirlər.
BƏƏ-də elmin, təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Ölkə təhsilinin əsas devizi Məhəmməd Peyğəmbərin (s.a.v) nurlu kəlamı olan "Beşikdən qəbr evinə qədər elm öyrən" nəsihətidir. Ölkədə təhsil pulsuz və icbaridir, tələbələrə yüksək məbləğdə aylıq təqaüdlər verilir. Dünyanın aparıcı universitetlərində təhsil alan yerli tələbələrin təhsil haqqı, tibbi sığortası, bütün yaşayış xərcləri BƏƏ dövləti tərəfindən ödənilir.


BƏƏ-də ilk qadınlar birliyi Abu-Dabi Əmirliyində 1973-cü ilin fevral ayında ölkənin mərhum prezidenti Şeyx Zayed bin Sultan əl-Naheyənin xanımı Şeyxə Fatma bint Mubarakın rəhbərliyi altında "Camaeyət əl-mara əl-Zubyaniyyə" adı ilə təsis edilib. 1975-ci ildə isə bütün əmirliklər üzrə "Camaeyət əl-İttihad əl-Nisəiyə" adlı Qadınlar İttifaqı yaradılıb.

Qadınların sosial rifahının yüksəldilməsi, layiqli həyat şəraitinin təmin olunması istiqamətində BƏƏ höküməti tərəfindən mühüm tədbirlər həyata keçirilir. Buna misal olaraq qadınlara hər ay ailədəki uşaqların sayına görə ömürlük uşaq pulu verilir. Əri vəfat etmiş, boşanmış, yaşı ötmüş, ailə qurmayan zərif cinsin nümayəndələri isə aylıq sosial müavinətlərlə yanaşı, ev, torpaq sahəsi ilə də təmin olunurlar. Onu da nəzərinizə çatdırım ki, yerli xanımlar nəinki əcnəbi vətəndaşla, hətta digər qonşu ərəb ölkələrinin vətəndaşı ilə belə, ailə qurmurlar.

BƏƏ-də yeni ailə quran cütlüklərə hədiyyə olaraq "Sanduq əl-Zavac" (Evlilik Fondu) tərəfindən iri məbləğdə pul verilir. Qeyd edim ki, "Sanduq əl-Zavac" yeni ailə quran yerli vətəndaşlara yardım məqsədilə mərhum dövlət başçısı Şeyx Zayed bin Sultan əl-Naheyən tərəfindən 1992-ci ildə yaradılıb.

Bundan əlavə, qadınların biznes sahəsində fəaliyyətlərinə, qadın sahibkarlığının inkişafına xüsusi önəm verən BƏƏ höküməti bu məqsədlə "Abu-Dabi İşguzar Qadınlar Məclisi" təsis edib. Bizneslə məşğul olmaq istəyən işgüzar qadınlar fonda müraciət edərək, biznes layihəsini təqdim etməklə, 25 il müddətinə faizsiz iri məbləğdə kredit alaraq öz şəxsi bizneslərini qururlar.Bu səbəbdən ölkədə işgüzar xanımların sayı durmadan artır.

"Əl-Tənmiyyə əl-Usariyyə" (Ailə İnkişafı) fondu tərəfindən ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə müavinətlər, ünvanlı sosial yardımlar təyin olunur. Fond ailə başçısı olmayan, aztəminatlı ailələrin, dul qadinların, çoxuşaqlı anaların bütün maddi ehtiyaclarını qarşılayır.

BƏƏ dövləti əhalinin, xüsusilə qadınların sağlamlığının qorunmasına da xüsusi diqqət və qayğı göstərir. Dövlət xəstəxanalarında, səhiyyə mərkəzlərində, tibb müəssisələrində yerli əhaliyə göstərilən bütün növ tibbi xidmətlər yüksək səviyyədə olmaqla yanaşı, həm də pulsuzdur. Ölkə daxilində və xaricdə müayinə, müalicə, dava-dərman və əməliyyatlara çəkilən bütün xərclər dövlət hesabına ödənilir.

BƏƏ qadınları əsasən dövlət orqanlarında, yerli icra strukturlarında çalışırlar.İşləmək arzusunda olan xanımlar üçün hökümətin nəzdində fəaliyyət göstərən "Məşğulluq Xidməti" mərkəzlərinə müraciət edənlər qısa müddət ərzində istədikləri sahə üzrə işlə təmin olunurlar.

Cəmiyyət formalaşıb inkişaf etdikcə qadınların ictimai-siyasi fəallığı əhəmiyyətli dərəcədə artır. BƏƏ höküməti bütün sferalarda qadın hüquqlarının, azadlıqlarının qorunmasına, qadın şəxsiyyətinin inkişafı üçün tələb edilən şəraitin yaradılmasına, onların maddi və mənəvi hüquqlarının təmin edilməsinə, gender bərabərliyinə, qadın haqqlarının müdafiəsinə xüsusi önəm verir. Ümumiyyətlə o ölkədə ki, qadınlar dövlətin idarə olunmasında, ictimai-siyasi həyatinda aktiv rol oynayır, bu o dövlətin əldə etdiyi ən böyük uğur sayılır.

İlk nazir xanım


Xanımların dövlətin rəhbər vəzifələrində təmsil olunması məqsədi ilə 2004-cü ildə ilk dəfə qadın nazir hökümət kabinetində təmsil olunub.

İqtisadi inkişaf naziri təyin olunan Şeyxə Lubna əl-Kasimi BƏƏ tarixində ilk qadın nazir statusunu qazanıb. 2007-ci ildən isə Şeyxə Lubna əl-Kasimi xarici ticarət naziri postunda çalışır. 1981-ci ildə Kaliforniya Dövlət Universitetinin Kompüter elmləri və Mühəndislik fakultəsini fərqlənmə diplomu ilə bitirən Şeyxə Lubna ABŞ universitetində Biznes inzibatçılığı magistri (MBA) dərəcəsini alıb.

İlk deputat xanım


Elm, təhsil, səhiyyə, hərbi, məhkəmə, mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa müvəffəq olan BƏƏ qadınları artıq siyasətdə də fəal iştirak edirlər.
2006-cı ildə ölkə tarixində ilk dəfə olaraq Əməl Abdullla əl-Kubeysi "Məslis əl-Vatani" adlanan Milli Məclisə deputat seçilib. BƏƏ-nin arxeoloji və memarlıq irsinin tədqiqi üzrə Birləşmiş Krallıqda memarlıq doktoru alimlik dərəcəsi alan Əməl Abdullla əl-Kubeysi eyni zamanda, mədəni irsin tədqiqi üzrə Britaniyada alimlik dərəcəsi almış ilk ərəb alim-qadındır.

İlk səfir xanım


BƏƏ qadınları eyni zamanda diplomatiya sahəsində də qibtə doğuracaq uğurlar qazanaraq ölkə xaricində vətənlərini ən yüksək səviyyədə təmsil edirlər.
Vatikan tarixində ilk qadın səfir 2008-ci ildə BƏƏ-dən olan diplomat xanım Hessa əl-Outeybi təyin olunub. ABŞ-da biznesin idarə edilməsi üzrə doktorluq müdafiə edən xanım Hessa əl-Outeybi BMT-nin "Qadınlar üçün İnkişaf Fondu"nda məsul vəzifələrdə çalışmışdır. Ana dilindən başqa ingilis, fransız, ispan, portuqal dillərində sərbəst danışır.

"Ərəb dünyasının ən yaxşı qadın idmançısı"


BƏƏ-nin vitse-prezidenti Dubay hakimi Şeyx Məhəmməd bin Raşid əl-Maktumun qızı olan Şeyxə Meysə bint Məhəmməd əl-Maktum karate və kikboksinq üzrə "Ərəb dünyasının ən yaxşı qadın idmançısı" adını qazanıb.

Şeyxə Meysə əl-Maktum 2006-cı ildə Əlcəzairdə keçirilən karate üzrə beynəlxalq yarışda Asiya çempionu adını qazanan ilk ərəb qadın idmançı kimi tarixə düşüb. Karate üzrə 2002-ci il İspaniya, 2003-cü il Fransa, 2005-ci il Almaniya, kikboksinq üzrə 2004-cü il BƏƏ, 2005-ci il Kiprdə keçirilən beynəlxalq yarışların qalibi olan Şeyxə Meysə 2006-cı il Asiya İdman Oyunlarının 60 kq çəki üzrə gümüş mükafatçısıdır.

Dünyanın ilk hicablı "Buz Şahzadəsi"


Fiqurlu konkisürmə üzrə Soçi Olimpiya oyunlarında hicabda iştirak edən ilk idmançı olan 18 yaşlı Zəhra Larini həmvətənləri "Buz Şahzadəsi" adlandırırlar və BƏƏ dövləti bu idman növü üzrə Soçi Olimpiadasında ilk ərəb ölkəsi olaraq təmsil olunub.

Şimal qütbünü fəth edən ilk ərəb xanım


İlham əl-Kasimi şimal qütbünü fəth edən ilk ərəb qadın olraq tarixə düşüb. Üçhəftəlik yürüşdə bütün çətinliklərə baxmayaraq, şimal qütbünə çataraq BƏƏ bayrağını oraya sancıb. İlham əl-Kasimi ABŞ Universitetinin biznesin idarə olunması və təşkili üzrə bakalavr, London İqtisadiyyat Kollecinin ictimai siyasət üzrə magistr dərəcəsinə malikdir.

İlk xanım bələdiyyə başçısı


Əl-Şarika (Şarca) əmirliyinin tabeliyində olan Xorfakan şəhər bələdiyyəsinə başçılıq edən Fovziyyəh Raşed əl-Kadi 2004-cü ildə BƏƏ Universitetində memarlıq üzrə bakalavr dərəcəsi alıb. 2005-ci ildən iş fəaliyyətinə bələdiyyədə memar-mühəndis kimi başlayaraq, müxtəlif məsul vəzifələrdə çalışmışdır. 20013-cü ilin sonunadək "Texniki İşlər Departamenti"nə rəhbərlik edən Fovziyyəh Raşed əl-Kadi 2014-cü ilin yanvar ayından Xorfakan şəhər bələdiyyəsinin sədri vəzifəsinə təyin olunub.

İlk zərgər-dizayner xanım


BƏƏ-nin ilk zərgər-dizayner xanımı olan Azza əl-Qbeysi 2002-ci ildə Britaniyanın London Guildhall Universitetinin təsviri incəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib. "Britaniya Sənətkarlar Fondu"nun Körfəz ölkələri üzrə təmsilçisi seçilən Azza əl-Qbeysi özunun şəxsi zərgərlik emalatxanasında hazırlanan nəfis əl işləri ilə Avropanın (London,Helsinki) beynəlxalq zərgərlik məmulatları sərgilərində mükafatlar qazanaraq ölkəsini uğurla təmsil edib.

Bu gün ərəb xanımı müstəqil, cəsarətli, savadlı, istedadlıdır. Dövlət işində çalışan, siyasətdə təmsil olunan, işgüzar sahədə karyeralarını quran BƏƏ qadınları artıq cəmiyyətdə özlərini yüksək səviyyədə təsdiq edərək, söz və nüfuz sahibinə çevrilir.

Həqiqətən qadın böyük qüvvədir! Savadlı, intelektual və dünyagörüşlü qadın qiymətli ləl-cəvahiratla zəngin olan mücrüyə bənzəyir, arayıb-axtardıqca yeni-yeni inci, daş-qaşla rastlaşırmış kimi, sirli-sehrli qadın dünyası sanki hər dəfə yenidən kəşf edilir. Bütün qadınlara firavan həyat, ailə xösbəxtliyi diləyi ilə, hər şey könlünüzcə olsun!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı