Modern.az

Azərbaycanda siyasi islam öz liderini gözləyir - ŞƏRH

Azərbaycanda siyasi islam öz liderini gözləyir - ŞƏRH

20 İyun 2014, 16:35


Şərqin müsəlman coğrafiyasında İslam təmayülünün orta əsrlərdən bəri davam edən və müasir zamanda daha da intensiv xarakter alan güclənmə meyllərini müşahidə etmək olar. Sırf dini inanc, məişət adət-ənənələrindən qaynaqlanan İslam dini ideyalarının ideoloji-siyasi baza rolu oynaması da şəksizdir. Məişət inancından siyasi müstəviyə qədər gəlib çıxan müsəlman dini dünyagörüşü bu gün tarixi Yaxın Şərq regionunu qan gölməçəsinə çevirib. İslam qaydalarının radikal dini qüvvələrin əlində bayraq edilməsi məzhəb qarşıdurmaları üçün stimuldur. Xarici qüvvələrin də təriqət ayrı-seçkiliyinin üstünə “benzin” tökərək, alovlandırması prosesləri çıxılmaz vəziyyətə gətirir. Bu mənada İslam dininin siyasiləşmiş qanadlarının təzyiq və təsir etmə arealı genişlənir və Yaxın Şərqdə din faktoru önə çəkilir.

Rəsmən dünyəvi olan və əhalisinin çox hissəsini müsəlmanlar təşkil edən dövlətlərdə isə İslam dini amili nəzərəçarpacaq dərəcədə güclü deyil. Söhbət heç də hər ailədə, cəmiyyət içərisində dini inanclı insanların çoxluğundan getmir. Əsas məsələ İslamın siyasiləşmiş cəbhəsinin həmin ölkələrdə zəif dayaqlarının olmasından gedir. Lakin o da arzu olunan deyil ki, Azərbaycan, Türkiyə kimi dünyəvi dövlətlərdə Yaxın Şərqdəki kimi radikal qüvvələr fəallaşıb radikal addımlar atsınlar.

Lakin İslam dini ideyaları ilə ərsəyə gələn siyasi təşkilat və ya adında təşkilat sözü olmayan qüvvələrin sivil, mədəni mübarizə aparan, ictimai rəy yarada biləcək gücünün olmaması məsələsi də ortadadır. Türkiyə ilə müqayisədə Azərbaycanda siyasi islam amili daha passivdir.

Politoloq Zərdüşt Əlizadə bunun səbəbləri barədə danışıb. Z. Əlizadə Modern.az saytına bildirib ki, Azərbaycanda kommunizm, millətçilik, liberallıq iflasa uğrayandan sonra ölkə ideoloji məkanında boşluq yaranıb. Ekspert hesab edir ki, bu boşluğu  ciddi-cəhdlə İslam dinindən ilham alan qüvvələr doldurmağa çalışır.

“Lakin onların arasında da müxtəlif dini ideologiya daşıyıcılar var. Mötədil, ifratçılarla yanaşı,  həqiqətən də Quran hökmlərinə ürəkdən bağlı olanlar və elmə yaxınlaşmaq istəyənlər var. Həm də mövhumat səviyyəsində olan qüvvələr də var. Lap sonda isə deyə bilərəm ki, xarici qüvvələrlə də əlaqəli olanlar var”.

Politoloq belə düşünür ki, Azərbaycan hakimiyyəti yalnız ona təhlükə törətməyənlərlə əməkdaşlıq edir. Şərq ölkələri üzrə mütəxəssis bu qənaətdədir ki, Azərbaycanda siyasi İslam amili öz nüfuz dairəsini genişləndirmək istiqamətində iş görür.

“Bu təbii bir şeydir. “Birləşmiş qablar” nəzəriyyəsinə görə hakimiyyət zəiflədikcə, cəmiyyətdə iqtidara qarşı olanların da sayı artacaq. Lakin hələlik onların nəzərə çarpacaq dərəcədə təsir etmə imkanları yoxdur”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?