Modern.az

Stalinin şineli geyindirilmiş it alqışlarla qarşılanıb - FOTOLAR

Stalinin şineli geyindirilmiş it alqışlarla qarşılanıb - FOTOLAR

24 İyun 2014, 00:05



24 iyun 1945-ci ildə Moskvada Qızıl Meydanda Böyük Vətən Müharibəsində  Almaniya üzərində qələbənin şərəfinə keçirilən tarixi Qələbə paradı SSRİ tarixində ən əlamətdar hadisələrdən biridir.

Modern.az saytı tarixin maraqlı məqamlarını yadınıza salır. “Qələbə paradının keçirilməsi üçün təcili təkliflər hazırlansın”. Bu, Stalinin 24 may 1945-ci ildə Kremldə qələbə münasibətilə keçirilən tədbirdə baş qərargah rəhbərliyinə verdiyi tapşırığı idi. Bir neçə günlük gərgin çalışmalardan sonra Qələbə paradının keçirilməsi ilə bağlı təkliflər Baş qərargah tərəfindən Stalinə təqdim olunub. Stalin ən xırda detallara belə, diqqət yetirdikdən sonra razılığını bildirib. Amma təklifdə göstərilən 2 ay hazırlıq müddətinin üstündən xətt çəkib və onun yerinə  yazıb: “Qələbə paradı 24 iyun 1945-ci ildə saat 10-da başlayacaq”.

Bir ay ərzində Qələbə paradına ciddi hazırlıq işləri görülüb. Ali Baş Komandanın əmrinə əsasən, doqquz bənddən ibarət xüsusi direktiv hazırlanıb. Artıq iyun ayının 10-dan ayrı-ayrı döyüşən cəbhələrin alayları Moskvada məşqlərə başlayıblar.

Parad zamanı nəzərdə tutulurdu ki, alman hissələri və birləşmələrinin, o cümlədən Hitlerin şəxsi bayrağı mavzoley qarşısında yerə atılmalıdır. Buna görə həmin bayraqlar da Moskvaya gətirilib. Ancaq bayraqların sayı çox olduğundan cəmisi 200 alman bayrağı seçilib. Və bu bayraqların aparılması üçün xüsusi rota da hazırlanıb.

Təbii ki, parada hazırlıq dövründə Qələbə paradının kim tərəfindən qəbul ediləcəyi müzakirə edilməyib. Təşkilatçılar birmənalı şəkildə elə düşünüblər ki, Qələbə paradını Ali Baş Komandan İosif Stalin qəbul edəcək. Ancaq parada bir həftə qalmış Stalin marşal Georgi Jukovu öz bağına dəvət edib. Hzırlığın gedişi ilə maraqlandıqdan sonra soruşub:

- Georgi Konstantinoviç, neçə illərdir komandir maşınında gəzirsiniz, at çapmağı unutmamısınız?

İlk anda söhbətin nədən getdiyini anlamayan Jukov həmişə olduğu kimi qısa və aydın cavab verib:

- Yoldaş Stalin müharibə illərində hərbi texnikada gəzsəm də, uşaqlıqdan öyrəndiyim at çapmağı hələ ki, yadırğamamışam. Elə cəbhələrdə də vaxt tapanda at çapmışam.

-  Bu yaxşıdır. Odur ki, Qələbə paradını siz qəbul edəçəksiniz. Parada komandanlığı isə marşal Rokossovskiyə həvalə edirəm.

- Yoldaş Stalin, bu böyük şərəfə görə sizə minnətdaram, ancaq paradı sizin qəbul etməyiniz daha yaxşı olardı.

- Mən artıq qocalmışam, siz mənə baxanda cavansınız,  tarşırığı yerinə yetirin.

Adətən Stalinin əmrləri, göstərişləri, təklifləri müzakirə olunmayıb. Çox nadir hallarda Stalinin söylədiklərinə marşal Jukovun fikir söyləmək cürəti çatıb. Ancaq bu dəfə Jukov dialoqun uzadılmasını mənasız sayıb.

Qələbə paradını açıq boz rəngli atın belində qəbul etmək də Ali Baş Komandan Stalinin təşəbbüsü olub.



Nəhayət iyunun 24-də Qızıl meydan 800 illik tarixində ən həyəcanlı anlarını yaşayıb. Hətta səhərdən yağan  leysan yağış meydan ətrafına toplaşan yüz minlərlə insanı bu tarixi hadisəni izləməkdən geri döndərə bilməyib.

Kreml saatının onuncu zəngi vurulduqdan sonra iki atın nallarının cingiltili səsi altında marşal Rokossovski marşal Jukova raport verib. Paradı qəbul edən Jukov qoşunların qarşısından keçərək şəxsi heyəti təbrik edib. Təbrikdən sonra o tribunada qısa nitq söyləyib. Daha sonra hərbi orkestrin səsləndirdikləri marş sədaları altında döyüşən cəbhələrin alayları Qızıl meydandan keçiblər.

Hava şəraitinin yağışlı olmasından Qələbə paradında aviamarş təxirə salınıb.

Parad zamanı hərbi orkestrin qəfil susması izdihamda qeyri-adi sükut yaradıb. Bir neçə saniyədən sonra təbillərin gurultulu səsi eşidilib və xüsusi rota alman bayraqlarını aşağı vəziyyətə gətirərək mavzoleyin qarşısındakı daşların üzərinə atıblar. Birinci atılan bayraq isə Hitlerin şəxsi ştandartı olub. Həmin bayraqları gətirən sovet hərbçiləri əllərinə əlcək geyiniblər. Bu da təsadüfi deyil. Onların əlləri düşmən bayrağına dəyməmələri üçün belə ediblər və sonra həmin əlcəkləri yandırıblar.

Qələbə paradının ən maraqlı məqamlarından biri şinel geyindirilmiş itin marş sədaları altında Qızıl meydandan keçməsi olub. Bu keçid insanların sürəkli alqışları ilə qarşılanıb. “Culbars” adlandırılan bu öyrədilmiş it müharibə zamanı 7500 ədəd basdırılmış minanın tapılmasında istehkamçılara yardımçı olub. Qələbəyə çox az bir vaxt qalmış isə it yaralanıb. Bu haqda məlumatlı olan Stalin təşkilat komitəsinə əmr verib ki, öz şəxsi şinelini “Culbars”a geyindirib Qələbə paradında Qızıl meydandan keçməsini təmin etsinlər.

Qələbə paradında 24 marşal, 249 general, 2536 zabit, 31116 əsgər və serjant heyəti iştirak edib. Qızıl meydandan 1850 hərbi texnika keçib.

Səhərisi gün isə iyunun 25-də Böyük Kreml sarayında 2500 nəfərin iştirakı ilə  qəbul keçirilib, ziyafət təşkil olunub.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir