Modern.az

Anadolu Ajansının baş direktoru azərbaycanlı jurnalistlərə dərs keçdi: “Medianızda dedi-qodular çox yazılır, müəlliflik hüququ çox pozulur” - FOTOLAR

Anadolu Ajansının baş direktoru azərbaycanlı jurnalistlərə dərs keçdi: “Medianızda dedi-qodular çox yazılır, müəlliflik hüququ çox pozulur” - FOTOLAR

24 İyun 2014, 13:28

Türkiyənin Anadolu Agentliyi (AA) və TİKA-nın əməkdaşlığı nəticəsində hazırlanmış proqram çərçivəsində bir qrup azərbaycanlı jurnalist AA-nın Xəbər Akademiyasında təlimə cəlb ediliblər. Təlimdə iştirak edən Modern.az saytının əməkdaşı Əfqan Qafarlının verdiyi məlumata görə, AA-nın Xəbər Akademiyasında azərbaycanlı jurnalistlərə ilk dərsi Anadolu Agentliyinin baş direktoru və İdarə Heyətinin sədri Kamal Öztürk verib.

Öncə rəhbərlik etdiyi Anadolu Agentliyinin fəaliyyətindən bəhs edən Kamal Öztürk AA-nın 100 illiyə hazırlaşdığını və 2020-ci ilədək bir sıra hədəflər seçdiyini bildirib. Onun sözlərinə görə, hazırda 5 dildə (türk, ingilis, ərəb, boşnak, rus) xəbər yayan AA 100 illik yubileyinə qədərki müddətdə 11 dildə xəbər yayan media quruluşu olaraq dünyanın ilk 5 beynəlxalq xəbər agentliyi sırasına daxil olmağı hədəf seçib.
K.Öztürk hazırda hər gün 1500 (100 özəl) xəbər, 1000 şəkil, 200 video yayan AA-nın Orta şərq və Balkanlar bölgəsində çox güclü olduğunu, Qafqazlarda da buça çalışdığını vurğulayıb. Öztürk bildirib ki, Anadolu Agentliyinin Bakı da daxil olmaqla, dünyanın 85 ölkəsində ofisləri, əməkdaşları  və  ümumilikdə 2500 nəfərə yaxın işçisi var. Hazırda Anadolu Agentliyinin büdcəsi 50 milyon dollar təşkil edir.

"Biz Orta şərq və Balkanlar bölgəsində çox güclüyük. Bu il də Qafqazlar bölgəsində çox yaxşı atılamlar etdik. Məsələn, Ukrayna böhranında ən çox fotoşəkili istifadə edilən agentlik biz olduq. Bizim ən əhəmiyyətli fərqimiz bu bəhs etdiyim bölgələrdə bir nömrəli agentliyi olmağımızdır. Bu bölgələrdə bizdən daha yaxşı xəbər yığa bilməzlər. Balkanlarda boşnakça xəbər yayırıq, yaxında albanca da yayacağıq. Bu bölgədə ən yaxşı agentlik olduğumuz üçün digərləri bizim arxamızdan gəlir. Orta şərqdə ortaya ən çox ərəbcə xəbər çıxaran agentlik bizik. Ərəblərdən daha çox ərəbcə xəbər istehsal edirik. Bu baxımdan digər agentliklərə qarşı fərq yaradırıq".

Dünyanın yeni mediaya doğru irəlilədiyini qeyd edən AA rəhbəri jurnalistlərin diqqətini buna yönəldib. Bunu nəzərə alaraq AA-nın Xəbər Akademiyası yaratdığını deyən Kamal Öztürk “dünya mediası başqa bir səmtə gedir, artıq yeni bir multimedia qəzetçiliyi doğulur və kadrlarımızı buna hazırlamalıyıq. Bu günün jurnalisti təkcə xəbər yaza bilməli deyil, həm də şəkil və video çəkməyi bacarmalı, bunları hazırlayıb yaya bilməlidir” söyləyib.

“Yeni medianın nəticələrini uzağı 20 ilə tam görəcəyik” deyə AA rəhbəri yazılı mətbuatın tədricən sıradan çıxa biləcəyini istisna etməyib.

“Artıq belə nəticələr var. ABŞ, Britaniya kimi ölkələrdə bir sıra nüfuzlu mətbuat orqanları yeni medianın gündəmə gəlməsindən sonra rəqabətə tab gətirməyərərk, fəaliyyətini dayandırıb. 20 ildən sonra qəzetlər tam sıradan çıxa bilər.  İndi media aləmində yeni bir məslək doğulur və bu yeni bir insan tipi yetişdirilməsini zəruri edir. Hazırda biz bu konsepsiya üzərində işləyirik və böyük media quruluşları ilə rəqabət aparırırq.  Doğrudur, dünyanın öndə gedən və büdcəsi bir neçə milyard dollar olan agentliklərlə rəqabət aparmaq çətindir. Amma bizim cəmi 50 milyon büdcəmizin olmasına baxmayaraq, bu rəqabəti aparırıq və uğurlu olacağına da inanırıq”.

Azərbaycan mediasını mütəmadi izlədiyini deyən Kamal Öztürk AA-nın AzərTAc-la əmədaşlığını da xatırladıb. O, AA Xəbər Akademiyasında təhsilin azərbaycanlı jurnalistlər üçün böyük bir fürsət olduğunu vurğulayıb.

Kamal Öztürk Qafqaz bölgəsində inkişaf edən Azərbaycanın mediasının da həm texnologiya, həm də məzmun baxımından buna uyğunlaşmalı olduğunu vurğulayıb.
Ancaq o, Azərbaycan mediasının bir çox çatışmazlıqlarının olduğunu qeyd edib. AA rəhbəri xəbər saytlarımızın və qəzetlərimizin xüsusilə texnoloji baxımdan zəif olduğunu, qəzetlərimizin dizaynının müasir tələblərdən çox-çox geri qaldığını bildirib.

“Medianızda dedi-qodular da çox yazılır, bir çox hallarda yoxlanılmamış, təsdiqlənməmiş  xəbərlər tirajlanır. Bir də görürsən bir media orqanı digərinə məxsus üstü loqolu fotonu yayıb, ya da başqasının xəbərini tirajlayıb, amma istinad yoxdur. Bu kənardan çox kobud görünür. Azərbaycan mediasında istinad etmək mədəniyyəti tam inkişaf etməyib, müəlliflik hüquqları kobud şəkildə pozulur. Eyni zamanda Azərbaycan mediası çox siyasiləşib, ya tamamən iqtidarın, ya da bütünlüklə müxalifətin mövqeyindən çıxış edir. Ya bütünlüklə hər şeyin müsbət olduğu barədə xəbərlər yayır, ya da hər şeyin mənfi olduğunu yazır”-deyə Anadolu Agentliyinin rəhbəri Azərbaycan mediasının çatışmazlıqlarını sadalayarkən vurğulayıb.

Öztürk mediada "jurnalist tənqid edər" anlayışının hakim olduğuna diqqəti çəkərək, "belə bir qayda yox əslində. Jurnalist gördüyü, duyduğu xəbəri verər. Bu, bəzən tənqidi bir xəbər də ola bilər, bəzən müsbət bir xəbər də. Jurnalist tənqid etmək məcburiyyətində deyil, jurnalist oxucularını məlumatlandırmaq məcburiyyətindədir. İfrat və təfrit anlayışları var. Ya tənqidin ən dibi, ya da tərifin ən yüksəyi. Sizin jurnalistlər ikisinə də gedib-gəlirlər. Ya ancaq tənqid edirlər, sanki heç müsbət bir şey yoxdu, ya da ancaq tərifləyirlər, sanki mənfi bir şey yox kimi. Halbuki, hər yerdən hər şeydən xəbər verilməlidir" deyib.

K.Öztürk təlimə qatılan azərbaycanlı jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

AA Xəbər Akademiyasının koordinatoru Hayri Çetinkuş isə azərbaycanlı jurnalistlərə elektron və masaüstü yayınçılıq işinin incəliklərindən danışıb.
Hayri Çetinkuş AA Xəbər Akademiyası vasitəsilə öz müxbirlərini özünün yetişdirdiyini deyib. Onun sözlərinə görə, Akademiyada savaş müxbirləri də daxil olmaqla, müxtəlif sahələr üzrə bir neçə dil bilən müxbirlər yetişdirilir.

Anadolu agentliyinin sistem müdiri İrfan Keskin isə azərbaycanlı jurnalistlərə yeniləşən və inkişaf edən texnolojilər barədə danışıb. Onun sözlərinə görə, Anadolu agentliyi inkişaf edən texnolojilərlə ayaqlaşmaq istiqamətində ciddi işlər görür.

Qeyd edək ki, 23-27 iyun aralığında davam edən təlimlərdə AzərTAc, “Trend”, APA, “Olaylar” agentliklərinin, Modern.az, Mediaforum.az, Qhtxeber.az, İslamaz.info saytlarının, “Gündəlik Teleqraf”, “Kaspi”, Şərq” qəzetlərinin, “Səs” TV, APA TV və digər KİV-lərdən 20-dək media nümayəndəsi iştirak edir.









A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı