Modern.az

Azərbaycanda internetin qiyməti hansı ölkələrdəkindən ucuzdur?

Azərbaycanda internetin qiyməti hansı ölkələrdəkindən ucuzdur?

2 Oktyabr 2009, 12:39

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə və regionda internet xidmətlərinə dair tariflərin monitorinqini aparıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinq zamanı Azərbaycanda Qlobal Şəbəkəyə genişzolaqlı çıxış qiymətlərinin xeyli azalması qeydə alınıb. Nazirliyin məlumatına görə, hazırda ölkmizədə internet-istifadəçilərə təqdim olunan qiymətlər regionun digər ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Xatırladaq ki, fevral ayında respublikanın internet provayderləri tərəfindən qiymətlər iki dəfədən artıq endirilib. Cari ilin sentyabr ayında isə Azərbaycanın ilkin provayderi olan Delta Telecom şirkəti ölkə provayderləri üçün qiymətlərin endirilməsi barədə elan edib. Bir ay ərzində provayder şirkətlər öz tariflərini təhlil edib, yeniləşdiriblər. Oktyabrın 1-dən etibarən Aztelekom.net və Bakinternet dövlət provayderləri yeni tariflər haqqında elan ediblər: internetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz çıxışın qiyməti artıq 29 manatdır. Qeyd edək ki, əvvəl həmin paketin qiyməti 130 manat təşkil edirdi (4,5 dəfədən də çox enmə müşahidə olunur). Yeni tariflər barədə ətraflı məlumatlarla Aztelekom.net və Bakinternet-in saytlarında tanış olmaq olar. Həmçinin AzDataCom şəbəkəsi çərçivəsində də internet xidmətlərinin tarifləri endirilib. Bundan əvvəl bir sıra özəl provayderlər tərəfindən də tariflərin bir neçə dəfə endirilməsi barədə elan olunub. Belə ki, Connect, Uninet, Azeronline şirkətləri yuxarıda qeyd olunan paketin qiymətini 30 manatadək azaldıb, Smart System Technology şirkəti isə həmin paketə görə 20 manat dəyərində tarif təyin edib. Ölkənin digər internet provayderləri tərəfindən də bu istiqamətdə intensiv işlər aparılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin monitorinqinin nəticələrinə əsasən, bu gün üçün Azərbaycanda internetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz çıxışın orta qiyməti 25-30 manat təşkil edir (təqribən 31-37 ABŞ dolları).
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həmçinin regionun bir sıra ölkələrində internet-tariflərin monitorinqi aparılıb. Aşağıda region ölkələrinin bir sıra provayderləri tərəfindən internetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz paketlərin tarifləri göstərilib:
Gürcüstan: təxminən 160 ABŞ dolları.
Ermənistan: 80-90 ABŞ dolları arasında, həmçinin təqribən 185 ABŞ dolları qoşulma haqqı.
Rusiya Federasiyası: RF-də regiondan asılı olaraq qiymətlər arasında böyük fərq müşahidə olunur. Orta hesabla – 10-150 ABŞ dolları arasında. 
Türkiyə: təxminən 34 ABŞ dolları.
Ukrayna: 15 ABŞ dollarından 50-60 ABŞ dollarınadək.
Belarus: 210-430 ABŞ dolları arasında.
Moldova: qoşulma haqqı – 45 ABŞ dolları, paketin qiyməti 14-20 dollar arasında.
Qazaxıstan: 256 kb/s sürəti ilə internetə limitsiz çıxış paketi – təxminən ayda 15-27 ABŞ dolları.
Qırğızıstan: 28 kb/s sürəti ilə internetə limitsiz çıxış paketi – təxminən ayda 55 ABŞ dolları.
Qeyd edək ki, bütün linklər işlək vəziyyətdədir, göstərilmiş tariflər isə 2009-cu il 1 oktyabr tarixinə qüvvədə olublar. Mənbələr məlumatın düzgülüyünün təsdiqi üçün təqdim olunub.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da bu istiqamətdə monitorinqlər keçirəcək, nəticələr isə geniş ictimaiyyətə təqdim olunacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər