Modern.az

Elmar Məmmədyarov Fransadan bəyan etdi: “Qarabağın azad olunması üçün plan hazırdı”

Elmar Məmmədyarov Fransadan bəyan etdi: “Qarabağın azad olunması üçün plan hazırdı”

Aktual

23 İyun 2014, 20:05

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) AŞ Nazirlər Komitəsinin sədri qismində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “dondurulmuş münaqişələr”, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavab verərək, Azərbaycanın bu məsələdə yeganə yanaşmasının olduğunu deyib.

E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi dedikdə, burada birmənalı olaraq Azərbaycan ərazilərinin itirilməsindən söhbət getdiyini vurğulayıb: “Əlbəttə ki, bu münaqişənin həlli ilə bağlı çox müzakirələr olub.Biz hesab edirik ki, Avropa Şurası Nazirlər Komitəsi regionda sülhün bərqərar olmasına daha çox töhfə verə bilər. Münaqişənin həlli istiqamətində erməni tərəfi ilə danışıqlarda birbaşa iştirak edən Azərbaycanın xarici işlər naziri qismində onu deyə bilərəm ki, bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur. Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT çox mötəbər təşkilatdır, onun qərarlarına hörmətlə yanaşılmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təməl qərarlar artıq mövcuddur. 1993-cü ildə qəbul olunmuş bu qərarlar Ermənistana qarşı tələblərin hələ də qüvvəsində qaldığını göstərir. Yəni Ermənistandan Azərbaycan ərazilərindən öz hərbi hissələrini çəkməsi tələb olunur. Hesab edirəm ki, bu qətnamələrin həyata keçirilməsi lazımdır. Münaqişənin həll olunmasında bu yolla gedilsə, bütün region üçün faydalı olar. Bu nə qədər tez baş versə, orada yaşayan insanlar üçün də bir o qədər də yaxşı olardı. Çox ümid edirik ki, Avropa Şurası da hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyub saxlayacaq. Bu mövqe beynəlxalq hüquq normaları baxımından ən düzgün və faydalı yanaşma olardı”. (Apa)


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!