Modern.az

Jurnalistlərə sayğısızlıq haradan qaynaqlanır?

Jurnalistlərə sayğısızlıq haradan qaynaqlanır?

23 İyun 2010, 18:43

Öz peşəmizə hörmət etməklə hamını bizə hörmət etməyə məcbur edə bilərik

 

Dünyada demokratik prinsiplər inkişaf etdikcə Azərbaycanda mövcud ənənlərdən imtina prosesi müşahidə olunur. Bu ənənələrdən biri də jurnalistlərə münasibətdir ki, ötən əsrin əvvəllərində az qala bütün dünyaya örnək ola biləcək jurnalist-məmur münasibətindən artıq əsər-əlamət qalmayıb. İndi jurnalistlər az qala cəmiyyətdə arzuolunmaz bir zümrəyə çevrilib ki, bunun sonu onların persona-non qrata elan olunması ilə bitməsə, şükür etməyə dəyər. Bunu ona görə deyirəm ki, cəmiyyətdə jurnalistlərə münasibət tamamilə mənfi istiqamətdə dəyişib. Təsəvvür edirsinizmi cəmiyyətin aynası, hakimiyyətin isə dördüncü təkəri olan jurnalislərə münasibət hansı səviyyədədir. Cəmiyyət jurnalistlərə  NKVD əməkdaşı, dövlət məmurları isə “reket” damğası vurmaqla bu şərəfli peşəni necə gözdən salıblar. Qəribə bir məntiq yaranıb ki, cəmiyyətdəki neqativ halları, eybəcərlikləri qabardan jurnalistlər demaqoq, məmurlaın  qeyri-qanuni əməllərini ifşa edən jurnalistlər isə reket adlandırılır. Belə çıxır ki, cəmiyyət eybəcərliklər içrisində yaşadıqda, məmurlar isə qeyri-qanuni fəaliyyət göstərdikdə özlərini rahat hiss edirlər. Sadəcə jurnalist-cəmiyyət və jurnalist-məmur münasibətləri normal qurulmayıb. Əslində elə söhbət də bundan gedir ki, sadalanan münasibətlər düzgün qurulmadığından jurnalistlərin fəaliyyəti cəmiyyət tərəfindən həzm olunmur.  Vəziyyət o həddə çatıbb ki, öz fəaliyyətləindəki neqativ halların qabardılmasından ehtiyatlanan  məmurlar hətta jurnalistləri həbs etdirməkdən belə çəkinmirlər. Qeyri-qanuni hərəkətlərini  ört-basdır etmək yolunu jurnalistlərin susdurulmasında görən məmurlar öz səlahiyyətlərindən sui-istifadə edib jurnalistləri içəri atdırırlar. Bu haqda çox danışmağa dəyməz, çünki bununla bağlı kifayət qədər faktlar mövcuddur. Hətta iş o həddə çatıb ki, cəmiyytdə «mənsəb» sahibi olan maraqlı qüvvələr qanunvericilikdə jurnalistlərin fəaliyyətinə məhdudlaşdırmağa hesablanmış dəyişikliklər etməyə nail olurlar. Kütləvi informasiya vasitələrin fəaliyyətini tənzimləyən qanunlara edilən  son dəyişikliklər məhz bu fikri söyləməyə əsas verir. Cəmiyyətdə əsas qınaq obyektinə çevrilən jurnalistlər əsasən peşə davranış qaydalarına riayət etməməkdə suçlanırlar. Düzdür, haradasa bu ittihamla qismən də olsa, razılaşmaq olar. Etiraf etməliyəm ki, cəmiyətin bütün təbəqələrində olduğu kimi, jurnalistlərin də arasında naqisləri yox deyil. Amma bu heç bir halda əsas vermir ki, jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdıran, onların şərəf və ləyaqətinə xələl gətirən hər hansı addıma yol verilsin. Bəs bizi peşə davranış qaydalırını pozmaqda suçlayan tərəflər özləri jurnalistlərin qanuni peşə fəaliyyətini həyata keçirmək üçün lazımi şərait yaradırlarmı? Son vaxtlar  jurnalistlərə tamamilə hörmətsizliyin şahidi oluruq. Belə hörmətsiz hərəkətlər qeyri-hökumət təşkilatlarından tutmuş siyasi partiya nümayəndələri və dövlət məmurlarına qədər baş verməkdədir. Onların keçirdikləri tədbirlərdə jurnalistlərə qarşı elə hörmətsizlik nümayiş etdirilir ki, sanki jurnalistlər onların qapılarına gəlib borc istəyirlər. Acınacaqlı haldır ki, hələ də bir qisim insan dərk etmir ki, ölkədə keçirilən yerli və yaxud beynəlxalq səviyyəli tədbiri işıqlandırmaq jurnilistin peşə vəzifəsidir, bu vəzifəni layiqincə yerinə yetirməkdən ötrü şəraitin yaradılması isə tədbirin təşkilatçısının borcudur. Ancaq təssüf ki, son zamanlar keçirilən tədbirlərdə bunun tamamilə əksini görürük. Demək olar ki, hazırda ölkədə keçirilən tədbirlər  elan olunduğu vaxtda başlamır.  Ya jurnalistlər 30-40 dəqiqə vaxtdan əvvəl dəvət olunur, ya da elə bu qədər tədbirin başlanmasını gözləyirlər. Sanki tədbir iştirakçıları dərk etmirlər ki, jurnalistlər onlar kimi ayda-ildə bir dəfə tədbirə gəlmir ki, bütün günlərini buna sərf etsinlər, hələ fədukar jurnalistlər gün ərzində bir neçə belə tədbirdə iştirak etməlidirlər. Tədbirin keçirilməsi bir yana qalsın, jurnalistlər üçün heç əyləşməyə yer, istifadə etməyə press-reliz hazırlanmır. Təsəvvür edin, bütün tədbir iştirakçıları, qonaqlar, mütəxəssis və ekspertlər üçün əyləşməyə yer təşkil edilir, təkcə jurnalistlər yaddan çıxır. Ən yaxşı halda jurnalistlər arxada ayaq üstə durmalı olurlar. Beynəlxalq tədbirlərdən isə danışmağa dəyməz, çünki belə tədbirlərdə mühafizəçilər ümumiyyətlə jurnalistləri adam yerinə qoymurlar. Jurnalistlərdən başqa bütün tədbir iştirakçıları qulaqcıqla təmin olunur, jurnalistlərdən başqa bütün tədbir iştirakçılarına qələm, bloknot verilir. Burada söhbət «bir kilo sosiskadan yox, adama qarşı “vnimatelno” olmaqdan» gedir. Şirkətlərin təqdimat mərasimlərində isə jurnalistləri ən sonuncu cərgədə əyləşdirmək artıq adət halını alıb. Sanki tədbir təşkilatçıları dərk etmirlər ki, onların dörd divar arasında danışdıqları mənasız söz yığınını jurnlistlər abıra salıb cəmiyyətə çatdıracaq, tədbirin əhəmiyyətini artıracaqlar.

Müxtəlif nazirlik və komitələrin rəsmi tədbiləri isə jurnlistlər üçün bir növ qapalı olur. Çünki belə tədbirlərə jurnalistlər şəxsi münasibətə görə dəvət olunur. Mühafizəçilər isə adamın əsəbləri ilə oynamaqdan ləzzət alırlar. Yaxşı ki, Tanrı onları bir qədər yüksək mənsəb sahibinə layiq görməyib, yoxsa adamın dərisini çıxarardılar. Belə tədbirlərdə təşkilati işlər o dərəcədə zəif olur ki, adam dərhal həmin nazirə etibar edilən sahənin necə idarə etdiyini gözünün önünə gətirərək, heyfslənir ki, görün belə əhəmiyyətli sahəni kimə etibar ediblər. Etiraf edək ki, bəzi tədbirlər zamanı jurnalistlər üçün heç bir şəraitin yaradılmamasında mətbuat xidmətlərinin sayğısızlığı böyük rol oynayr. Nəzərə alsaq ki, jurnalistlərlə məhz mətbuat xidmətləri işləyir, deməli ən azı qarşılıqlı hörmət zəmnində jurnalistlər üçün minimum şərait yaratmaq məhz onların borcudur.

Sonda onu demək istəyirəm ki, jurnalistlərin cəmiyyətdəki hörmətini, bu peşənin şərəf və şöhrətini yalnız biz özümüz qaytara bilərik. Çünki nə dövlət məmurları, nə də digər qurumlar jurnalistlərin cəmiyyətdə rolunun artmasında maraqlı deyillər. Elə bunun nəticəsidir ki, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən 20-yə qədər qanunda jurnalistlərin sosial hüquqlarının müdafiəsi ilə bağlı bir dənə də olsun müddəa yoxdur. Yalnız biz öz peşəmizə hörmət etməklə hamını bizə hörmət etməyə məcbur edə bilərik. Bəlkə də milli mətbuatın 135-ci yubiley ilində bu yazıya görə məni qınayanlar da olacaq. Ancaq hesab edirəm ki, elə yubiley ilində jurnalistlərin peşə fəaliyyətinə mane olan neqativ halların aradan qaldırılması daha yaxşı olardı.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?