Modern.az

ATƏT-in Bakı sessiyasında Rusiyaya qarşı QƏTNAMƏ səsverməyə çıxarılacaq - QALMAQAL

ATƏT-in Bakı sessiyasında Rusiyaya qarşı QƏTNAMƏ səsverməyə çıxarılacaq - QALMAQAL

20 İyun 2014, 14:01

ABŞ Bakıda antiRusiya cəbhəsi açır...


ATƏT-in Bakıda keçirləcək 23-cü sessiyasında  Rusiyaya qarşı qətnamə qəbul edilə bilər. Modern.az saytı xəbər verir ki, sessiyada müzakirə olunmaq üçün ABŞ gözlənilməz təkliflə çıxış edib. ATƏT iyunun 28-də Azərbaycanda öz işinə başlayacaq illik toplantısında ABŞ senatoru Bencamin Kardinin Rusiyanın Ukraynaya qarşı apardığı siyasəti ittiham edən qətnamə layihəsini sessiyasının gündəliyinə daxil edib. Amerikalı senator ATƏT-in Bakı iclasında Rusiyanı 1975-ci ildə qəbul edilmiş Helsinki sazişininin prinsiplərini pozamaqda ittiham edən qətnamə layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.

Qətnamə layihəsinin rəsmi adı “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin növbəti dəfə kobud pozulması” adlanır. Sənəddə “süverenlik hüququna hörmət”, “güc tətbiqinin yolverilməzliyi”, “ölkənin ərazi bütövlüyünün tanınması, mübahisələrin dinc yolla tənzimlənməsi, ölkənin daxili işlərinə qarışmamaq və insan haqlarına hörmət” tezisləri əks olunub.

Qətnamə layihəsində ATƏT üzvlərinə Krımda keçirilmiş referendumun qeyri-legitimliyinin tanınması və bu anneksiyaya etiraz, buna görə ATƏT-in Rusiyanı  ittiham etməsi tələb olunur. Sənəd ATƏT-in Bakıda keçirləcək 23-cü sessiyasında səsverməyə çıxarılacaq.

Xatırladaq ki, sessiyada iştirak etmək üçün Rusiya Dövlət Dumasının sədri Narışkinin rəhbərliyi ilə böyük nümayəndə heyəti Azərbaycana gələcək.

Moskva bu qətnamə layihəsindən ciddi narahatlığını ifadə edib. Rusiyanın ATƏT-dəki fövqəladə və səlahiyyətli səfiri Vasili Lixaçov bu sənədi “yalançı və qeyri-obyektiv” adlandırıb. 
“Bu qətanmə layihəsi ilə ATƏT müstəvisində antiRusiya internasionalı yaratmaq istəyirlər. Hazırda üzv ölkələrlə bu barədə danışıqlar gedir”-deyə Lixaçov vurğulayıb. Səfir etiraf edib ki, Bakıdakı iclasda Rusiya nümayəndə heyətini çox çətin vəzifə gözləyir:
“Ruslar ATƏT üzvlərinin Rusiya əleyhinə çıxışına qarşı mübarizə aparmalı olacaqlar”.

Xatırladaq ki, ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək illik iclasının tarixi müəyyənləşib. Modern.az-ın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, illik iclas 2014-ci ilin iyun ayının 28-dən iyul ayının 2-dək davam edəcək.
Qeyd edək ki, illik iclasın Bakıda təşkil olunması üçün Azərbaycan tərəfi təşəbbüs göstərib və bu barədə bir müddət öncə ATƏT PA-ya yazılı müraciət olunub.

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır