Modern.az

“Nə asıllığımız yaranıb, nə də təzyiqə məruz qalmışıq”

“Nə asıllığımız yaranıb, nə də təzyiqə məruz qalmışıq”

1 İyul 2010, 14:38
Səadət Bənənyarlı:«QHT müstəqildirsə, heç kim onu məcbur edə bilməz ki, nədənsə asılı olsun»  

«Bizim təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurasına layihə təqdim edib və qrant alıb. Layihəmiz uğurla həyata keçrilib. Şura tərəfindən nə asıllığımız yaranıb, nə də hər hansı təzyiqə məruz qalmışıq».
Bu fikirləri Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı səsləndirib.  Qeyd edək ki, bir neçə gün əvvəl «Freedom House» təşkilatı «2010-cu ildə keçid dövründə olan dövlətlər» adlı hesabatını açıqlayıb. Hesabatın Azərbaycana dair hissəsində QHT-lərə də yer ayrılıb və iddia olunur ki, üçüncü sektorun dövlətdən asıllığı artıb.

«QHT-lərə Dövlət Dəstəyi Şurası mülki vətəndaş cəmiyyəti qruplarına maliyyələşməni artırıb. Bu yolla da onların dövlətdən asılılığını artırıb»,-deyə vurğulanır. Xatırladaq ki, AŞPA-nın yay sessiyasında komissar Tomas Hammarberq Azərbaycana dair açıqladığı hesabatda da hakimiyyəti QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməyə çağırıb. S.Bənənyarlı isə bu iradların heç birini bölüşmür: «Əksinə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması çox yaxşı haldır. Çünki Şura elə istiqamətlərə maliyyə ayırır ki,  həmin istiqamətlər xarici fondlar, maliyyə qurumları tərəfindən qrant ayrılmır. Məsələn, Qarabağ problemi, qaçqın və məcburi köçkünlərlə bağlı sahələr və s. göstərmək olar. Bu istiqamətdə QHT-lərin daha fəal işləməsi çox  yaxşıdır. O baxımdan ki, vətəndaş cəmiyyətinin Azərbaycanın konfliktlə əlaqədar mövqeyini beynəlxalq aləmdə gündəmə gətirməsi bizim lehimizədir». Bənənyarlı Şuraya təqdim edilən layihələrin büdcəsində bir qədər azalma olduğunu deyib. «Amma biz şuranın yeni yarandığını da unutmamalıyıq. Düşünürəm ki, əgər QHT müstəqildirsə, heç kim onu məcbur edə bilməz ki, nədənsə asılı olsun. Tutaq ki, QHT təzyiqə məruz qalır, yaxud aldığı qrant hesabına asıllığı yaranır, onda maliyyədən imtina edə bilər». Bənənyarlı düşünür ki, bu gün QHT-lərin problemi bu deyil. «QHT-lərin problemi qeydiyyatın sadələşdiriməsidir. Eyni zamanda vətəndaş cəmiyyət dövlət və biznes strukturları ilə  əlaqədə olmalıdır. Qərb ölkələrində də QHT fondları var, ABŞ Dövlət Deparamenti üçüncü sektora böyük maliyyə ayırır. Heç kim bunu birbaşa asıllıq kimi qiymətləndirmir. Bizdə də fikirlər dəyişməlidir».
S.Bənənyarlı xatırladıb ki, Azərbaycanda qeydiyyatdan keçmiş 3 minə yaxın QHT var. «Qeydiyyatdan keçməyənlər də fəaliyyət göstərirlər. Şuranın müsabiqələrində isə çoxsaylı QHT iştirak edir. Amma tələblərə cavab verməyən təşkilatlar qrant ala bilmir. Ola bilsin ki, layihələri dəstəklənməyən QHT-lər də bu cür fikirlər səsləndirirlər. Məncə burda qısqanclıq var”. S.Bənənyarlı arzu edir ki, insan haqlarına dair layihələr birinci  olsun. «Bunun içində hər şey gedir. İnsanlara haqları barədə geniş məlumat verilməsi günün tələbidir. Şuranın dəstəyi ilə sosial hüquqlarla bağlı layihə həyata keçirdik. Əmin olduq ki, regionda buna çox böyük ehtiyac var. Bizə xeyli suallar verildi. İnsan hüququnu biləndə özünü daha asan müdafiə edir. İnsan haqları həmişə öndə olmalıdır».
S.Bənənyarlı bu sahədə çalışmaq istəyən xüsusilə də gənc QHT-lərin layihələrində hər hansı problemin olduğu ilə razılaşır, amma onun fikrincə, bunun üçün həmin təşkilatlara treninqlər keçirilməlidir. «Vaxtilə belə treninqləri biz də keçmişik. Müəyyən QHT-lərin buna ehtiyacı var».




 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir