Modern.az

İspaniyanın yeni kralı: ilk sevgilisi narkoman qızı, ikincisi evli və jurnalist idi

İspaniyanın yeni kralı: ilk sevgilisi narkoman qızı, ikincisi evli və jurnalist idi

Reportaj

23 İyun 2014, 11:36

Bir neçə gün əvvəl İspaniyanın 76 yaşlı kralı Xuan Karlos taxt-tacdan imtina etdi və vəliəhd-oğul VI Felipe rəsmi olaraq monarx oldu. Kral Felipenin andiçmə mərasimi həm də 1978-ci ildən demokratik yolla idarə edilən İspaniyada ilk kral dəyişikliyi oldu.

Modern.az yeni İspaniya kralı haqqında maraqlı məlumatları təqdim edir.  

VI Felipe 1968-ci il yanvarın 30-da Madriddə anadan olub. O, keçmiş kral Xuan Karlos və kraliça III Sofiyanın yeganə oğludur. Felipe doğulanda Madridə yerləşən baş yepiskop Kasimiro Morsillo Qonsales tərəfindən xaç suyuna çəkilib. Vəliəhdə uzun bir ad verilib: Felipe Xuan Pablo Alfonso de Todos los Santos de Borbon i de Qresia.

O, 8 yaşına bir neçə ay qalmış diktator general Fransisko Franko ölür (1975) və iki gün sonra onun atası Xuan Karlos kral olur.

1986-cı il yanvarın 30-da 18 yaşlı Felipe Konstitusiyaya sadiq olacağına and içir və İspaniya parlamenti onu rəsmən krallığın varisi kimi təsdiq edir.

Felipe təhsilə Santa Mariyadakı “Los Rosales” məktəbində başlayır. Ali təhsilini isə Kanadada yerləşən Lakefild kollecində alır. Madrid Muxtar Universitetində isə hüquq ixtisasını yiyələnir. Bunlarla yanaşı, o, bir neçə iqtisadi kursları da bitirir.

Magistr təhsilini isə Corctaun Universitetində (ABŞ) beynəlxalq əlaqələr üzrə alır. Burada o, əmisi oğlu – Yunanıstan şahzadəsi Pavlos ilə otaq yoldaş olur.

 

Yeni kral həm də hərbi akademiyanın məzunudur. O, Quru Qoşunlarında polkovnik-leytenant, Hərbi Dəniz Donanmasında 2-ci dərəcəli kapitandır.

1995-ci ildən başlayaraq Felipe İspaniyanın müxtəlif vilayətlərinə rəsmi səfərlərə başlayır. O, insanlarla səmimi münasibətlər yaratmağa çalışır. Bundan başqa, Felipe dövlət orqanları və dövlət qurumları ilə mütəmadi görüşlər keçirir.

Felipe Avropaya və Latın Amerikasına dəfələrlə rəsmi səfər edib, bununla yanaşı ərəb ölkələri, Uzaq Şərqdə və Avstraliyada da olub. 1996-cı ildən isə o, rəsmi səfərlərini daha da genişləndirir. Latın Amerikasında rəsmi açılışlarda İspaniyanı təmsil edir.

Yeni kral fransız, ingilis və yunan dillərində sərbəst danışa bilir.


Felipe 1992-ci ildə Barcelona Oyunlarında İspan Olimpiya yelkənli komandasının üzvü olur. Olimpiadanın açılış mərasimində İspaniyanın bayrağını daşıyıb.
Felipenin bakalavr illəri ispan mətbuatının maraq mənbəyi olub. Belə ki, Felipenin yaraşıqlı olması xanımların diqqətini cəlb edir. Adı bir çox gözəl xanımla hallanan vəliəhd üçün yalnız iki qadın dəyərli olur. İlk ciddi sevgilisi İspaniya zədəganı İzabel Sartorisdur. İzabelin anasının kokain asılılığında olması onların münasibətini sonlandırır. Felipenin ailəsi qızın gəlin olmasına qarşı çıxırlar və onların 1989-cu ildən başlayan münasibətləri 1991-ci ildə bitir.  Felipe özünə layiq olan xanımı axtarır. Bu dəfə isə qarşısına evli qadın çıxır. Felipe əvvələr CNN-də televizya jurnalisti işləmiş gözəl Letisiya Ortisinlə eşq yaşayır. Onların münasibətlərinə xanımın evli olması mane olmur və 2003-cü ilin noyabrında nəhayət, cütlük nişanlanır.

1972-ci ildə İspaniyanın Oviedo şəhərciyində doğulan Letisiya Ortisin nəslində zadəgan qanı yoxdur. Atası və nənəsi jurnalist, anası isə tibb bacısı olub. Radiodiktor nənəsi və jurnalist atasının yolunu davam etdirməyi hədəfləyən Letisiya məktəbi bitirdikdən sonra Madrid Universitetində təhsil alıb. Ədəbiyyat müəllimi Alonso Herrero Pereslə 10 ilə yaxın sevgi münasibətindən sonra cütlük 1998-ci ildə evlənib. Ancaq evlilikləri çox çəkməyib və 1 il sonra onlar boşanırlar. 

Ailəsi onun İsveç şahzadəsi Viktoriya ilə ailə qurmasını dəstəkləsə də, 30 yaşını adlamış Felipe gələcək həyat yoldaşını zadəgan qanı daşıyıb-daşımayacağına görə deyil, sevgi əsasında seçəcəyini bəyan edib. Bundan sonra kraliça III Sofiya gəlin axtarışlarını dayandırıb.
Qalisiyaya ispan sahillərində batmış tankerlərdən reportaj hazırlamağa gedən Letisiya Felipe ilə elə orada tanış olub. Həmin vaxt Letisiya karyerasının ən parlaq dövrlərini yaşayır, CNN və Bloomberg telekanallarında çalışırdı. Şahzadə Felipenin isə 34 yaşı yenicə tamam olmuşdu. Ancaq Letisiya kralın yeganə oğluna dərhal "hə" cavabı verməyib. Deyilənə görə, Felipe düz 4 dəfə görüş təklifinə "yox" cavabı alıb.

 

Onların münasibətləri haqqında dünya mətbuatı 2003-cü ildə xəbər tutub. Şahzadə Felipe ona ağ qızıl üzərində brilyant qaşlar düzülmüş nişan üzüyü hədiyyə edib. Cütlük ən azı iki, ən çox beş uşaq istədiklərini bildiriblər.
Şahzadə Felipe ilə Letisiyanın toy mərasimi 2004-cü ilin 22 may tarixində baş tutub. Letisiya "Manuel Pertegaz" imzalı krem rəngli gəlinliyini ağ zanbaq dəstəsi ilə tamamlayıb. Başına isə kraliça Sofiyanın almaz daşlarla bəzənmiş platin tacını taxıb.
Toydan sonra Letisiya doğulduğu Asturiya bölgəsinin şahzadəsi elan olunub və həyat yoldaşı ilə birgə Sarsuel qəsrinin yaxınlığındakı rezidensiyaya köçüblər.

Letisiya jurnalistikadan getdiyini rəsmən açıqlasa da, evdar xanım olmaq niyyəti yox idi. Ərini rəsmi səfər və çıxışlarda tək qoymayan xanım Ortis İspaniyanı təmsil etməyin qürurunu yaşayırdı.
Hazırda cütlüyün Leonor və Sofiya adlı  iki qızları var.


 

 

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü