Modern.az

Ermənilərin Bakı həyasızlığı

Ermənilərin Bakı həyasızlığı

Aktual

22 İyun 2014, 13:46

Namidə BİNGÖL

Həftənin mənzərəsinə çəpəki baxanda suların durulmadığı qənaətinə gəlmək olar. Yəni İŞİD başladığı işə “qanlı naxışlar” vurmaqda davam edir.  Ziyafət Əsgərovun da qətiyyətli çıxışı diqqət çəkdi. Qısası, bu barədə mütləq danışacam. Öncə yola saldığımız həftənin yekun hadisələrinə nəzər salaq.

İki həftəyə yaxındır ki, İraqdan start götürən İŞİD radikal qruplaşmasının dünyaya meydan oxuması onu göstərir ki, din yolunda qan tökən dinsizlərin ən böyük silahı “Ya Allah” deyərək bəşəriyyəti məhv etməkdir. Nədənsə, dünyanın “sülh göyərçin”i olan Amerikanın səsi “batıb”. Sanki 2003-cü ildə Səddam Hüseyni devirib İraqda möhkəmlənən Amerika olmayıb. Deyirəm, qısa şalvar, uzun saqqallı terrorçular qarşısında dünyanın super gücünün  acizlik göstərməsi şübhəli deyilmi?! Axı, işin içində İŞİD var.

Həmçinin, Milli Məclisin növbəti plenar iclası keçirildi. Millət vəkilləri 26 məsələni müzakirə etdilər.

İndi isə qayıdaq həftənin ən səs-küylü hadisəsinə. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun erməni deputatlarla dialoqu işğalçı dövlətə ikiəlli dəstək verənlərin canına vəlvələ saldı. Bunu mən demirəm. Bu, sadəcə faktdır. 

Bakıda NATO PA-nın “Cənubi Qafqaz Çağırışlar və imkanlar” adlı 86-cı Rouz Rout seminarı keçirildi. Tədbirə Ermənistan nümayəndə heyəti də dəvət olunmuşdu.

Kor-kor, gör-gör. İşğalçı dövlətin nümayəndələri həmişəki kimi yaman “qaşınırdı”. Yəni eyibinə kor olmaq bu millətin qanında yoxdur da. Necə deyərlər, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov ermənilərə və onların müdafiəçilərinə tutarlı cavab verdi.

Bəli, birinci vitse-spikerin  bu hərəkəti alqışa layiq idi. Axı, nə vaxta qədər Azərbaycana qarşı laqeyd münasibət sərgiləmək olar? Nə vaxta qədər işğalçı dövlətin mənfur əməllərinə  haqq verilməlidir?! 20 ildən artıq vaxt keçib. Məcburi köçkünlərimizin “qaçqın” limiti çoxdan dolub. Bəs deyilmi?!

Hələ ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən danışmıram. Həmsədrlərin regiona vaxtaşırı təşkil olunan səfərlərini “çay dəstgahı” kimi xarakterizə etmək olar. Hər halda, illərdir keflənə-keflənə çay içməyin ləzzətini onlar  daha yaxşı bilir. Onlar üçün Azərbaycanın ərazi bütövlüyünün nə əhəmiyyəti var ki!  Amma, Ziyafət Əsgərov üçün dövlətinin ərazi bütövlüyü çox önəmlidir.

Əslində, mənfur qonşularımızın “xoş” niyyəti bizə heç də yad deyil.  Bakı səfərində Dağlıq Qarabağın müstəqilliyi şərəfinə ayaqyolunda badə qaldıran erməni deputatlar növbəti etik davranışlarını təqdim etdilər. Belə ali mədəniyyətin qarşısında söz də acizdir. Deyəsən, həna qoymağınızın vaxtı çatanda saqqalınız “qaşınır”. Sanki o dərəcədə inadkarsınız ki, Ziyafət Əsgərovu susdura biləcəyinizi xəyal etmişdiniz. Özü də Bakıda. İşə bax e. Padşahla padşahlıq etməyin mənasızlığını erməni mujiklər  anlamalı idilər.

Şəxsən mənim üçün çox maraqlıdır. Bakıda suyun üzünü bulandırmağa çalışan erməni deputatlar gəmidə oturub gəmiçi ilə dava etməyin əhəmiyyətsizliyini necə dəyərləndirərdi?  Provokativ şəkildə Bakıda “mədəni” davranış sərgiləyən ermənilər, əlavə divident qazana bildilərmi barı?! Təəssüf ki, cinayət əməllərinizə görə bu günə qədər beynəlxalq ictimaiyyət tərəfindən mühakimə olunmamısınız.

Bir xatırlatma da yerinə düşər məncə. Dövlətin daxili sabitliyi möhkəm iqtisadi sütunlardan asılıdır. O zaman müəllimin qələmi, həkimin bıçağı, əsgərin silahı dövləti “bombalamağa” hesablanmır. İqtisadi natarazlıq nəticəsində işğalçı dövlətin sıraları durmadan seyrəlir. Bu zaman ordunun müdafiə gücü də zəifləyir. Baxın, bu vəziyyət Ermənistanda cərəyan edir.

Bakıda isə şəhər gəzintisinə çıxan ermənilər Azərbaycanın uğurlu inkişafı qarşısında nədən danışacaqlarını unutdular.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür